BDU-da beynəlxalq seminar keçirildi
Bakı Dövlət Universitetində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər İdarəsi, BDU-nun Hüquq fakültəsi və Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti birgə tədris-seminarı keçirib.
BMT-nin nüfuzlu ekspertlərinin, Finlandiya, Belarus, Türkiyə, Ukrayna, Rusiya Federasiyası və s. ölkələr də daxil olmaqla, 25 xarici ekspertin iştirakı ilə belə bir seminarın keçirilməsində məqsəd Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan mütəxəssis və müəllimlərin peşəkar və yüksək səviyyəli antikorrupsiya tədrisinin imkanlarını gücləndirməkdən, fikir və təcrübə mübadiləsi aparmaqdan ibarət idi.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev tədris-seminarı açaraq onun əhəmiyyətindən, son vaxtlar respublikamızda bu sahədə həyata keçirilən mühüm qanunvericilik və digər islahatlardan söz açdı. Professor vurğuladı ki, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə ulu öndər Heydər Əliyevin siyasətinin əsasını təşkil etmişdir. Həmin mübarizə bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "İndiyədək istər daxili qanunvericilik sahəsində, istərsə də beynəlxalq müqavilələrin iştirakçısı olmaq nöqteyi-nəzərindən Azərbaycan tərəfindən kifayət qədər vacib əhəmiyyətli addımlar atılıb. Korrupsiyaya qarşı qanunvericilik üzrə mühüm istiqamətlər ali məktəblərdə ayrı-ayrı fənlər üzrə proqramlara daxil edilib. Bu sahədə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına başlanılıb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində dünya təcrübəsinə uyğun olaraq, "Transmilli cinayət hüququ” magistratura ixtisaslaşması yaradılmaqla, kadrların hazırlanması müvəffəqiyyətlə həyata keçirilir”.
BMT-nin Cinayətkarlığa qarşı və Cinayət Ədalət İdarəsinin əməkdaşı Siqall Horovitz bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Belə mühüm və aktual mövzunun müzakirəsi üçün BDU-nun rəhbərliyinə, o cümlədən Hüquq fakültəsinin professor-müəllim heyətinə təşəkkürünü çatdırdı. O, eyni zamanda, adı çəkilən mövzunun beynəlxalq aləmdə aktual olduğunu xüsusi vurğuladı.
Litvadan olan hüquqşünas, QHT rəhbəri Yaroslav Pavloviç məruzəsini daim informasiya texnologiyalarının tətbiqi ilə həm əyani, həm də təhlili şəkildə apardığını söyləyərək fikirlərini elektron lövhədə izah etdi. O, daim tələbələr arasında aparılan sorğuya əsaslanaraq seminar-dərslərin əyani vəsaitlərlə keçirilməsinin keyfiyyətə müsbət təsir göstərdiyini bildirdi.
Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Elnur Musayev çıxışında korrupsiya cinayətlərinə yol açan hallara qarşı mübarizə sahəsində prokurorluq orqanlarının səmərəli fəaliyyətindən, dünya dövlətləri təcrübəsinin dərindən öyrənilməsilə ölkədə keçirilən mühüm tədbirlərin əhəmiyyətindən bəhs etdi. Statistik rəqəmlərlə gələcək fəaliyyət istiqamətləri, Azərbaycanın beynəlxalq təşkilatlarda uğurlu işi ön plana çəkildi. O, Azərbaycanın beynəlxalq təşkilatlarla bu sahədəki əməkdaşlığının digər dövlətlər üçün də nümunə ola biləcəyini vurğuladı.
Ukraynadan olan ekspert Aleksandr Mesenko isə diqqəti korrupsiya cinayətkarlığına qarşı mübarizədə tədrisin əhəmiyyətinin olduğuna yönəltdi. Bildirdi ki, buna görə ali təhsil müəssisələri ilə ictimaiyyətin birgə əməkdaşlığı ciddi məsələdir. O, öz ölkəsində bu sahədən faktlar göstərməklə, tədris-seminarın əhəmiyyətinə aydınlıq gətirdi.
Tacikistandan olan nümayəndənin fikrincə, korrupsiya cinayətkarlığına qarşı mübarizədə bütün məsuliyyət heç də hüquq-mühafizə orqanlarının üzərinə düşməməlidir. Burada ictimaiyyətlə QHT-lərin birgə əməkdaşlığı sayəsində məqsədə nail olmaq mümkündür.
Milliyyətcə özbək olan hüquqşünas-ekspert çıxışına maraqlı girişlə başladı. O, Heydər Əliyevin korrupsiyaya və iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsindəki təcrübəsinin keçmiş müttəfiq respublikalarda nümunəyə çevrildiyini xatırlayaraq qeyd etdi ki, dünya arenasında bu bəladan xilas olmaq üçün belə seminar-tədris proqramlarının mühüm əhəmiyyəti var: "Yaxşı xatirimdədir, hələ sovetlər dövründə Azərbaycanın rəhbəri olarkən Heydər Əliyevin aforizmə çevrilmiş bir müdrik kəlamı vardı: "...Prokurorun oğlu niyə prokuror olmalıdır?” Bu o demək idi ki, dəbdə olan Hüquq fakültəsini bitirənlərin sırasında zəhmətkeş ailədə böyüyən gənclər daha çoxluq təşkil etməlidir. Bax, mübarizənin sivil və həm də mühüm vasitələrindən biri o zamanlar üçün sadə əmək adamının yetişdirdiyi gənclərə daha çox yer ayrılması idi. Bunun da səbəbləri vardı. Ümummilli lider Heydər Əliyev də məsələyə məhz bu aspektdən yanaşırdı”.
BDU-nun Özbəkistanın paytaxtı Daşkənddə filialının açılması ilə bağlı fikirlərini bildirən qonaq bunun hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını da bildirdi.
İki məruzə, məlumatlandırma-tədris bölməsində işini davam etdirən seminarda tanınmış beynəlxalq və yerli ekspertlərin 15-dək aktual mövzuya həsr olunan məruzələri dinlənildi və fikir mübadiləsi aparıldı.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2018.- 1 noyabr.- S.7.