İlham
Əliyevin mükəmməl “multikulturalizm və
tolerantlıq modeli”
Azərbaycanın
bu sahədəki təcrübəsi qlobal miqyasda təkmil
nümunə kimi qəbul edilir
Son illər Azərbaycanda həyata
keçirilən sosial-iqtisadi islahatlar, dövlət
başçısı cənab İlham Əliyevin rəhbərliyi
altında həm regionda, həm də beynəlxalq miqyasda əldə
etdiyimiz uğurlar hər sahəyə olduğu kimi,
ictimai-siyasi və sosial həyatla birbaşa əlaqəsi olan
din sahəsinə də müsbət təsirini göstərməkdədir.
Bu gün hər bir Azərbaycan
vətəndaşı Konstitusiyanın, "Dini etiqad
azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan istifadə
edərək etiqad azadlığını tam yaşaya bilir.
Ölkədə fəaliyyət
göstərən konfessiyalar arasında nəinki hər
hansı qarşıdurma müşahidə olunmur, əksinə,
onlar arasındakı münasibətlər artıq birgə əməkdaşlıq
mərhələsindən yeni dövrə -
qarşılıqlı yardımlaşma, empatiya mərhələsinə
keçmişdir. Biz bunu hər hansı dini konfessiyanın
ibadət evi inşa edərkən digər konfessiyaların ona
dəstək verməsində və yardım göstərməsində
əyani şəkildə görə bilərik.
Məsələn, 2003-cü
ildə Bakıda Avropa yəhudiləri üçün sinaqoq
tikilərkən ölkədəki digər dini konfessiyalar həm
mənəvi, həm də maddi dəstək göstərmişdilər. Yaxud Bakıda katolik kilsəsi
inşa edilərkən Qafqaz Müsəlmanları İdarəsi,
Dağ və Avropa yəhudiləri, eləcə də pravoslav
kilsəsi bir araya gələrək vəsait toplamış və
inşaat işinə maddi yardım etmişdilər. Əlbəttə,
belə unikal faktlar bu gün dünyanın bir çox ölkəsində
müşahidə etdiyimiz vəziyyətin - nəinki fərqli
dinlərin mənsublarının, hətta eyni dinin müxtəlif
məzhəblərinin nümayəndələrinin bir-birinə
az qala düşmən gözü ilə
baxması fonunda olduqca ürəkaçan və
qürurvericidir. Şübhəsiz, bu gün
müasir Azərbaycan ərazisində yaşayan
çoxsaylı etnik və dini qruplar arasında möhkəm
dostluq və qardaşlıq əlaqələrinin, başqa
sözlə, multikulturallığın ən ideal modelinin
formalaşmasında onların ortaq taleyə sahib olmaları da
mühüm rol oynamışdır. Tarix
boyu bu torpaqlarda məskunlaşmış müxtəlif
xalqların və etnik qrupların nümayəndələri
qüdrətli dövlətlərdən asılı vəziyyətə
düşmüş, dini-mədəni
baxışlarındakı fərqlərə baxmayaraq,
mövcud şərait onları bir-birinə daha da
yaxınlaşdırmışdır.
Sağlam genetika və
möhkəm siyasi iradə
Müasir Azərbaycanda
tolerantlıq hər ötən gün daha da möhkəmlənən,
təkcə cəmiyyətdə deyil, hər bir vətəndaşın
şüurunda, mövqeyində, münasibətində və
həyat tərzində öz əksini tapan dəyərə
çevrilmişdir. Bunun əsas səbəblərindıən
biri milliyyətindən, dinindən, dilindən, irqindən
asılı olmayaraq bütün vətəndaşların
hüquq və azadlıqlarının bərabərliyini təmin
edən milli siyasətin əsas müddəalarının Azərbaycan
Konstitusiyasında, "Dini etiqad azadlığı
haqqında” qanunda təsbit olunmasıdır.
Respublikamızda tolerantlıq, dini dözümlülük kimi
ali dəyərləri möhkəmləndirmək
məqsədilə insan hüquq və azadlıqları, o
cümlədən vicdan və dini etiqad azadlığı ilə
bağlı qanunvericilik bazası beynəlxalq hüquq
normalarına uyğunlaşdırılmışdır.
