Bakıda soft kompütinq üzrə yeddinci beynəlxalq konfrans keçirilir

 

Mayın 30-da Bakıda dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş soft kompütinq üzrə yeddinci beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın baş katibi, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova giriş nitqində Lütfi Zadənin elmi fəaliyyəti haqqında geniş məlumat verib. Açılış mərasimində ABŞ-ın Kaliforniya ştatından olan professor Jerry Mendel, polşalı alim Janusz Kacprzyk, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edərək Lütfi Zadənin banisi olduğu nəzəriyyələrin elmi aktuallığından, onun nəzəriyyələrinin tədqiqi, tətbiqi və iqtisadi əhəmiyyətindən danışıblar.

Konfrans iştirakçıları ölümündən sonra Lutfi Zadəyə verilən “Qızıl Qaz” (“Golden Goose”) mükafatı ilə bağlı videoçarxı izləyiblər.

Konfrans bölmələrdə öz işini davam etdirib. Bölmə iclaslarında dünyanın bir çox ölkələrindən gələn alimlər 128 elmi məruzə ilə çıxış edəcəklər.

Qeyd edək ki, soft kompütinq üzrə konfrans 2011-ci ildən keçirilir. Bu konfrans isə Lütfi Zadənin ölümündən sonra keçirilən ilk konfransdır.

 

 

Azərbaycan.- 2018.- 31 may.- S.7.