Əli Həsənov: “Prezident
İlham Əliyev şair
Mikayıl Müşfiqlə bağlı məsələni
şəxsi nəzarətinə götürüb”
Azərbaycan poeziyasının
inkişafında böyük rol oynamış, Stalin repressiyasının
qurbanı olmuş və 1938-ci ildə güllələnmiş
şair Mikayıl Müşfiqin qalıqlarının
tapılması ilə bağlı son zamanlar kütləvi
informasiya vasitələrində yayılan materiallar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin diqqətini cəlb
edib.
Cənab Prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcəkdir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcəkdir.
Bu haqda AZƏRTAC-a Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.
Əli Həsənov onu da qeyd edib ki, cənab Prezident həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb. Bunun bariz nümunəsi kimi, dövlətimizin başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar. O vaxt cənab Prezident məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq vermiş, həmin göstərişin qısa zamanda icra olunmasından sonra da heykəli ziyarət etmiş və önünə gül dəstəsi qoymuşdur.
Əli Həsənov
bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar
hazırda dövlətimizin başçısının nəzarətindədir.
Əminliklə demək olar ki, məsələnin ciddi
araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlər
görüləcək və nəticə barədə
ictimaiyyətə məlumat veriləcəkdir.
Azərbaycan.-
2018.- 1 noyabr.- S.1.