Prezident İlham Əliyevin yeni islahatlar kursu özəl
sektorun sürətli inkişafına töhfə verir
“Sahibkarlar
Günü”nə həsr olunmuş konfrans keçirilib
Mayın
25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat
Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının dəstəyi,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı ilə
keçirilmiş konfransda aidiyyəti dövlət
qurumlarının, sahibkarların ictimai birliklərinin
nümayəndələri, eləcə də müxtəlif
sahələrdə fəaliyyət göstərən
sahibkarlar iştirak edib.
Əvvəlcə tədbir
iştirakçıları Fəxri xiyabanda ümummilli lider
Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini
ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı
da ziyarət edilib, abidəsi önünə çiçək
dəstələri düzülüb. Konfrans
iştirakçıları həmçinin Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş
qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib,
“Əbədi məşəl” kompleksinə əklil qoyublar.
Bakı Biznes Mərkəzinin foyesində
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı
siyasəti və Sənaye şöbələrinin,
Sahibkarlığa Kömək Milli Fondunun, AZPROMO-nun, Azərbaycan
İnvestisiya Şirkətinin, sənaye parklarının və
məhəllələrinin, Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyinin, “Təmiz
Şəhər” ASC-nin, Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan
Banklar Assosiasiyasının sahibkarlığın
inkişafı və dəstəklənməsi sahəsində
gördüyü işlərə dair stendlər
quraşdırılıb, maarifləndirici materiallar yerləşdirilib.
Müvafiq qurumların nümayəndələri
təmsil etdikləri sahələr üzrə konfrans
iştirakçılarına ətraflı məlumat verib,
KİV nümayəndələrinin suallarını
cavablandırıblar.
Tədbirdə çıxış
edən iqtisadiyyat naziri Şahin Mustafayev ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli
inkişaf strategiyasının Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində
digər sahələrdə olduğu kimi, özəl sektorda
da sürətli inkişafa nail olunduğunu, bu istiqamətdə
bir çox sistemli və ardıcıl tədbirlərin,
kompleks islahatların həyata keçirildiyini
vurğulayıb. Qeyd edilib ki, Azərbaycan
Respublikası Prezidentinin sərəncamına uyğun olaraq
üçüncü ildir keçirilən Sahibkarlar
Günü də sahibkarlara göstərilən
qayğının bariz nümunəsidir.
Şahin Mustafayev vurğulayıb ki,
aprelin 11-də keçirilmiş prezident seçkiləri
xalqımızın son 15 il ərzində ölkəmizdə
görülmüş genişmiqyaslı işləri yüksək
qiymətləndirdiyini və Azərbaycanda sabitliyi, əmin-amanlığı,
iqtisadi inkişafı təmin edən siyasəti dəstəklədiyini
bir daha təsdiq edir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin
prioritet istiqaməti kimi ölkəmizdə əlverişli
biznes və investisiya mühiti yaradılıb. “Ölkəmizin gələcək inkişafı
sahibkarlığın inkişafından asılıdır”
strateji xəttinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi,
şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi
mexanizmlərinin genişləndirilməsi, sahibkarların
hüquqlarının və qanuni mənafelərinin
etibarlı müdafiəsi təmin edilir. İqtisadiyyatın
aparıcı qüvvəsi olan sahibkarlığın
inkişafının dəstəklənməsi dövlət
başçısının daim diqqətindədir və bu
istiqamətdə yeni iqtisadi islahatlar paketi
reallaşdırılır. Belə ki, sahibkarlıq sahəsində
aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb,
lisenziya tələb olunan fəaliyyət növlərinin və
icazələrin sayı əhəmiyyətli dərəcədə
azaldılıb, prosedurlar sadələşdirilib və
lisenziyaların elektron qaydada verilməsi üçün
“Lisenziyalar və icazələr” portalı istifadəyə
verilib, investisiyaların və ixracın təşviqi mexanizmləri
tətbiq olunur, yerli istehsalın dəstəklənməsi
üçün kompleks və ardıcıl tədbirlər həyata
keçirilir, dövlət satınalmalarında yerli istehsala
üstünlük verilir. Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyi
yaradılıb, vergi və gömrük prosedurları sadələşdirilib.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı
3,2 dəfə, sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə
artıb, özəl bölmənin payı artaraq ÜDM-də
84%-i, məşğulluqda isə 75%-i ötüb, 90 mindən
çox müəssisə yaradılıb.