Eyni zamanda, müxtəlif etnik
qrupların öz dillərini, mədəni dəyərlərini
qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə
yerinə yetirə bilmələri üçün dövlət
tərəfindən lazımi şərait yaradılması,
milli azlıqların öz bayramlarını qeyd etməsi, hətta
həmin günlərdə dövlət
başçısından təbrik almaları, əhalinin
böyük əksəriyyətinin müsəlmanlardan ibarət
olsa da, dövlətimizin respublika ərazisində yaşayan
bütün dinlərin nümayəndələrinə diqqət
göstərməsi, onlara müsəlmanlarla bərabər
hüquqlar verməsi bugünkü mənzərənin
formalaşmasının əsas səbəblərindəndir. Bir sözlə, hər hansı xalqın tolerant
düşüncəyə sahib olması onun keçmişi
ilə nə qədər bağlıdırsa, qorunub
saxlanılması ona rəhbərlik edən şəxslərin
iradəsindən bir o qədər asılıdır. Bu mənada birmənalı şəkildə
vurğulamaq olar ki, ölkəmizdə yaşayan milli
azlıqların ədəbiyyat, mədəniyyət, dil, din,
tarix və adət-ənənələrinin qorunub
saxlanılması, inkişaf etdirilməsi işi ümummilli
liderin şəxsi iradəsi və təşəbbüsü
əsasında qanuni müstəviyə
çıxmış, dövlət siyasətinin prioritet
istiqamətinə çevrilmişdir. Ulu öndər
deyirdi: "Biz Azərbaycan deyəndə onun sərvətini,
onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın
ən başlıca sərvəti əsrlərdən bu
torpaqda yaşayan, öz taleyini, öz həyatını bu
torpağa bağlayan, müxtəlif millətlərdən
olan, müxtəlif dinlərə etiqad edən adamlardır.
Ölkə nə qədər çox xalqı
birləşdirirsə, bir o qədər də zəngin olar”.
Azərbaycançılıq:
vahid, bölünməz Azərbaycanın yeganə düsturu
Ulu öndərin
formalaşdırdığı azərbaycançılıq
ideologiyasının təməl sütunlarını da məhz
bu yanaşma tərzi təşkil edir. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev müəllifi olduğu "Milli məfkurə,
dövlətçilik, müstəqillik yolu ilə”
kitabında qeyd edir ki, "ideologiya olaraq azərbaycançılıq
mühüm funksional elementlərlə zəngindir və
bunların da mahiyyəti ölkəni mənəvi və
fiziki baxımdan zəiflətmək cəhdlərindən
qorumaqdır. Bu ideologiya inzibati-ərazi
quruluşuna görə unitar, siyasi quruluş və dövlət
idarəçiliyinə görə hüquqi və demokratik
dövlət kimi Azərbaycanın möhkəmlənməsinə
və inkişafına yönəldilmişdir. "Azərbaycançılıq”
xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real
müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı
qoruyub saxlamaq və möhkəmləndirmək
üçün vasitədir. Bu gün "azərbaycançılıq”
milli həyatın, konfessiyaların harmoniyasının
çoxəsrlik ənənəsi, ölkədə
yaşayan bütün millətlərin və etnik qrupların
qardaşlığı, qarşılıqlı əlaqəsi
və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil
Azərbaycan Respublikasının bütövlüyü
uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir.
...Azərbaycançılığın mahiyyəti müxtəlif
xalqların, mədəniyyətlərin, ənənələrin,
konfessiyaların vəhdətidir. O, ənənəvi mifləri
və rəmzləri özündə birləşdirir, lakin
bunlardan milli dövlətin simasında yeni fenomenlərin
qorunması və əsaslandırılması
üçün istifadə edir. Azərbaycançılığın
gücü ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini
həm müdafiə etməyi və həm də qoruyub
saxlamağı bacaran dövlətlə insanların fərdi
sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə
qadirdir. Şübhəsiz ki, öz birliyinə
mənsubiyyət hissi həyatın özünə də məna
və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət
və qarşılıqlı əlaqə hissini möhkəmləndirir
və beləliklə, tənhalıq və qəriblik hissini
azaldır. Bu ideologiya Azərbaycanda vahid
birlik, vahid sosium formalaşdırır”.
Azərbaycançılıq məfkurəsinin
dərk olunmasının əsasında Azərbaycan
xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri
zəminində birlik ideyasının durduğunu vurğulayan
akademik bildirir ki, bu, nəinki indi, həm də uzaq gələcəkdə
azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə
xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət
tezliklə həmin nəsillər üçün həyatı,
azadlığı dərk etməyin ayrılmaz atributlarına
çevriləcəkdir.
