ADA
Universiteti innovativ və qlobal dünyagörüşünə
malik kadrlar hazırlayır
Prezident İlham Əliyev universitetdə
keçirilən məzun günündə iştirak edib
Mayın 26-da ADA Universitetində məzun
günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə
iştirak ediblər.
ADA Universitetinin rektoru, xarici işlər
nazirinin müavini, səfir Hafiz Paşayev dövlətimizin
başçısına bu təhsil ocağının fəaliyyətinin
genişləndirilməsi layihəsi ilə bağlı məlumat
verdi.
Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət
göstərən ingilisdilli dövlət ali təhsil müəssisəsi
olan ADA Universiteti müasir təhsil standartlarını əsas
tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir,
innovativ və qlobal dünyagörüşünə malik
kadrlar hazırlayır.
ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə daha bir tədris ilinin uğurla başa
çatdığını deyərək bildirdi ki, bu gün
universitetin məzunlarının nailiyyətləri, vətənpərvərlik
ruhu təntənə ilə qeyd edilir.
Məzun günü təhsil müəssisəsinin
professor-müəllim heyətinin səhnəyə
çıxması ilə başladı.
ADA Universitetində tələbə,
müəllim və işçi heyətini 46 müxtəlif
ölkədən olan insanların təşkil etməsi
burada beynəlmiləl mühitin yaradılmasına
böyük töhfə verir. Tələbələr bu təhsil
ocağında müasir tələbə şəhərciyi
mühitindən, fəal və maraqlı tələbə həyatından,
yüksək akademik göstəricilərlə oxuyan tələbələrə
təhsil haqqında güzəştlərdən və dünyanın
60 aparıcı universiteti ilə təhsil mübadiləsi
imkanlarından yararlanırlar.
Sonra universitetdə təhsil alan əcnəbi
tələbələr öz dövlət bayraqlarını gətirdilər.
Burada 41 ölkədən 2200 tələbə
təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə
magistr pilləsindədir. Təhsil müəssisəsində
ictimai və beynəlxalq münasibətlər, biznes,
informasiya texnologiyaları və mühəndislik fakültələri
fəaliyyət göstərir. ADA-da tələbələr
bakalavr pilləsi üzrə beynəlxalq münasibətlər,
dövlət və ictimai münasibətlər, hüquqşünaslıq,
biznesin idarə edilməsi, iqtisadiyyat, kompüter mühəndisliyi,
kompüter elmləri, informasiya texnologiyaları, magistr pilləsi
üzrə isə diplomatiya və beynəlxalq münasibətlər,
dövlət idarəetməsi, biznesin idarə olunması,
MBA, təhsil menecmenti ixtisasları üzrə təhsil
alırlar.
Daha sonra fəxri qarovul dəstəsi
Azərbaycan bayrağını gətirdi.
Dövlət himni səsləndirildi.
Azərbaycan Prezidenti İlham Əliyev
məzun günündə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Əziz dostlar, bu gün ADA
Universitetində məzun günüdür. Bu münasibətlə
bütün məzunları ürəkdən təbrik edirəm,
onlara gələcək fəaliyyətlərində uğurlar
arzulayıram.
Məzunlar üçün yeni
dövr başlayır. Mən əminəm ki, universitetdə
aldıqları biliklər onlara həyatda layiqli yer tutmaq
üçün kömək edəcəkdir. ADA Universiteti Azərbaycanın
aparıcı ali məktəblərindən biridir. Bu
universitetdə təhsilin səviyyəsi çox yüksəkdir.
Universitet həm ölkəmizdə, həm xaricdə
böyük nüfuz qazanmışdır və bu gün
burada səsləndi ki, universitetdə 41 ölkədən tələbələr
oxuyur. Bu, özlüyündə bir göstəricidir. Onu
göstərir ki, doğrudan da ADA qısa müddət ərzində
çox yüksək nüfuz qazanaraq ölkəmizin
aparıcı ali məktəblərindən birinə
çevrilmişdir.
ADA-da təhsil alan tələbələr
əminəm ki, gələcəkdə ölkəmizin həyatında
fəal rol oynayacaqlar, ölkəmizin hərtərəfli
inkişafına öz töhfələrini verəcəklər.
Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə
Azərbaycan tələbələrinin xaricdə təhsil
almaları üçün müvafiq proqramlar qəbul edildi,
vəsait ayrıldı və bizim gənclərimiz
dünyanın aparıcı ali məktəblərinə ezam
olundular. Bu proqramların çox böyük faydası oldu,
minlərlə Azərbaycan gənci xaricdə yüksək təhsil
alaraq Vətənə qayıdıblar və bu gün ölkəmizin
inkişafında fəal rol oynayırlar. Ancaq, əlbəttə,
əsas vəzifəmiz ondan ibarət olmalıdır ki, Azərbaycanda
təhsilin səviyyəsi artsın və beynəlxalq
standartlara cavab versin. ADA Universitetinin yaradılması bu məqsədi
güdürdü. Bu gün tam əminliklə demək olar ki,
burada tələbələrə verilən biliklər, təhsil
ən yüksək standartlara uyğundur. Mən ADA-nın
bütün professor-müəllim heyətinə, universitetin rəhbərliyinə
gördükləri işlərə görə minnətdarlığımı
bildirmək və onlara gələcək fəaliyyətlərində
yeni uğurlar arzulamaq istəyirəm.
