Azərbaycan və Fransa XİN
rəhbərlərinin görüşündə
Dağlıq Qarabağ münaqişəsi müzakirə
olunub
Azərbaycan Respublikasının
xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə
rəsmi səfərdə olan Fransa Respublikasının xarici
işlər naziri Jan-Iv Lö Drianın
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Xarici İşlər Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə olmasından məmnunluğunu
bildirən fransalı nazir Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən qəbul
olunduğunu və görüş zamanı çox
faydalı müzakirələrin aparıldığını
qeyd etdi. Fransa xarici işlər naziri 1918-ci il mayın 28-də
bəyan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi ilə əlaqədar Azərbaycan hökumətinə
və xalqına təbriklərini çatdırdı.
Azərbaycan və Fransa arasında
ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu
bildirən tərəflər əlaqələrin daha da dərinləşdirilməsində
yüksəksəviyyəli səfər mübadiləsinin əhəmiyyətini
vurğuladılar. Nazirlər iki ölkə arasında əməkdaşlıq
əlaqələrinin daha da inkişafında parlamentlərarası
dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdilər.
Nazirlər iki ölkə arasında
iqtisadi əməkdaşlığın inkişafı
üçün geniş potensialın mövcud olduğunu
bildirərək, Azərbaycan və Fransanın işgüzar
dairələri arasında qarşılıqlı şəkildə
sərmayə qoyuluşunun təşviqinin və bu istiqamətdə
fəaliyyət göstərən müvafiq qurumlar arasında
əməkdaşlığın genişləndirilməsinin
vacibliyini vurğuladılar. Həmçinin tərəflər
Azərbaycanın xüsusi imtiyazlı rejim əsasında fəaliyyət
göstərən sənaye parklarında və sənaye məhəllələrində
Fransa şirkətlərinin iştirakının və birgə
istehsalat müəssisələrinin yaradılmasının zəruriliyini
qeyd etdilər.
Nazir Elmar Məmmədyarov ölkəmizin
təşəbbüsü və iştirakı ilə həyata
keçirilən mühüm enerji, nəqliyyat və
infrastruktur layihələri haqqında danışaraq,
sözügedən layihələrin reallaşmasının
regionda sabitliyə və inkişafa xidmət etdiyini dedi. O, bu
layihələrin region ölkələri ilə Avropa
İttifaqı arasında ticarət dövriyyəsinin və
insanlar arasında təmasların artmasına xidmət edəcəyinə
əminliyini bildirdi.
Tərəflər Azərbaycan və
Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinə
toxundular və Fransanın Azərbaycanın Avropa
İttifaqı ilə əlaqələrinin inkişafına
göstərdiyi dəstək yüksək qiymətləndirildi.
Nazir Elmar Məmmədyarov bu il
mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri
ilə görüşdüyünü qeyd edərək,
münaqişənin həllində irəliləyişə
nail olmaq üçün Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən hərbi işğal faktına son
qoyulmalı olduğunu diqqətə çatdırdı.
Bildirdi ki, BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinin tələblərinə
uyğun olaraq Ermənistan qoşunlarını işğal
olunmuş ərazilərdən tam, qeyd-şərtsiz və dərhal
çıxarmalı və məcburi köçkünlərin
öz doğma torpaqlarına geri qayıtması təmin edilməlidir.
Elmar Məmmədyarov bir daha vurğuladı ki, güc tətbiq
edərək dövlətlərin beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin dəyişdirilməsi
cəhdləri qəbuledilməzdir.
Azərbaycanın işğal
olunmuş ərazilərində Ermənistan tərəfindən
həyata keçirilən qeyri-qanuni əməllərə və
qondarma rejimin nümayəndələrinin Avropa İttifaqı
ölkələrinin ərazilərinə daxil olması məsələsinə
toxunan Elmar Məmmədyarov münaqişənin
danışıqlar yolu ilə həlli prosesinin tərkib hissəsi
kimi bu kimi qanunsuz əməllərin qarşısının
alınmasının vacibliyini diqqətə çəkdi.
Görüş zamanı, həmçinin
elm, təhsil, kənd təsərrüfatı, turizm və digər
sahələrdə əməkdaşlıq məsələləri
də müzakirə edildi. Azərbaycanda fransız dilinin tədrisi
və təşviqi istiqamətində görülən tədbirlər
təqdir olundu.
Sonra nazirlər birgə mətbuat
konfransı keçirdilər.
Azərbaycan.-
2018.- 30 may.- S.10.