Ömrünün 30 ildən artıq
dövrünü doğma vətəni Azərbaycanın,
xalqının rifahı üçün fəda etmiş ulu
öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsi
ilə cəmiyyətin bütün sahələrində
olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsində,
dini-mənəvi dəyərlərinin qorunmasında, dini
tolerantlığın möhkəmləndirilməsində
müstəsna xidmətlər göstərməklə
yanaşı, bu sahədə özündən sonra
böyük siyasi və dövlətçilik təcrübəsini
miras qoymuşdur. Dini
dözümlülüyü, tolerantlığı daim dəstəkləyən
ümummilli lider gənclərimizin bu ruhda tərbiyə
olunmasının vacibliyini hər zaman vurğulayırdı.
O bilirdi ki, yeniyetmə və gənclərimizin başqa dinlərə
qarşı dözümlülük ruhunda tərbiyəsi
önəmli məsələdir. O, həm də bilirdi ki,
müasir dövrdə bu iş çox mürəkkəb və
çətindir. Ancaq ulu öndər xalqımızın bu ali keyfiyyəti heç vaxt itirməyəcəyinə
əmin idi.
Yenidən Bakı və niyə məhz Bakı?
Dahi liderin bütün sahələr
üzrə siyasətini uğurla davam etdirən Prezident
İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan
mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin
qorunması, islam dininə hörmət və ehtiramın
güclənməsi, başqa dinlərə qarşı
dözümlülüyün daha da möhkəmləndirilməsi
sahəsində xeyli iş görülmüşdür.
Dövlət başçımız islam
mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin,
məscid və ziyarətgahların, müqəddəs dini
ibadət və inanc yerlərinin təmiri və bərpası
ilə bağlı bir sıra sərəncam və fərmanlar
imzalamışdır. Dövlətin tolerantlıq prinsiplərinə
yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin
nümayəndələrinə münasibətində, bu
istiqamətdə çoxsaylı beynəlxalq konfranslar
keçirməsində, din sahəsini ehtiva edən
qanunvericilik bazasının möhkəmləndirilməsində
də açıq şəkildə görmək
mümkündür.
Bu gün öz nümunəvi
dəyərlərini bütün dünyaya təqdim edən
Azərbaycan əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik
ənənələrindən istifadə edərək
artıq dünyada ən mühüm dialoq mərkəzlərindən
birinə çevrilmişdir. Son illər həm lokal, həm də
qlobal əhəmiyyətli çoxsaylı sammitlərin,
forumların, konfrans və seminarların ölkəmizdə təşkil
olunması, həmçinin xalqımızın mədəni
dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə
qarşılıqlı əlaqəsini təbliğ edən
festival və müsabiqələrin, idman
yarışlarının məhz respublikamızda keçirilməsi
tamamilə məntiqəuyğundur. Bugünlərdə
altıncısı yekunlaşan Bakı Beynəlxalq Humanitar
Forumu bu qəbildən olan, aktual, ümumbəşəri,
humanitar məsələlərin müzakirə edildiyi
nüfuzlu tədbirlərdəndir.
2011-ci ildən keçirilən və
ənənə halı alan forum hər dəfə
100-ə yaxın ölkədən 500-dən çox
tanınmış ictimai-siyasi xadimi, görkəmli elm, mədəniyyət
və incəsənət nümayəndəsini birləşdirir,
müxtəlif ölkələrin, regionların və nəsillərin
nümayəndələrinin ünsiyyət qurmasına,
diskussiya aparmasına və ümumi nəticələrə gəlməsinə
şərait yaradır. Belə vacib tədbirə
məhz Bakının evsahibliyi etməsi forumun əhəmiyyətini
daha da artırır. Çünki
paytaxtımız müxtəlif mədəniyyətlərin, qədimliklə
müasirliyin qovuşduğu bir məkandır, Azərbaycan
torpağı bütün dövrlərdə
tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan
xalqı isə yaratmaq və birləşdirmək
bacarığı ilə tanınmışdır. Çünki bu torpaqlarda insan amili hər zaman
yüksək yerdə dayanmışdır, insana yüksək
dəyər verilmişdir. Prezident İlham
Əliyevin Azərbaycanın qarşısında duran vəzifə
neft faktorunu insan kapitalına çevirmək olduğunu dəfələrlə
söyləməsi də məhz bu xarakterik keyfiyyətimizdən
irəli gələn dərin mənalı ifadə tərzidir.