Təhsil hər bir dövlətin gələcəyidir.
Bu sözlər dəfələrlə müxtəlif
kürsülərdən səsləndirilib. Yəqin ona
görə ki, bu, həqiqətdir, bu, doğrudan da belədir.
Əgər biz inkişaf etmiş ölkələrin tarixinə
və bugünkü inkişaf dinamikasına nəzər salsaq
görərik ki, əsas hərəkətverici qüvvə təhsildir,
elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar
yox, məhz biliklər. Ona görə biz də
çalışırıq və bundan sonra da
çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi
daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən
yüksək standartlarına cavab versin. Əgər biz buna nail
ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, -
onda ölkəmizin uzunmüddətli, dayanıqlı
inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz
bilikli, peşəkar və vətənpərvər
olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin
gələcək uğurlu inkişafını şərtləndirəcəkdir.
Mən əminəm ki, bizim gənclərimiz məhz bu istiqamətdə
öz fəaliyyətlərini davam etdirəcəklər. Mən
bilirəm ki, bizim gənclərimizin mütləq əksəriyyəti
dediyim meyarlara tam uyğundur.
Ölkəmizdə
savadlılığın səviyyəsi təxminən 100
faizə yaxındır. Eyni zamanda, təhsillə bağlı
olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini
verəcək və verir. Buna müəyyən vaxt, zaman
lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm
ki, ölkəmizin uğurlu inkişafını güclü
kadr potensialı təmin edəcək. Əsas məqsəd
bundan ibarətdir və biz ADA-nın timsalında, digər
aparıcı ali məktəblərimizin timsalında bunu
görürük. Azərbaycanda təhsil ölkəmizin
dinamik inkişafı ilə addımlamalıdır. Təhsilə
göstərilən diqqət bizim büdcə xərclərimizdə
də özünü büruzə verir. Büdcə xərclərimizin
əsas hissəsi təhsillə və müdafiə
potensialımızla bağlıdır. Bu da təbiidir.
Çünki biz müharibə şəraitində
yaşayırıq və müdafiə xərcləri əlbəttə
ki, prioritet məsələ olmalıdır. Bu gün Azərbaycan
Ordusu dünya miqyasında 50 ən güclü ordu
sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi
də bu hədəfə yaxınlaşacaqdır.
Bildiyiniz kimi, ADA Azərbaycan Diplomatik
Akademiyası kimi yaradılmışdır və bunun
adında da bu, öz əksini tapır. Əlbəttə ki,
burada bundan sonra digər fənlər üzrə tədris
proqramları tərtib edildi, universitetin maddi-texniki bazası
möhkəmləndirildi. Bakının bu gözəl guşəsində
indi gözəl universitet şəhərciyi
yaradılmışdır. Buraya gələrkən mənə
yeni korpusların tikintisi ilə bağlı məlumat verildi.
Mən çox şadam ki, şəhərimizdə belə
müasir təhsil şəhərciyi vardır. Mən
ADA-nın gələcək genişləndirmə
proqramını da bəyənirəm. Azərbaycan dövləti,
əlbəttə, bu məsələlərin həllinə
diqqət yetirəcək və lazımi vəsait də
ayrılacaq ki, bu işlər davam etdirilsin.
Ancaq nəzərə alsaq ki, ADA
universitetinin əsas məqsədi xarici siyasətlə
bağlı kadrlar hazırlamaqdır, mən xarici siyasətimizlə
bağlı bir neçə fikrimi bildirmək istəyirəm.
Azərbaycanın xarici siyasəti prinsipial siyasətdir və
müstəqil siyasətdir. Hesab edirəm ki, buna görə
biz beynəlxalq aləmdə böyük nüfuza malikik və
bu gün Azərbaycan dünya miqyasında çox etibarlı
tərəfdaş, ləyaqətli dövlət kimi
tanınır. Bizimlə hesablaşırlar, bizimlə əməkdaşlıq
etmək istəyən ölkələrin saylı getdikcə
artır və bütün beynəlxalq arenalarda Azərbaycan
öz milli maraqlarını müdafiə edir. Xarici siyasətimiz
daxili siyasətimizin davamıdır və ölkəmizin beynəlxalq
nüfuzunun artırılmasına və iqtisadi
maraqlarımızın təmin edilməsi istiqamətinə
hesablanan xarici siyasətdir.
