Milli Onkologiya Mərkəzi ilə Liverpul və Vyana Tibb universitetləri arasında əməkdaşlıq
memorandumu imzalanıb
Mayın 25-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə Böyük Britaniyanın “Liverpool University Hospital”, “University College Hospital”, Avstriyanın Vyana Tibb Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi olub. Memorandum imzalanmamışdan əvvəl əcnəbi qonaqlar Mərkəzin Nüvə Təbabəti Mərkəzi, Radionuklid Diaqnostika və Şüa Terapiyası şöbələrində olub, diaqnostika aparatları, müayinə üsulları, müalicə proseslərinin gedişi ilə yaxından tanış olublar.
AZƏRTAC xəbər verir ki, memorandum Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, “Liverpool University Hospital”ın icraçı direktorunun birinci müavini, professor Sobhan Vinjamuri və Avstriyanın Vyana Tibb Universitetinin Onkoloji elmi araşdırmalar laboratoriyasının rəsmi nümayəndələri, professorlar Markus Mitterhauser və Volfqanq Vadsak arasında imzalanıb.
Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev ölkəmizdə onkologiya sahəsində əldə olunan uğurlar, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlər barədə məlumat verib, mərkəzin kliniki fəaliyyəti, elmi araşdırmalar, diaqnostika və müalicələrdə tətbiq edilən ən müasir elmi yeniliklər barədə danışıb. O, onkoloji müalicə müəssisəsində xəstələrə göstərilən tibbi yardımın səviyyəsinin ildən-ilə yüksəldiyini bildirib, tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsi, müasir texnologiyaların daha qısa müddətdə ölkəmizə gətirilməsi və onun tətbiqi barədə məlumat verib, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılacağına və son nəticədə xəstələrə göstərilən onkoloji yardımın səviyyəsində irəliləyişə nail olunacağına inamını ifadə edib.
Qonaqlar Milli Onkologiya Mərkəzinin ayrı-ayrı şöbələrində aparılan elmi tədqiqatları təhlil edərək görülən işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, ölkəmizdəki onkoloji müalicə müəssisəsinin dünyanın ən aparıcı klinikalarından biri kimi qəbul olunaraq onunla əməkdaşlıq edilməsi təqdirəlayiq hadisədir və bu, yeni perspektivlər vəd edir.
“Liverpool University Hospital”ın icraçı direktorunun birinci müavini, Britaniya Nüvə Təbabəti Assosiasiyasının sədri, professor Sobhan Vinjamuri deyib: “Bu Mərkəzdə hər şey çox yüksək səviyyədədir. Ən müasir tibbi avadanlıqla təchiz olunan Mərkəz çox yüksək infrastruktura malikdir. Bu gün burada gördüklərimiz bizə ən yüksək dünya standartlarının nədən ibarət olduğunu nümayiş etdirdi. Doğrudan da çox müasir tələblərə cavab verən klinika yaratmağa nail olmusunuz. Biz dünyada bu sahədə ən müasir tələblərə cavab verən mərkəzləri seçib onlarla əməkdaşlıq edirik. Ümid edirəm ki, bizim elmi və təcrübi sahədə, eləcə də insan resursları ilə əlaqədar əməkdaşlığımız çox faydalı olacaq”.
İmzalama mərasimi başa çatdıqdan sonra qonaqlar Mərkəzin muzeyi ilə tanış olublar.
Qeyd edək ki, mayın 26-da Azərbaycan Nüvə Təbabəti Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan 2-ci simpoziumu keçiriləcək və həmin tədbirdə qonaqlar da iştirak edəcəklər.
Azərbaycan.- 2018.- 26 may.- S.8.