Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın
xarici işlər naziri
ilə görüşüb
Bolqarıstana səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 31-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə çatdırıb.
Bolqarıstan Prezidenti Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Görüşdə iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Hər iki tərəfin əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb. Xüsusilə energetika və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hər iki ölkə tərəfindən verilən önəm qeyd edilib.
Prezident Rumen Radev 2017-ci ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birgə bəyanatlarının davamı olaraq, Bakı-Sofiya birbaşa hava xəttinin açılmasını çox yüksək qiymətləndirib. Bu hava xəttinin açılmasının tərəflər arasında xüsusilə turizm sahəsində əlaqələrin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan
Respublikasına rəsmi səfəri zamanı 2015-ci il 4 mart tarixində
imzalanmış “Azərbaycan Respublikası ilə
Bolqarıstan Respublikası arasında Strateji
Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin
ölkələrimiz arasında münasibətlərin hərtərəfli
inkişaf etdirilməsi
baxımından əlverişli siyasi zəmin
yaratdığı ifadə olunub.
Azərbaycan.- 2018.-1 noyabr.- S.5.