Müstəqil siyasət aparmaq
xüsusilə bizim bölgəmizdə və indiki şəraitdə
o qədər də asan məsələ deyil. Ancaq bizim
mövqeyimiz həmişə ondan ibarət olub ki, biz müstəqil
siyasətimizlə xalqımızın maraqlarını təmin
etməliyik. Azərbaycan xalqının maraqları bizim
üçün hər şeydən üstündür. Məhz
buna görə hesab edirəm ki, biz böyük hörmətə
nail ola bildik və bunun əyani təzahürü BMT Təhlükəsizlik
Şurasına seçilməyimizdir. 155 ölkə Azərbaycana
etimad göstərib bizi dünyanın ən mötəbər
qurumu olan Təhlükəsizlik Şurasına üzv
seçmişdir. Bu, bizim beynəlxalq nüfuzumuzun bariz
nümunəsidir. O gündən artıq bir neçə il
keçibdir. Mən tam əminəm ki, bu gün Azərbaycan
beynəlxalq müstəvidə daha da möhkəm dayaqlara və
hörmətə layiq bir ölkədir.
Xarici siyasətimizin əsas məsələsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllidir. Biz prinsipial mövqeyimizdən
bir addım geri dönmürük və dönməyəcəyik.
Dağlıq Qarabağ Azərbaycanın əzəli
torpağıdır, bizim tarixi torpağımızdır. Beynəlxalq
hüququn normaları da bu ərazini Azərbaycanın
ayrılmaz hissəsi kimi təsdiqləyir və bu məsələ
ilə bağlı mötəbər beynəlxalq təşkilatların
bir çox qərar və qətnamələri vardır.
Onların arasında BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi və digər mötəbər
beynəlxalq təşkilatların qərar və qətnamələri
bizim mövqeyimizi daha da gücləndirir və münaqişənin
həlli üçün hüquqi əsaslar yaradır. Son
vaxtlar Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament
Assambleyası, ECO və digər təşkilatlar tərəfindən
məsələ ilə bağlı qərarlar qəbul edilib.
Bu məsələ ancaq və ancaq ölkəmizin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Azərbaycanın beynəlxalq
birlik tərəfindən tanınan ərazi
bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir,
BMT Təhlükəsizlik Şurasının qətnamələri
qeyd-şərtsiz və dərhal icra olunmalıdır.
Biz bu məsələ ilə
bağlı bundan sonra da prinsipial siyasət aparacağıq.
Ancaq bunu da yaxşı bilirik ki, bugünkü dünyada beynəlxalq
hüquq heç də hər zaman işləmir. Son vaxtlar
ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz
real dünyada yaşayırıq və əlbəttə ki,
öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə
uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə,
biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu
quruculuğu sahəsində və digər sahələrdə
öz gücümüzü artıraraq münaqişənin
həllini yaxınlaşdırmalıyıq.
Bu gün dünyada güc amili ön
plana çıxır. Biz bunu demək olar ki, hər gün
görürük. Əlbəttə, biz bu istiqamətdə
öz addımlarımızı atmışıq və
atacağıq. Son illər ərzində ordu quruculuğuna
ayırdığımız diqqət və qoyduğumuz vəsait
bir daha göstərir ki, biz düzgün yoldayıq və bu
yolu davam etdirəcəyik.
Azərbaycan regional əməkdaşlıq
formatında çox fəal çalışır. Biz
regional əməkdaşlıq formatlarının
yaradılmasına çalışmışıq və demək
olar ki, buna nail ola bilmişik. Bizim təşəbbüsümüzlə
hazırda bölgədə dörd üç və dördtərəfli
regional əməkdaşlıq formatı mövcuddur. Biz bu əməkdaşlıq
formatlarının təşəbbüskarı olmuşuq.
Onların çox praktiki mənası var. Bu əməkdaşlıq
bu formatlarda iştirak edən bütün ölkələr
üçün faydalıdır. Biz bu işi davam etdirəcəyik.
Biz bu bölgədə yaşayırıq və əlbəttə,
bölgədə sülhün, sabitliyin təmin edilməsi, o
cümlədən beynəlxalq əməkdaşlıqdan
asılıdır. İşğalçı Ermənistandan
başqa bizim heç bir ölkə ilə heç bir
problemimiz yoxdur. Əksinə, bizim bütün ölkələrlə
əlaqələrimiz inkişaf edir. Bu əlaqələr bərabərhüquqlu
əlaqələrdir, qarşılıqlı hörmət,
bir-birinin işinə qarışmamaq əsasında
formalaşan əlaqələrdir. Biz heç bir ölkənin
daxili işinə heç vaxt qarışmamışıq və
qarışmırıq. Əlbəttə ki, eyni
yanaşmanı bütün ölkələrdən gözləyirik
və bunu təmin edirik. Ona görə regional çərçivədə
əməkdaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin
üzərində qurulubdur. Biz bu ikitərəfli əlaqələri
çoxtərəfli əlaqələrə çevirə
bilmişik.
Bu gün bizim təşəbbüsümüzlə
həyata keçirilən nəhəng enerji və nəqliyyat
layihələrinin uğurla icra edilməsi, o cümlədən
regional vəziyyətdən də asılıdır. Biz bu vəziyyəti
özümüz dəyişdiririk, müsbətə doğru
dəyişdiririk. Bizim xarici siyasət konsepsiyamızda
qarşılıqlı faydalı əməkdaşlıq
xüsusi yer tutur. Biz hesab edirik ki, qonşu ölkələr,
dost ölkələr bir-birinə kömək etməlidir,
bir-birinin problemlərini qəbul etməlidir və birgə səylərlə
problemlərin həlli işində
çalışmalıdırlar.
