Sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur
Azərbaycanın gələcək taleyinin müəyyənləşdiyi çətin zamanda Heydər Əliyev hakimiyyətə qayıdışı ilə böyük xilaskar missiyasını yerinə yetirdi. Bununla da xalqımızın itirilmiş inamı özünə qaytarıldı, ölkənin yeni inkişaf dövrünün əsası qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı, atəşkəsə nail olundu.
Bu dövrdə bazar iqtisadiyyatına keçidin, yeni mülkiyyətin formalaşması prosesinin diktə etdiyi ən başlıca şərt məhz özəl sektorun fəaliyyəti üçün dövlət səviyyəsində maksimum imkanların yaradılmasından, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasından ibarət idi. İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, ümumi daxili məhsul istehsalında bu təbəqənin rolunu artırmadan dinamik iqtisadi yüksəlişi təmin etmək mümkün deyil. Bu baxımdan sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının əsas qayəsini təşkil edirdi. Bazar strukturlarının özü də, institutları da Azərbaycanın özünəməxsus şəraitinə uyğunlaşdırılmalı idi.
“Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.
İstənilən iqtisadi artımın məqsədi sosial rifahın yüksəldilməsi, insanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi isə iqtisadi siyasətin əsas uğurudur. Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqeyinin güclənməsinə çalışırdı.
Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.
Belə görüşlərə nümunə kimi 2002-ci il aprelin 25-də yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Həmin görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Bu dövrdə ümummilli lider tərəfindən özəl bölmənin inkişafı məqsədilə 2002-2005-ci illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramı təsdiq olunmuşdur.
Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkə iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna önəmini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda “Sahibkarlar günü” kimi təsis edilmişdir.
Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən 15 ildə milli inkişaf prioritetlərini son dərəcə dəqiqliklə müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Aprelin 11-də keçirilmiş prezident seçkiləri bir daha təsdiqlədi ki, Azərbaycan Prezidenti xalqın böyük etimadını qazanmışdır. Azərbaycan xalqı son 15 il ərzində ölkədə görülmüş işlərə öz yüksək qiymətini vermiş, növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyevə səs verərək öz iradəsini tam şəkildə ortaya qoymuşdur. Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Ona görə də sahibkarlar öz gələcəklərinə, öz Prezidentlərinə səs verdilər.
Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə sahibkarlar üçün böyük imkanlar yaradılıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar sahibkarlığın inkişafına güclü təkan verir. Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialından daha səmərəli istifadə olunması baxımından olduqca əhəmiyyətli olmuşdur. Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində daha çox özəl sektora üstünlük verilir.
Azərbaycanda 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.
2003-2017-ci illərdə yüksək rifahın həlledici amillərindən olan məşğulluğun daim xüsusi diqqət mərkəzində saxlanılması əhalinin sahibkarlıq fəaliyyəti üçün münbit şəraiti təmin etmiş, eləcə də ölkədə 1,4 milyonu daimi olmaqla 1,9 milyon yeni iş yerlərinin açılmasına imkan vermişdir. Bu dövrdə əhalinin gəlirlərinin 8,6 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılması və bu əsasda əhalinin gəlirlərinin dəstəklənməsi tədbirlərinin ardıcıl reallaşdırılmasının əyani təsdiqidir.
Bu siyasətin tərkib hissəsi kimi həmin dövrdə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə artmış, sosial sahədə dövlətin balanslaşdırılmış iştirak səviyyəsini tənzimləmək məqsədilə sosial xərclərin optimal həddi gözlənilməklə sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində də 10,3 dəfə artım qeydə alınmışdır. Görülmüş tədbirlər nəticəsində 2003-2017-ci illərdə ölkəmizin qeyri-neft məhsulları ixracı 4,1, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artmışdır. Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4,2, hüquqi şəxslərin sayı 1,9, kiçik müəssisələrin sayı 2, fərdi sahibkarların sayı 5 dəfə artmışdır. Müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur.
Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq olunur. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 15 il ərzində artması, ölkəmizdə iş yerlərinin 75 faizinin məhz özəl sektorun payına düşməsi bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.
Azərbaycanda regionların tarazlı inkişafını təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye kompleksinin sürətli inkişafına nail olunmuşdur. Nəzərə almalıyıq ki, kənd təsərrüfatında ölkə üzrə ümumi daxili məhsulun 5,6 faizi istehsal edilir. Əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regionlardakı problemlərin aradan qaldırılmasına şərait yaratmışdır.
Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər davam edir. Bu tədbirlərdən biri də sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsidir. Ümumilikdə 2003-2017-ci illər ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 34 535 sahibkara 2,1 milyard manat güzəştli kredit verilmiş və həmin vəsait hesabına 154 minə yaxın yeni iş yeri yaradılmışdır. Güzəştli kreditlərin 71,6 faizi aqrar sektorun, 28,4 faizi digər sahələrin inkişafına yönəldilmişdir. Bu il sahibkarlara əvvəl verilmiş kreditlərin qaytarılması hesabına 170 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində aparılmış islahatların ölkə iqtisadiyyatına təsiri beynəlxalq iqtisadi forumların hesabatında da öz əksini tapmışdır. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatlarında Azərbaycan 2005-ci ildən 2017-ci ilədək 69-cu yerdən 35-ci yerə yüksəlmiş və 2009-cu ildən indiyə kimi MDB-də liderliyini qoruyub saxlamışdır. “Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci pillədə qərarlaşmış, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biri olmuşdur.