Dövlət
başçımızın bu ideyasının da təməlində
Azərbaycanın multikulturalizm modelinin mühüm bir
xüsusiyyəti dayanır və onun həyata keçirilməsində
respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun rolunu xüsusi qeyd etmək lazımdır. Heydər
Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata
keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın
multikulturalizminin üstünlüklərini dünyada əyani
şəkildə nümayiş etdirir. Fond
"Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi
çərçivəsində bugünədək Azərbaycanda
və digər ölkələrdə onlarla tədbir və
layihələr həyata keçirmişdir. Bu layihələr çərçivəsində
dini abidələrdə, ziyarətgahlarda, tikililərdə təmir-bərpa
işləri aparılır, müxtəlif konfranslar və sərgilər
təşkil edilir.
Fondun Fransanın Luvr muzeyində
İslam mədəniyyəti bölməsinin təşkilində,
Strasburq və bu ölkənin digər regionlarında kilsələrin
təmirində, eləcə də Romadakı katakombaların
bərpasında, yəhudi uşaqlar üçün təhsil
imkanlarının yaradılmasında yaxından
iştirakı, Həştərxanda Müqəddəs Knyaz
Vladimirin şərəfinə abidənin ucaldılması da
məhz ayrı-ayrı xalqların, konfessiyaların
qarşılıqlı hörmət və dostluq münasibətlərinin
genişləndirilməsinə xidmət edir.
Multikulturalizm siyasəti
üçün üç prinsip
Avropanın multikulturalizmin
iflasa uğradığını qəbul və bəyan etdiyi
- hətta bunu dövlət xadimlərinin dilindən də
eşitmişik - müasir dövrdə dövlətimizin bu
istiqamətdə nümayiş etdirdiyi nümunəvi
mövqenin xarici qonaqlar, bu sahənin ekspertləri,
araşdırmaçılar, sosioloq və politoloqlar tərəfindən
rəğbətlə qarşılanması bir daha doğru
yolda olduğumuzu sübut edir. Bu fakt həm də onu
göstərir ki, Qərb intellektualları özləri hələ
multikulturalizm anlayışını detallı şəkildə
müəyyənləşdirməmişlər. Yaxud bu terminə öz dünyagörüşləri,
siyasi baxışları, həmçinin
seçkiqabağı platformalarının
"dekorasiyası” qismində yanaşmışlar.
Halbuki Azərbaycan nümunəsi də təsdiq edir ki,
multikulturalizm siyasətinin əsasında üç əsas
prinsip dayanmalıdır:
- dövlət
bütövlükdə plüralizmi, o cümlədən mədəni
plüralizmi təmin etməlidir (bu, vətəndaş cəmiyyətinin
ən mühüm göstəricisidir);
- hətta ən
kiçik mədəni qrupların sosiallaşmasına mane
olan əngəllər aradan qaldırılmalıdır;
- müxtəlif mədəniyyətlərin
yenidən dirçəlməsi və inkişafı dəstəklənməlidir.
Bu tezislər həm də o
deməkdir ki, multikulturalizm müasir qloballaşma şəraitində
mədəni dəyərlərin demokratiyasıdır, bərabərhüquqluluğudur
və tolerantlıq onun xarakterik xüsusiyyətidir. BMT-nin baş katibi olmuş
Butros Butros-Qalinin təbirincə desək: "Biz dayanmadan
qloballaşmadan bəhs edirik. Bu, həqiqətən
də, mövcud gerçəklikdir. İqtisadiyyat,
maliyyə, kommunikasiya qloballaşır. Dünya ekologiya,
mütəşəkkil cinayətkarlıq sahələrində
qlobal miqyas alan problemlərlə üzləşir,
qlobal epidemiyalarla mübarizə aparır. Bizdə
çatışmayan demokratiyanın qloballaşması, onun
beynəlxalq münasibətlərdə genişlənməsidir.
Buna nail olmağın ən yaxşı
üsulu mədəni müxtəlifliyin dəstəklənməsidir
ki, mən bunu multikulturalizm adlandırıram”.
Ümumiyyətlə, son illər
sosial elmlər sahəsində çalışan müəlliflərin
mübahisələrinə səbəb olan elmi debatlar
arasında sivilizasiyaların insan şüurunun, cəmiyyətlərin,
eləcə də dövlətlərin inkişafında
rolunun mühümlüyü mövzusu xüsusi yer tutur. Samuel Hantinqtonun
"Sivilizasiyaların toqquşması” adlı məşhur məqaləsindən
sonra bu nəzəriyyə təkcə alimlər deyil,
nüfuzlu siyasətçilər üçün də
prioritet məsələyə çevrildi.