Biz çox uğurlu enerji
diplomatiyası aparırıq. Bizim nəhəng enerji layihələrimiz,
o cümlədən böyük dərəcədə
diplomatik səylər nəticəsində mümkün
olmuşdur. Əlbəttə ki, burada bir neçə amil
öz rolunu oynayır - həm iqtisadi baxımdan Azərbaycanda
mövcud olan gözəl investisiya iqlimi, sabitlik, əmin-amanlıq,
beynəlxalq əməkdaşlıq və həm də bizim
diplomatik səylərimiz. Çünki biz enerji layihələrimizi
ancaq qonşu və dost ölkələrlə birlikdə icra
edə bilərik. Bizim açıq dənizlərə
çıxışımız yoxdur. Ona görə istənilən
enerji layihəsi beynəlxalq əməkdaşlıq tələb
edir. Ona görə enerji diplomatiyamız da çox uğurlu
olmuşdur və bu gün bunu bütün dünya etiraf edir.
Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən
tərtib etmişik. Bir neçə gündən sonra rəsmi
açılışı olacaq Cənub Qaz Dəhlizi bizim
tarixi nailiyyətimizdir, tarixi qələbəmizdir.
Biz nəqliyyat diplomatiyasını
uğurla icra edirik. Demək olar ki, enerji dəhlizlərinin
marşrutu ilə inkişaf edən nəqliyyat marşrutları,
o cümlədən çox ciddi diplomatik səylər nəticəsində
mümkün olub. Biz Avrasiyanın nəqliyyat xəritəsini
də yenidən tərtib etmişik və bu işlərdə
uğurlar qazanmışıq. Deyə bilərəm ki, enerji,
nəqliyyat diplomatiyası ilə bağlı bizim
bütün təşəbbüslərimiz, bütün
addımlarımız uğurlu olub və həm bizə, həm
bizimlə bərabər işləyən ölkələrə
böyük dividendlər gətirir və bizi bundan sonra da hələ
böyük mənfəət gözləyir. Bu gün icra
edilən layihələr ölkəmizin qüdrətini
uzunmüddətli formatda təmin edəcək, ölkəmizin
dayanıqlı inkişafını təmin edəcək. Əlbəttə,
bax, bu layihələrin icrasında diplomatik səylər
böyük rol oynayır.
Əlbəttə, biz təbii
resurslarımızdan səmərəli şəkildə
istifadə edərək ölkəmizi inkişaf etdirdik,
gücləndirdik. Bu gün Azərbaycan dünya miqyasında ən
sabit ölkələrdən biridir. Azərbaycanda böyük
quruculuq işləri aparılır. Mən bilirəm ki, ADA
Universitetində biznes fənlərə, iqtisadi fənlərə
böyük diqqət göstərilir. Hesab edirəm ki, biz bu
sahədə də çox təsirli nailiyyətlərə
imza atdıq. Bu gün Azərbaycan iqtisadiyyatı tam daxili
resurslar üzərində qurulmuş iqtisadiyyatdır,
heç bir xarici maliyyə institutundan, yaxud da ki, xarici ölkədən
asılı olmayan iqtisadiyyatdır. Bizim xarici dövlət
borcumuz ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil
edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə
böyükdür. Biz istənilən vaxtda bütün
borcları ödəyə bilərik.
Biz gözəl sərmayə iqlimi
yaradaraq ölkəmizə son 15 il ərzində 230 milyard
dollar sərmayə cəlb edə bilmişik. Yoxsulluqla,
işsizliklə bağlı atılan addımlar dünya
birliyi tərəfindən yüksək qiymətləndirilir.
Biz gənc müstəqil dövlətik. Ancaq biz rəqabətqabiliyyətliliyinə
görə dünya miqyasında 35-ci yerdəyik. Biz dünya
miqyasında inklüziv inkişaf indeksinə görə
inkişafda olan ölkələr arasında üçüncü
yerdəyik. Yəni, bütün bu rəqəmlər dediyim
sözlərin əyani təsdiqidir.
Əminəm ki, bu gün ölkə
qarşısında duran vəzifələr uğurla icra ediləcək.
Çünki bizim güclü iqtisadi potensialımız,
çox müsbət beynəlxalq nüfuzumuz var. Çox
dinamik cəmiyyətimiz, fəal gənclərimiz, çox
bilikli vətəndaşlarımız və güclü siyasi
iradəmiz var. Əsas vəzifə ondan ibarətdir ki, ölkəmizin
uzunmüddətli dayanıqlı inkişafı təmin
edilsin. Bu isə bax, bu gün burada əyləşən və
bizim başqa ali məktəblərdə bu gün eyni tədbiri
keçirən gənclərdən asılıdır. Bir daha
demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir.
