Çağdaş dünya, çağdaş insan

 

Belə bir maraqlı hekayət var: ata coğrafiya ilə yenicə tanış olmağa başlamış yeddi-səkkiz yaşlı oğlundan ötrü zəka oyunu düşünür. Üzərində dünya xəritəsi əks olunmuş vərəqi hissələrə bölüb, xırda kağız tikələrini masanın üstünə səpir.

Oğluna dünyanın şəklini birləşdirməyi tapşırır. Özlüyündə fikirləşir ki, uşaq materikləri, qitələri, ölkələri bir-birinə birləşdirməkdən ötrü, yəqin, uzun zaman sərf edəcək. Amma cəmi bir neçə dəqiqədən sonra uşaq masa üzərində tam bərpa etdiyi xəritəni ona göstərir. Ata çox təəccüblənir. Oğlundan bunu necə bacardığını soruşur. Uşaq isə cavab verir ki, vərəqin arxa tərəfində insan şəkli vardı: "Mən insanı düzəltməyə başladım, dünya öz-özünə düzəldi”.

Bu didaktik hekayə dünyanın taleyində, mənəvi mənzərəsində insanın nə qədər mühüm rol oynadığını hər birimizə anladır. Ona görə də insan mövzusu hər zaman yaradıcı sənətin əsasını təşkil edib. Mütəfəkkirlər hər zaman təlqin ediblər ki, insanda hansı keyfiyyəti inkişaf etdirsən, dünyada da həmin keyfiyyət aparıcı olacaq. İnsanın dağıdıcı xislətinin gücləndirilməsi, onun vəhşi ehtirasların əsirinə çevrilməsi dünyanın təhlükələrə sürüklənməsi deməkdir. İnsanın elmdən-bilikdən, maarif işığından uzaq düşməsi dünyanın da qaranlıqlara bürünməsidir. İnsana sevgi isə dünyaya sevgidir, dünyanın insan əli ilə rövnəqləndirilməsinə xidmətdir.

Ziyalı, əxlaqlı, ədalətli insan öz varlığı ilə dünyada kiçik bir mənəviyyat çırağı yandırır. Sağlam düşüncəli, mütərəqqi təfəkkürlü kəs çevrəsində də sağlam düşüncə mühiti yaradır. Ümumən dünyamızın tərəqqisinə töhfə verir. Bir sözlə, əgər dünyanı inkişaf etdirmək istəyirsənsə, ən birinci insanın inkişafından başlamalısan.

25 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu da mövzu etibarilə məhz bu ideyaya xidmət edir: "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı”.

Son illər evsahibliyi etdiyi beynəlxalq tədbirlərlə, irəli sürülən qlobal təşəbbüslərlə, həyata keçirilən dövlət siyasətinin uğurları ilə mədəniyyətlərarası dialoq məkanına, multikulturalizm, tolerantlıq örnəyinə çevrilmiş Azərbaycan bu dəfə dünyanın tanınmış fikir adamlarını, görkəmli elm, mədəniyyət, siyasət xadimlərini belə bir mövzu ətrafında bir araya gətirdi. Bəşəriyyətə ünvanlanmış qlobal çağırışlara forumda adekvat cavablar axtarıldı.

Ümumiyyətlə, Bakı Beynəlxalq Humanitar Forumu dövlətlər arasında humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi ən geniş və nüfuzlu bir platformadır. 2010-cu ildən keçirilən forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

Bakı Beynəlxalq Humanitar Forumunda qlobal xarakterli məsələlərə dair geniş dialoqlar, fikir mübadilələri, müzakirələr aparılır. Gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasına diqqət yönəldilir. Aparılan müzakirələr zamanı əldə edilmiş ortaq qənaətlərə istinadən bəşəriyyətə, dövlətlərə müxtəlif tövsiyələr ünvanlanır. İndikindən daha gözəl, daha təhlükəsiz və inkişaf etmiş dünyanın qurulmasından ötrü yerinə yetirilməli olan vəzifələr müəyyənləşdirilir.

Belə mühüm bir tədbirin məhz Azərbaycanda keçirilməsi ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursunu əzmlə davam etdirərək ölkəmizə böyük uğurlar qazandırmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində əldə etdiyimiz tarixi nailiyyətlərdəndir.

 

"Bakı prosesi”nin uğurları

 

Bakı Beynəlxalq Humanitar Forumuna hər il böyük sayda nüfuzlu şəxslərin, Nobel mükafatı laureatı olan alimlərin, dünyanın mədəni, iqtisadi, siyasi elitası nümayəndələrinin qatılması tədbirə olan beynəlxalq marağın ildən-ilə artdığını göstərir. VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini də elə iştirakçı sayından duymaq olur. Dünyanın 80-dən çox ölkəsindən gəlmiş nümayəndələrin tərkibi dünya miqyasında ölkəmizə olan yüksək diqqət və hörmətin göstəricisidir.

Forumun açılışı mərasimindəki nitqi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dünyamızda nəzərə çarpan aktual problemlərin həlli məqsədilə ölkəmizin irəli sürdüyü silsiləvi beynəlxalq təşəbbüsləri diqqətə çatdırdı. BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, dünya dinləri liderlərinin Bakıda keçirilmiş Zirvə görüşü haqqında danışdı. Ölkəmizdə dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumunun və altı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsini Azərbaycanın beynəlxalq humanitar əməkdaşlıq məsələlərindəki mühüm roluna nümunə göstərdi.