Ölkəmizdə ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində nailiyyətlər əldə edilmiş, son 15 il ərzində yoxsulluq həddinin 50 faizdən 5,4 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması nəticəsində işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar orta hesabla 5, pensiyalar 8, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artmışdır.
Ümumi daxili məhsulun 84 faizinin özəl sektorun payına düşməsi onu göstərir ki, artıq sahibkarlar iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadır. 2018-ci ilin aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur. Prezident iclasda qeyd etmişdir ki, biz sahibkarlığın inkişafı üçün də əlavə addımlar atmalı, kompleks tədbirlər görməliyik. Bu kompleks tədbirlər apardığımız siyasətin tərkib hissəsidir.
Bu ilin 3 ayının yekunlarına əsasən, Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmış, qeyri-neft sənayesi 10, kənd təsərrüfatı 4,2, xarici ticarət dövriyyəsi 31, ümumi ixrac 24, qeyri-neft ixracı 37 faiz artmışdır. Dayanıqlı iqtisadi inkişafa nail olan Azərbaycanın qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində əldə etdiyi bu artım biz sahibkarlara biznes fəaliyyətimizi daha da genişləndirməyə əlavə stimul yaradır.
2018-ci ilin birinci rübünün yekunlarına əsasən deyə bilərik ki, respublikamızda bütün sahələri əhatə edən inkişaf, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlar üçün uğurlu il olacaqdır.
Son dövrlər ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir.
Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. Sahibkarlıq subyektlərində yoxlamaların 2021-ci ilədək dayandırılması öz müsbət nəticələrini vermişdir. Müqayisə üçün qeyd edək ki, yoxlamaların sayı onun dayandırılmasından əvvəlki 2 il ərzində 120 mindən çox idisə, yoxlamaların dayandırıldığı növbəti 2 il ərzində cəmi 183 yoxlama keçirilmişdir.
Eyni zamanda, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılmış, lisenziyalar müddətsiz müəyyən edilmiş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılmış, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılmışdır. Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə bütünlükdə 330 icazə tələb olunurdusa, “Lisenziyalar və icazələr haqqında” qanunun qüvvəyə minməsi ilə bütün icazələr vahid sənəddə göstərilir, onların sayı 86-ya, lisenziyalar 59-dan 37-yə endirilmişdir.
Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin baş xəttini təşkil edir. Hazırda islahatların texnologiyası da təkmilləşir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə bunu bir daha təsdiq edir.
Bu gün ölkə əhalisi arasında, xüsusilə də sahibkarlar tərəfindən daha çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələridir. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı 3 dəfədən çox artım deməkdir.
Qəbul edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin qarşısında duran vəzifələrdən biri də kiçik və orta sahibkarlığın inkişafı məsələsidir. Əldə edilmiş uğurların davamlığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.
Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 28 dekabr 2017-ci il tarixli fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin qarşısında qoyulan əsas vəzifə ölkədə kiçik və orta sahibkarların iqtisadiyyatda rolunun və əhəmiyyətinin artırılması, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, bu sahə üzrə dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar, konfranslar keçirir və sahibkarların hüquq, vəzifələrinin qorunması istiqamətində mütəmadi iş aparılır.
Son illər respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları, iri infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaratmışdır. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın “yuxarı orta gəlirli” ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.
Ölkədə həyata keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında ilk növbədə, hüquqi və fiziki şəxslərin qismində sahibkarların fəal iştirakına geniş meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlər şəklində verilən maddi dəstəyin ilbəil artırılması və çoxsaylı digər tədbirlər Prezident İlham Əliyevin bu sahəyə diqqətini təsdiqləyən faktların yalnız bir hissəsidir.
Sahibkarlarımız yaradılmış bu imkanları düzgün dəyərləndirməli və iqtisadiyyatın şaxələndirilməsi üçün bütün qüvvələrini səfərbər etməlidirlər. Sahibkarlarımız öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri yetişdirməlidirlər.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.
Azərbaycan hökuməti, Həmkarlar Konfederasiyası və Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabər-hüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır. Bu ilin fevral ayında Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2018-2019-cu illər ücün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır.
Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir. Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.
Konfederasiya ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Təşkilatımız Azərbaycan iqtisadiyyatının inkşafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində genişmiqyaslı işlər aparır. Biz Sahibkarlar Konfederasiyası olaraq dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək bilik və bacarığımızı xalqımızın rifah halının daha da yüksəlməsi üçün öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətinin artması məqsədilə bütün qüvvəmizi səfərbər edəcəyik.
Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar
(işəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Azərbaycan.- 2018.- 26 may.- S.1; 7.