Gələcəkdə ölkəmizin taleyi, müstəqilliyi,
xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona
görə gənclər daim Vətən sevgisi ilə
yaşamalıdırlar, peşəkar, bilikli, Vətənə
bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz
bu yüksək meyarlara daim cavab verəcəklər.
Əziz gənclər, mən bir daha
sizi məzun günü münasibətilə təbrik etmək
istəyirəm. Demək istəyirəm ki, sizin
qarşınızda bütün imkanlar mövcuddur. Siz gözəl,
qüdrətli ölkədə yaşayırsınız. Siz
gözəl təhsil almısınız. Siz xarici dillər
bilirsiniz. Əminəm ki, siz tam yetişmiş peşəkarlar
kimi istənilən sahədə işləyə bilərsiniz.
Mən sizə ancaq və ancaq uğurlar arzulamaq istəyirəm.
Arzulamaq istəyirəm ki, siz bu gözəl şansı əldən
verməyəsiniz, həyatda layiqli yer tutasınız və
ölkəmizin inkişafına öz dəyərli töhfənizi
verəsiniz. Bir daha təbrik edirəm və uğurlar
arzulayıram. Sağ olun.
***
Onu da deyək ki, Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi münasibətilə təhsil
ocağında builki məzun gününün mövzusu “100
ilin təfəkkürü, maarifi və dəyərləri”dir.
Tədbirdə ADA məzunlarına həsr
olunan videoçarx nümayiş olundu.
***
Sonra universitetin məzunu, biznes
fakültəsinin iqtisadiyyat üzrə bakalavrı Azər Əliyev
çıxış etdi. O, bu tədbirdə bütün məzunlar
adından çıxış etməkdən şərəf
hissi keçirdiyini dedi. Qeyd etdi ki, onun və digər məzunların
ADA Universitetində keçirdiyi tələbəlik illəri
çox maraqlı, sevincli və həyəcanlı olub.
“Mən 4 il əvvəl həyatımın
ən önəmli qərarını verməklə təhsil
almaq üçün ADA Universitetini seçdim”, - deyən Azər
Əliyev bu təhsil ocağında oxuduğu dövrdə
innovativ və akademik mühitin şahidi olduğunu bildirdi. O,
bütün məzunlar adından ADA Universitetinin rəhbərliyinə,
professor-müəllim heyətinə minnətdarlığını
bildirərək dedi:
-Həyatımızın bu çətin
mərhələsində bizə dəstək olan insanlara
hamımız minnətdar olmalıyıq. Burada
çıxış etməyimin əsas səbəblərindən
biri odur ki, universitetimizin professor-müəllim heyətinə
minnətdarlıq edim. Əziz professorlar, mən məzunlar
adından sizə bizə təhsil vermək üçün
göstərdiyiniz səylərə görə minnətdarlığımı
bildirirəm. Sizin bilik və təşəbbüsləriniz
sayəsində mənim və bir çox digərlərinin
öz ixtisaslarına maraqlarını
artırıbsınız.
Tələbəlik illəri, təhsil-tədris
və imtahan proseslərindən xoş təəssüratlarla
danışan Azər Əliyev qeyd etdi ki, ADA-da vətənpərvər,
bilikli və peşəkar kadr kimi yetişmək
üçün hərtərəfli şərait var. O dedi:
- Sonda bildirmək istəyirəm ki,
ADA Universiteti həyatımızın ən yüksək zirvəsinə
çatmaq üçün bizə möhkəm əsas verib.
İndi sabahın qlobal liderlərinə çevrilmək
üçün bizim böyük potensialımız var. Bizdə,
həmçinin məsuliyyətli vətəndaş olmaq
üçün güclü bir hiss formalaşıb.
***
Daha sonra ADA-nın tədris işləri
üzrə prorektoru Vəfa Kazdal çıxış edərək
dedi:
-Cənab Prezident, bu gün bizimlə
ən sevincli günümüzü bölüşməyiniz,
əslində, bir daha onun sübutudur ki, Siz daim bizə öz
dəstəyinizi, qayğınızı və
etimadınızı göstərmisiniz. Əslində, ADA
Universiteti məhz bu dəstəyə və bu qayğıya
arxalanaraq təhsil sahəsində bir neçə mühüm
islahatlara imza atıb və imza atmaqda davam edəcək. Mən
hər birimizin adından bizə göstərilən bu etimada,
qayğıya və dəstəyə görə Sizə dərin
minnətdarlığımı bildirmək istərdim.
Vəfa Kazdal ADA Universitetinin və tələbələrin
uğurlarından danışdı, ADA-da təhsil
aldıqları vaxtda tələbələrin fikirlərini
bölüşərək bildirdi:
-ADA tələbələri, bizim
uğurumuz sizsiniz, sizə inamımız sonsuzdur. Biz çox
sevinirik ki, siz ADA Universitetinin əsas missiyasını
anlayır, ona dəyər verirsiniz. Mən hətta deyərdim
ki, siz onu artıq təmsil etməyə
başlamısınız.