Görülmüş tədbirlər
beynəlxalq hesabatlarda da öz müsbət əksini
tapır. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik
Hesabatlarında Azərbaycan 2005-ci ildən 2017-ci ilədək
olan dövrdə 69-cu yerdən 35-ci yerə yüksəlib və
2009-cu ildən indiyə kimi MDB-də liderliyini qoruyub
saxlayır. “Doing Business 2018” hesabatında Azərbaycan
ötən illə müqayisədə 8 pillə irəliləyib
və 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb,
Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox
islahat aparan 3 ölkədən biridir.
İqtisadiyyat naziri qeyd edib ki,
qeyri-neft sektorunda istehsal və ixrac potensialının
artırılması məqsədilə Sumqayıt Kimya,
Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye
parkları, Mingəçevir, Pirallahı və Milli Elmlər
Akademiyasının yüksək texnologiya parkları,
Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin
yaradılması istiqamətində əhəmiyyətli
işlər görülüb, tikintisi tamamlanmış sənaye
zonalarında müasir standartlara uyğun müəssisələr
fəaliyyətə başlayıb. 2,5
milyard manatlıq investisiya qoyuluşunu nəzərdə tutan
271 layihə üçün İnvestisiya Təşviqi Sənədi
verilib. Artıq bu layihələrin 130-u üzrə
müəssisələr fəaliyyətə başlayıb.
Hazırda 30 rayon üzrə 191,8 min hektar ərazidə
45 aqroparkın yaradılması təşviq olunur. Xaçmaz, Şəmkir və Cəlilabad aqroparklarında
1-ci mərhələ üzrə işlər başa
çatıb. 2018-ci ildə 15
aqroparkın istifadəyə verilməsi gözlənilir.
İndiyədək 35 mindən
çox sahibkara 2,2 milyard manatadək
güzəştli kredit verilib. 2018-ci ildə isə
qaytarılmış kreditlər hesabına sahibkarlara minimum
170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə
tutulur.
Ölkəmizin xarici iqtisadi əlaqələrinin
genişləndirilməsində ixrac təşviqi mexanizmləri
xüsusi əhəmiyyət kəsb edir və indiyədək
xarici ölkələrə 13 ixrac missiyası təşkil
olunub, sahibkarlara 4,6 milyon manat ixrac təşviqi ödənilib,
ölkəmiz 11 beynəlxalq sərgidə “Made in Azerbaijan”
vahid ölkə stendi ilə təmsil olunub. Sahibkarlardan
bazar araşdırmalarının aparılması
üçün 50-yə yaxın sifariş daxil olub və
artıq 12 bazar araşdırması aparılıb. Belarusda Azərbaycan Ticarət Evi artıq 1 ildən
çoxdur ki, sahibkarların istifadəsindədir. Latviya və Ukraynada da Azərbaycan ticarət evlərinin
yaradılması işləri yekunlaşmaq üzrədir.
Çin, Rusiya, BƏƏ və Polşada Azərbaycanın
ticarət nümayəndələri təyin edilib. Dövlət-özəl əməkdaşlığının
genişləndirilməsi üçün 15
istehsalçılar və ixracatçılar assosiasiyası,
İxracatçılar Klubu yaradılıb. Yerli
istehsalının potensialının yüksəldilməsi və
ixracın dəstəklənməsi tədbirləri nəticəsində
qeyri-neft ixracı 2017-ci ildə 24,4%,
2018-ci ilin I rübündə isə 35%-ə yaxın
artıb. Eyni zamanda Azərbaycanın tranzit
potensialının yüksəldilməsi məqsədilə
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı kompleksi istifadəyə verilib ki, bu da
sahibkarlar üçün geniş imkanlar açır, özəl
bölmənin fəaliyyətini stimullaşdırır.
