Tarixin ən böyük azərbaycanlısı
Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli liderin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Şagirdlərin təşkil və idarə etdiyi konfransda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi. Əsas məqsədi orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaq olan bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Paytaxt rayonları üzrə qalib çıxmış şagirdlərdən - Pirallahı rayonundan Qorxmaz Məmmədzadə, Qaradağ rayonundan Şəbnəm Feyzili, Suraxanı rayonundan Vəsilə Mahmudova, Səbail rayonundan Zəhraxanım Məmmədova, Nizami rayonundan Ayla Atakişiyeva, Nəsimi rayonundan Səba Ağayeva, Xətai rayonundan Aygün Hüseynova, Binəqədi rayonundan Hasil Qubatov, Sabunçu rayonundan Səma Əliyeva, Xəzər rayonundan Gülşən Yusibzadə, Nərimanov rayonundan Abdulsübhan Nəcəfli, Yasamal rayonundan Yunis Quliyev və başqaları hazırladıqları referatları təqdim ediblər.
Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev rayonlarda keçirilən tarix üzrə konfranslar, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verərək bildiriblər ki, ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındakı rolu əvəzolunmazdır. Ulu öndər Heydər Əliyev daima tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə çox yüksək diqqət yetirmişdir. İllər keçdikcə ümummilli liderin böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir. Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrilmişdir.
Konfransda qeyd olunub ki, Bakı şəhər məktəblərində keçirilən konfranslarda Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan, 1116 nəfər şagirdin hazırladığı monoqrafiyaların 60-dan çoxu komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir. Bu tədbirin ənənəvi olaraq keçirilməsi qərara alınmışdır.
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2019.- 7 may.- S.8.