Universitetimizin müəllim və tələbələrini
bütöv edən məhz ADA-nın missiyası və dəyərləridir.
Çünki bütün bunları tələbələrə
öz nümunələrində aşılayan bizim müəllimlərimizdir.
ADA Universitetinin çox gözəl bir ənənəsi var.
Hər il may ayının əvvəlində bizdə sosial məsuliyyət
və vətəndaşlıq günü keçirilir. Burada
tələbələr özləri sosial məsuliyyət
layihələri hazırlayır və həyata keçirir.
Sosial məsuliyyət günündə o layihələrdən
3 ən əhəmiyyətlisi qalib elan olunur və mükafatlandırılır.
Bu il çox maraqlı bir istiqamət var idi. Tələbələrin
təqdim etdikləri layihələrin əksəriyyəti
onların universitetdə öyrəndiklərini orta məktəblərdə
bölüşməklə bağlı idi.
ADA-nın missiyası beynəlxalq səviyyəli
universitet olmaqla, milli ruhlu, savadlı və səriştəli,
bəşəri vətəndaşlar yetişdirməkdir.
Akademik mükəmməllik, cavabdehlik, şərəf, şəffaflıq,
müxtəliflik, əməkdaşlıq, ünsiyyət və
sosial məsuliyyət ADA Universitetinin missiyasının müəyyən
olunmuş çox mühüm dəyərləridir.
Ümumilikdə, bu fəlsəfə və dəyərlərimiz
irsimizin, milli mənlik şüurumuzun və müasirliyimizin
vəhdətini özündə əks etdirir. Bizim tələbələrimiz
ADA-nın missiya və dəyərlərini, həmçinin
pedaqoji fəlsəfəsini orta məktəblərdə
yayırdılar. Bu, ilk növbədə, bizim alim və
müəllimlərimizin öz işlərinə vəzifə
kimi deyil, bir sənət kimi yanaşmalarının nəticəsidir.
Bu, bir pedaqoq kimi tələbəyə inanaraq, onun təşəbbüs
və yaradıcılığını önə çəkərək
həvəsləndirilməsinin nəticəsidir.
Bizim ADA-nın alim və müəllimləri
Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə,
Türkiyə, İtaliya kimi ölkələrin qabaqcıl təhsil
ocaqlarında bilik və təcrübə əldə etdilər.
Lakin onlar bu gün burada, Azərbaycanda öz gənclərimizlə
o təcrübəni bölüşürlər. Onların tədqiqat
işləri bu gün dünya miqyaslı jurnallarda nəşr
olunur. Bizim müəllim və alimlərimiz Sabir, Zərdabi,
Mirzə Cəlil kimi maarifpərvər təfəkkürlü
və dəyərlərə sadiq tələbələrimizə
nümunədirlər.
Müəllim heyətimizin bir hissəsi
də əcnəbi professorlardır. Gənclərimizin
savadlı, cəmiyyətə faydalı vətəndaş
kimi yetişməsində onların da xüsusi rolu var. Onlar
bizim universitetə xüsusi bir ruh qatırlar. Biz qürurla deyə
bilərik ki, bu gün ADA-nın müəllim və alim heyəti
ölkəmizdə prioritet olan müasir düşüncəli
və bacarıqlı insan kapitalı yetişdirir.
Xalqımızın böyük oğlu Heydər Əliyev
deyirdi: “Mən dünyada müəllimdən yüksək ad
tanımıram”. Əziz tələbələrim, mən bilirəm
və bir neçə dəfə də şahidi olmuşam
ki, siz gözəl keçən dərsi
alqışlamısınız. Amma mən istərdim ki, siz
son dəfə öz müəllimlərinizi bir daha səmimi
qəlbdən alqışlayasınız.
ADA-nın tədris işləri
üzrə prorektoru gənclərin savadlı və cəmiyyətə
faydalı yetişməsi üçün ADA-nın müəllim
və professor heyətinin əməyini vurğulayaraq,
onların müasir düşüncəli insan kapitalı yetişdirdiklərini
bildirdi.
***
ADA Universitetinin rektoru, xarici işlər
nazirinin müavini Hafiz Paşayev məzun günündə dərin
məzmunlu çıxışına görə Prezident
İlham Əliyevə təşəkkürünü
bildirdi. Bunun hər bir məzunun həyatında unudulmaz xatirə
kimi qalacağına əminliyini ifadə etdi. Dövlətimizin
başçısının 2012-ci ildə ilk dəfə
ADA-ya gəldiyini və burada yeni kampusun
açılışında iştirak etdiyini, təhsil
ocağının fəaliyyət istiqamətlərinin
genişləndirilməsi ilə bağlı tövsiyələrini
verdiyini bildirən rektor dedi:
- Həmin gün Prezidentimiz cəmi
bir ixtisas üzrə 14 məzunu təbrik etmişdi. Bu gün
isə o, təbrik sözlərini 11 ixtisas üzrə bitirən
530 məzuna ünvanladı. O zamanla müqayisədə tələbələrimizin
sayını 115-dən 2200-ə
çatdırmışıq. Bunların arasında 380 tələbə
qaçqın və məcburi köçkün ailələrindəndir,
500 tələbəmiz isə Azərbaycanın müxtəlif
bölgələrindən gəlmiş gənclərdir. Biz əsl
beynəlmiləl ali məktəb yarada bilmişik –
dünyanın 41 ölkəsinin nümayəndəsi burada təhsil
alır. Mübadilə proqramı ilə tələbələrimiz
ADA-nın 60-dan çox xarici tərəfdaş universitetlərinə
gedə bilirlər. Biz fəxr edirik ki, dövlətimizin
başçısının etimadını
doğrultmaqdayıq.