Faktiki olaraq son zamanlar biz
dünya ölkələrinin böyük bir qismində
islamafob faktları, dini simvollara qarşı hücumları
tez-tez müşahidə edirik. Təəssüf ki,
islamofobiya, öz növbəsində, daha bir neqativ təzahürün
- müsəlman ölkələrinin milli maraqlarına cavab
verməyən vesternfobiya hallarının da genişlənməsinə
gətirib çıxarır. Bu isə çox təhlükəli
tendensiyadır...
Özünəinamın
təcəssümü
Ölkə Prezidenti cənab İlham
Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumunun
açılış mərasimində dediyi kimi: "Humanitar
məsələlərin müzakirəsi çox önəmlidir.
Çünki biz müasir dünyada bu sahədə
həm nailiyyətləri, həm də problemləri
görürük. Azərbaycan bu sahəyə
çox böyük önəm verən ölkələrdən
biridir. Ölkəmizdə humanitar əməkdaşlığa
dair bir çox mötəbər beynəlxalq tədbirlər
keçirilmişdir. Onların arasında
BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə
qeyd etmək istərdim. Bu, çox önəmli
beynəlxalq tədbirdir. Eyni zamanda,
Bakıda dünya dinləri liderlərinin zirvə
görüşü keçirilmişdir. Dörd
dəfə Mədəniyyətlərarası Dialoq Forumu
keçirilmişdir. VI dəfə Bakı
Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir
ki, doğrudan da, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın
dərinləşməsi üçün çox önəmli
ölkəyə çevrilmişdir”.
Son illər müxtəlif
istiqamətli beynəlxalq tədbirlərin, konfransların,
idman yarışlarının niyə məhz
paytaxtımızda təşkil olunmasının səbəblərini
yuxarıda qeyd etmişdik. O səbəblərdən biri də
odur ki, Azərbaycan xalqı və dövlətimizin rəhbərliyi
özünə əmindir, hansı addımlar atmaq lazım
olduğunu çox yaxşı bilir. Bu mötəbər
tədbirin Bakıda keçirilməsi də məhz bu əminliyin
göstəricisidir.
Prezident İlham Əliyev VI Bakı
Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki
öz dərin məzmunlu çıxışı ilə
göstərdi ki, bu kimi tədbirlər həm də ölkəmizlə
bağlı həqiqətlərin, xüsusilə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin məhz Ermənistanın
nizamlama prosesinə aqressiv, destruktiv yanaşması
ucbatından 25 ildir həll edilmədiyini beynəlxalq ictimaiyyətə
bir daha bəyan etmək üçün çox yaxşı
vasitədir. Bir sözlə, bu cür tədbirlərə
evsahibliyi etməyimiz də ideoloji qələbəmizdir və
ermənilərin təcavüzkar siyasətinin ifşa
olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin
təcavüzkar ölkədən qat-qat yüksək
olduğunu nümayiş etdirməkdə böyük rol
oynayır.
Şübhəsiz ki, əvvəlki
illərdə olduğu kimi, geridə qalan VI Bakı Beynəlxalq
Humanitar Forumunda da müzakirəyə çıxarılan məsələlər
bəşəriyyətin üzləşdiyi
çağırışlara cavab verməsi baxımından
mühüm töhfələri ilə yadda qalacaqdır. Çünki
müxtəlif peşə və ixtisas sahiblərinin,
xüsusilə də mədəniyyət sahəsini təmsil
edən insanların Bakıda bir araya gələrək
mühüm məsələləri müzakirə etməsi
böyük nəticədir.
Bir sözlə, bu gün Azərbaycan
dövləti təkcə ölkədaxili problemlərlə məşğul
deyil, o, həm də xarici ölkələrdə mədəni
quruculuq işi ilə məşğul olur, yol göstərir,
müxtəlif problemlərin həlli üçün yol xəritəsi
çəkir.
Çünki genetik kodu mərhəmət,
humanizm, ədalət kimi bəşəri keyfiyyətlərlə
zəngin olan biz azərbaycanlılar hər zaman daha
hissiyyatlı, başqalarının acı talelərinə
daha həssas yanaşmışıq, bizə ikili standartlarla
yanaşan dünyaya açıq olmuşuq, ümumbəşəri
ideyaları, dəyərləri doğma şəkildə qəbul
etmişik.
Mübariz QURBANLI,
Azərbaycan Respublikasının
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan.-
2018.- 1 noyabr.- S.1; 3.