UFAZ-da
Fransanın Avropa və Xarici
İşlər Nazirliyi fondunun
arxiv sərgisinin açılış mərasimi
keçirilib
Mayın 27-də Azərbaycan-Fransız
Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və
Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin
açılış mərasimi keçirilib.
Tədbirdə Fransanın Avropa və
xarici işlər naziri Jan-İv Lö Drian, Azərbaycanın
təhsil naziri Ceyhun Bayramov, Strasburq və “Ren 1” universitetlərinin
rektorları, Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti
Jan-Iv Lö Gol, “Airbus DS France”nın prezidenti Nikola Şamussi və
“Azerkosmos”un prezidenti Rəşad Nəbiyev iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinə həsr
edilmiş arxiv sərgisinin stendləri ilə tanış
olublar.
Sonra nazirlər Fransanın “Thales”,
Azərbaycanın “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti,
Almaniyanın “Schneider Electric” şirkətləri ilə UFAZ
arasında əməkdaşlıq memorandumunun imzalanması mərasiminə
qatılıblar.
Mərasimdə
çıxış edən təhsil naziri Ceyhun Bayramov Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil
edilən sərginin tarixi əhəmiyyətindən
danışıb.
Azərbaycan və Fransa prezidentlərinin
birgə təşəbbüsü ilə gerçəkləşdirilən
UFAZ layihəsinin iki ölkə arasında əlaqələrin
hərtərəfli inkişafında yeni bir mərhələ
olduğunu bildirən nazir qeyd edib ki, layihənin uğurla
davam etdirilməsi təhsil sahəsində nadir əməkdaşlığın
nəticəsidir.
UFAZ tələbələrinin
akademik sahədə mübadiləsinin və gələcək
fəaliyyətinin ölkələrimiz arasındakı
münasibətləri daha da dərinləşdirəcəyinə
inandığını bildirən nazir universitetin qısa
zamanda mükəmməl nailiyyətlərə imza
atdığını diqqətə çatdırıb.
Fransanın Avropa və xarici
işlər naziri Jan-İv Lö Drian 28 May - Respublika
Günü münasibətilə fikirlərini
bölüşüb, Azərbaycan xalqına sülh və əmin-amanlıq
arzulayıb.
Ölkələrimiz arasında təhsil
sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın
əhəmiyyətindən danışan fransalı nazir
UFAZ-ın yaradılmasından böyük məmnunluq hissi
keçirdiyini bildirib.
Sonra UFAZ-da təhsil alan tələbələrlə
görüş olub.
Azərbaycan.-
2018.- 30 may.- S.10.