ADA Universitetinin tələbə və
məzunlarının məşğulluq göstəricisi 90
faizdən çoxdur. Xüsusilə qeyd etmək istərdim
ki, bu gün informasiya texnologiyaları və mühəndislik
fakültələrini bitirən ilk məzunlar Azərkosmos,
ASAN İnnovasiyalar Mərkəzi, Azercell və digər
dövlət və özəl qurumlarda artıq öz biliklərini
tətbiq edirlər. Bu statistikadan kənar qalanlar isə
ölkəmizdə və dünyanın mötəbər
universitetlərində ali təhsillərini davam etdirəcəklər.
Rektor Hafiz Paşayev əmin
olduğunu bildirdi ki, universitetin məzunları bilik və
bacarıqlarını Vətən uğrunda şərəf
və ləyaqətlə tətbiq edəcək, Azərbaycanın
ərazi bütövlüyü naminə dövlətimizin
başçısının apardığı qətiyyətli
siyasətə güc qatacaqlar.
Təhsil müəssisəsinin
infrastrukturunun genişləndiyini, yeni akademik proqramların
üzərində iş getdiyini, növbəti tədris ilindən
hüquqşünaslıq üzrə bakalavr təhsilinə
başlanılacağını deyən Hafiz Paşayev son illərdə
universitetdəki elmi mərkəzlərin sayının
artdığını, Xəzər Enerji və Ətraf
Mühit Mərkəzi ilə yanaşı, Data Təhlilinin Tədqiqat
Mərkəzinin, Avropa İttifaqı üzrə Bilik Mərkəzinin,
ADA İnnovasiya və Start-up Mərkəzinin tələbələrə
ölkədə strateji sahələri daha yaxından öyrənməyə
imkan yaratdığını bildirdi. Bu il universiteti bakalavr
pilləsinin dörd ixtisası, magistr pilləsinin isə bir
ixtisası üzrə məzunların bitirdiyini diqqətə
çatdırdı. Tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illik yubileyi ərəfəsində
keçirildiyini və “100 ilin təfəkkürü, maarifi və
dəyərləri” mövzusuna həsr olunduğunu deyən
rektor ötən əsrin əvvəlində Azərbaycan
mütəfəkkirlərinin və maarifçilərinin azad
demokratik dövlət qurmaq yolunda səylər göstərdiyini
bildirdi, milli kadrların hazırlanması üçün
1919-cu ildə ilk universitetin təsis edildiyini, 100-ə
yaxın tələbənin ali təhsil almaq üçün
Avropa və Rusiya universitetlərinə göndərildiyini
vurğuladı. “1991-ci ildə müstəqilliyini bərpa edən
Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi təkcə
onun rəmzlərini qəbul etmədi, həm də bu müstəqilliyi
daimi edəcək dövlət quruculuğu siyasətini
yürütməyə başladı”, - deyən Hafiz
Paşayev müstəqil ölkəmizin inkişafında ulu
öndər Heydər Əliyevin xidmətlərini vurğulayaraq
bildirdi:
-Azərbaycanın ictimai-siyasi və
iqtisadi intibahının memarı Heydər Əliyev elm və
təhsilin inkişafı üçün hələ sovet Azərbaycanına
rəhbərlik etdiyi dövrdə ciddi addımlar
atmışdı. O zaman ölkədə beş yeni ali təhsil
müəssisəsi açıldı, ali məktəblərdə
təhsil alanların sayı 70 mindən 100 minə qədər
artdı. Respublikaya rəhbərlik etdiyi illərdə Heydər
Əliyevin himayəsi ilə dünyanın qabaqcıl məktəblərində
minlərlə kadr yetişdi.
Bu gün Heydər Əliyev siyasətinin
davamçısı Prezident İlham Əliyev də təhsilin
müasirləşməsinə və inkişafına
böyük diqqət yetirir. Onun təşəbbüsü ilə
xüsusi Dövlət Proqramı həyata keçirilib.
2007-2015-ci illərdə minlərlə gənc Dövlət
Neft Fondu hesabına xaricdə təhsil alıb. Bu proqramın
məzunlarından bəziləri ADA Universitetində akademik fəaliyyətə
cəlb edilərək müəllim kimi
çalışırlar.