İqtisadiyyat naziri sahibkarlara göstərdiyi böyük diqqət
və qayğıya, yaradılan əlverişli şəraitə
görə dövlət başçısına bir daha minnətdarlığını
bildirib, iş adamlarını Sahibkarlar Günü münasibətilə
təbrik edib.
Sonra sahibkarlığın
inkişafına həsr olunmuş “Dayanıqlı inkişaf. Güclü
sahibkarlıq” filmi nümayiş olunub.
Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri, akademik
Ziyad Səmədzadə dövlət
başçısının rəhbərliyi ilə son dövrlərdə
ölkəmizdə sahibkarlıq sahəsində həyata
keçirilən effektli islahatlar və qəbul edilən
qanunvericilik aktlarının sahibkarlığın
inkişafında önəmli rolunu diqqətə
çatdırıb, özəl bölmənin və biznes
mühitinin daha da yaxşılaşdırılması sahəsində
həyata keçirilən tədbirlər barədə fikirlərini
bölüşüb.
Sahibkarlarla bağlı xüsusi
günün qeyd edilməsinin ölkədə biznes mühitinə,
özəl sektora verilən böyük önəmin göstəricisi
olduğunu bildirən vergilər naziri Mikayıl Cabbarov vergi
sistemində aparılan dəyişikliklərin başlıca
prinsipləri, vergi ödəyiciləri ilə münasibətdə
şəffaflığın təmin olunması, onların
qarşılaşdığı məsələlərin həll
olunması istiqamətində görülən işlər
barədə danışıb.
Kənd təsərrüfatı
naziri İnam Kərimov çıxışında kənd təsərrüfatının
inkişafı sahəsində həyata keçirilən tədbirlərdən,
aqrar sahəin inkişafında sahibkarlığın rolundan bəhs
edib, Azərbaycan dövlətinin daim sahibkarlara dəstəyini
davam etdirdiyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin
sədri Səfər Mehdiyev tədbirdəki
çıxışında dövlət başçısının
rəhbərliyi ilə gömrük sahəsində həyata
keçirilən islahatlar, həyata keçirilən tədbirlərin
iqtisadiyyatın və ticarətin inkişafındakı rolu,
gömrük orqanlarının modernləşdirilməsi,
gömrük işinin daha səmərəli təşkili
istiqamətində həyata keçirilən innovativ tədbirlər
barədə məlumat verib.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar
Möhbalıyev bildirib ki, dövlət
başçısı tərəfindən Sahibkarlar
Gününün qeyd edilməsi ilə bağlı Sərəncamı
özəl bölməyə ölkə iqtisadiyyatında əsas
prioritet istiqamətlərdən biri kimi böyük önəm
verildiyinin daha bir nümunəsidir. Səttar
Möhbalıyev sahibkarlıq subyektlərində
işçilər üçün əlverişli və təhlükəsiz
əmək şəraitinin yaradılmasının əhəmiyyətini,
sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin
həllində mühüm rol oynadığını
vurğulayıb.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, dövlət başçısının özəl bölmənin inkişafına göstərdiyi dəstək sahibkarların daha yaxşı işləməsində, ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun artırılmasında önəmlidir. Azərbaycanın biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahat aparan ölkələrdən olduğunu diqqətə çatdıran Məmməd Musayev qüdrətli və müasir Azərbaycanın davamlı inkişafı üçün sahibkarların da çox işlər görməli olduğunu qeyd edib və bu sahədə konfederasiyasının görəcəyi işlər barədə məlumat verib.
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlara göstərilən dəstəyin ünvanlılığının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə yaradılmış agentliyin fəaliyyətinin təşkili istiqamətində tədbirlər görüldüyünü, qurumun KOS-lara dəstək tədbirləri barədə danışıb, göstərilən xidmətlərin bir məkanda - Kiçik və Orta Sahibkarlıq Evində birləşdiriləcəyini qeyd edib.
Sonra Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı oxunub.
Konfransda çıxış edən sahibkarlar son dövrlərdə həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, fəaliyyətlərinə verilən yüksək qiymət üçün dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Bəhmən
MİRZƏYEV
Azərbaycan.- 2018.- 26 may.- S.6.