Nikolas Löbel: Almaniya Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

 

Oktyabrın 31-də ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, hakim Xristian-Demokrat/Xristian-sosial İttifaqı fraksiyasının Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan-Almaniya münasibətlərinin ölkəmiz üçün xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin Azərbaycan Respublikasına səfərini xatırladan Bundestaqının deputatı Nikolas Löbel həmin səfərin iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından faydalı olduğunu bildirib.

Almaniya-Azərbaycan münasibətlərindən bəhs edən Nikolas Löbel deyib ki, Almaniya iqtisadi, enerji təhlükəsizliyi və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Biz siyasi, iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsində, eyni zamanda, cəmiyyətlər arasında münasibətlərin qurulmasında da maraqlıyıq.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Asim Mollazadə və Tahir Mirkişili iştirak ediblər.

 

Azərbaycan.- 2018.- 1 noyabr.- S.5.