Məhz bu Dövlət Proqramı
hesabına ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə
birgə təklif etdiyi biznesin idarə edilməsi
ixtisasında tələbələrimiz hər iki universitetin
beynəlxalq akkreditə olunmuş diplomunu almaqdadırlar.
Cənab Prezident, 2006-cı ildə Azərbaycan
Diplomatik Akademiyasını yaradarkən Siz yeni təhsil
ocağında təkcə humanitar elmləri deyil, digər
istiqamətləri, xüsusilə də dəqiq elmləri
inkişaf etdirməyi bizə
tapşırmışdınız. Buna cavab olaraq, ilk addım
2013-cü ildə informasiya texnologiyaları və mühəndislik
fakültəsinin yaradılması oldu.
Universitetin rektoru Hafiz Paşayev onu da
qeyd etdi ki, hər bir ali məktəbin müvəffəqiyyəti
onun müəllimlərinin keyfiyyətindən
asılıdır. Bu isə “Xaricdə təhsil” Dövlət
Proqramını yeni formada bərpa etmək zərurətini
ortaya qoyur. Belə ki, istedadlı gənclərin
dünyanın ən aparıcı universitetlərində
magistr və doktorantura pillələrində təhsil alıb
alim və müəllim kimi Vətənə dönmələri
ölkə universitetlərinin uğurlu gələcəyini təmin
edə bilər.
Daha sonra rektor valideynlərə
müraciət edərək dedi:
Bilirəm ki, tələbələrimizin
bugünkü uğurlarının arxasında həm də
valideynlərin dəstəyi, yuxusuz gecələri, imtahan nəticələrini
övladları ilə birgə gözləmək həyəcanı
dururdu. Prezident İlham Əliyev bu gün burada yalnız
mötəbər qonaq qismində iştirak etmir. O, Mehriban
xanımla birlikdə həm də bir valideyn kimi buradadır.
İcazə verin, Heydərin bugünkü akademik zirvəsi
münasibətilə Sizi, cənab Prezident, Mehriban
xanımı və bütün ailənizi universitetimiz
adından təbrik edim.
Valideynlərin sevincinə şərik
oluruq. Sizi təbrik edərək, eyni zamanda, sizə təşəkkürümü
bildirmək istəyirəm ki, bizə inanıb,
övladlarınızı universitetimizə etibar etmisiniz. Əminəm
ki, əziz valideynlər, övladlarınız sizin və bizim
ümidlərimizi həyat boyunca həmişə
doğruldacaqlar. Valideynlərin sevincindən heç də az
olmayan sevinc hisslərini müəllimlərimiz də
keçirir.
Əziz müəllimlər, günbəgün
sinif otaqlarına girib bilik və təcrübənizi tələbələrlə
bölüşdüyünüzə, fədakar əməyinizə
görə sizə xüsusi təşəkkürümü
bildirmək istəyirəm.
Cənab Prezident, ADA Universitetinə
yarandığı gündən göstərdiyiniz etimada, Azərbaycanın
istedadlı gənclərinə Vətəni tərk etmədən
müasir ali təhsil almağa imkan verən məktəb
qurmaqda bizə dəstək olduğunuza görə Sizə
minnətdarıq. Diqqətinizə görə sağ olun.
İndi isə məzun
günümüzün ən həyəcanlı hissəsinə
keçirik - diplomların təqdim olunmasına. Bu mərasimi
başlamaq üçün mən səhnəyə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevi dəvət
edirəm.
***
Sonra diplomların təqdim edilməsi
mərasimi başladı.
Prezident İlham Əliyev məzunların
bir qrupuna diplomları təqdim etdi.
Qeyd edək ki, bu tədris ilində
ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun
adını qazanıb. Bu il ilk məzunlarını buraxan
ixtisaslar isə bakalavr pilləsi üzrə dövlət və
ictimai münasibətlər, iqtisadiyyat, informasiya
texnologiyaları və sistem mühəndisliyi, kompüter
elmləri, magistr pilləsində isə təhsil üzrə
menecment fakültələridir.
Fəaliyyət göstərdiyi illər
ərzində ADA Universiteti yüksək səviyyədə təhsil
verməklə yanaşı, tələbələr
arasında sıx münasibətlərin qurulması, müəllim-tələbə
münasibətləri, ölkənin ictimai-siyasi həyatında
yaxından iştirak etmək baxımından da nümunəvi
fəaliyyəti ilə seçilir. Bu təhsil
ocağının məzunları yüksək ixtisaslı
peşəkarlar kimi yetişməklə yanaşı,
çalışdıqları sahələrdə əsl vətənpərvər
şəxsiyyət kimi ölkəmizin ümumi
inkişafına təkan verir, Azərbaycanın tərəqqisinin
davamlılığını təmin etmək
üçün əllərindən gələni edirlər.
Universitetin məzunları hökumət və ictimai
qurumlarda, biznes və konsaltinq xidmətlərində, maliyyə
və bank, neft və qaz, QHT sektorlarında və istehsal sənayesi
sahələrində çalışırlar.
Azərbaycan.-
2018.- 27 may.- S.1-3.