Bütün bunlar 2008-ci ildən start götürərək ötən on il ərzində parlaq nəticələrlə müşayiət olunan "Bakı prosesi”nin uğurlarıdır. "Bakı prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə hələ 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdü. Ölkəmizin belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi zəngin milli ənənələrə söykənir. Azərbaycan ərazisində tarixən tolerantlıq mühiti mövcud olub. Müxtəlif etnik qruplara, fərqli mədəniyyətlərə, dinlərə, dillərə mənsub insanlar yüzillərlə burada əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət ruhunda yaşayaraq bu torpaqlara birgə fayda veriblər. Mədəni müxtəliflik Azərbaycan tarixinə böyük zənginliklər bəxş edib.

Çıxışı zamanı bu məqama Prezident İlham Əliyev də toxundu: "Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır”. Elə "Bakı prosesi” də möhkəm təməllərə, tarixi ənənələrə əsaslandığına görə qısa zamanda belə uğurlar qazana bildi.

2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam dövlətinin nazirləri dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksəksəviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi.

Bu çərçivədə 2009-cu ilin oktyabrında Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə keçirilən görüşdə "Bakı prosesi - dialoq və mədəni müxtəlifliyə dəstək: Sivilizasiyalar arasında dialoq naminə yeni çağırışlar” adlı qətnamə qəbul olundu. 2010-cu ildənsə "Bakı prosesi” artıq regional təşəbbüsdən qlobal çağırışa çevrildi.

 

Bugünə və gələcəyə töhfə

 

Ötən on il ərzində ölkəmizdə "Bakı prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirildi. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və onun strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrıseçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazandı. Elə 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi də bu uğurlu prosesin və fəaliyyətin nəticəsi idi.

Ölkəmizdə 2016-cı ilin "Multikulturalizm ili”, 2017-ci ilin "İslam Həmrəyliyi ili” elan olunması, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də eyni məramın təzahürü, mədəniyyətlərin dialoquna, dünyanın bugününə və gələcəyinə dəyərli töhfədir. Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaratmaq mümkündür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın respublikamızda və beynəlxalq müstəvidə reallaşdırdığı irimiqyaslı humanitar layihələr, təlqin etdiyi ali dəyərlər dünyanın və insanlığın inkişafına yol açan bəşəri ideyaların çevrəsinin, sərhədlərinin genişlənməsinə xidmət edir.

Azərbaycan dövlətinin "Bakı prosesi” ilə bəşəriyyətin gələcəyi naminə çəkdiyi zəhmət beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Hətta Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı "Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan "Bakı prosesi”ni xüsusi vurğulaması sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı kimi yadda qaldı.

Bu il isə "Bakı prosesi”nin başlanmasından 10 il ötür. Belə bir təntənəli ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 17 noyabr 2017-ci il tarixli sərəncam imzalayıb. 12 iyun 2018-ci ildə Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyimizin təşkilatçılığı ilə "Bakı prosesi”nin 10 illik yubileyi qeyd olunub.

VI Bakı Beynəlxalq Humanitar Forumu da bu prosesin davamı olaraq ayrı-ayrı dövlətlərdən gələn, həyata baxışları müxtəlif olan insanların fikir mübadiləsi meydanı kimi çox faydalı nəticələrə vəsilə oldu.

 

Bəşəriyyətə çağırışlar

 

İlk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin forumdakı proqram xarakterli nitqi, səsləndirdiyi fikir və tezislər dünyada baş verən hadisələrin dərki baxımından çox aktual idi. Burada aparılan müzakirələr, irəli sürülən təkliflər yaxın gələcəkdə yeni dünyada insanın inkişafı ilə bağlı daha konkret nəticələrin əldə olunması baxımından çox aktualdır.

Forumun sonunda qəbul edilən bəyannamədə beynəlxalq münaqişələr, zorakı ekstremizm, terrorçuluq və bununla əlaqədar humanitar böhranlar, insanların məcburi yerdəyişmələri qətiyyətlə pisləndi. Bununla yanaşı, forum iştirakçıları mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış uğurlara baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətlərinin və imkanlarının nəzərə alınmaması hallarının olduğunu vurğuladılar. İnsanın inkişafından ötrü gender bərabərliyi prinsipinin qorunması, həssas vəziyyətdəki insanların hüquqlarının təmin olunması da əsas prioritetlər kimi bəyannamədə öz əksini tapdı. Forum iştirakçıları humanitar əməkdaşlığın daha da inkişafı baxımından media və informasiya texnologiyalarının böyük əhəmiyyət daşıdığını bir daha təsdiqlədilər.

Beləliklə, VI Bakı Beynəlxalq Humanitar Forumu bütün dünyaya çox əhəmiyyətli ismarıclar yetirdi. Nümayəndələr ilk növbədə Azərbaycanın inkişafı, tolerantlığı, bütün dinlərə, mədəniyyətlərə açıq, demokratik, ən əhəmiyyətlisi isə, forumun da mövzusuna uyğun - insan amilinə hörmətlə yanaşan ölkə olduğunu bir daha görərək bu ölkədə sözlə əməlin üst-üstə düşdüyünün şahidinə çevrildilər. Multikulturalizmin, tolerantlığın, mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi ilə yaxından tanışlıq imkanı qazandılar.

Forum Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğala məruz qalması nəticəsində üzləşdiyimiz humanitar fəlakətin beynəlxalq aləm tərəfindən dərki baxımından da önəmli idi. Azərbaycan Prezidenti forumun açılış mərasimindəki çıxışında dünyanın bütün aparıcı beynəlxalq təşkilatlarının, o cümlədən, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qərar və qətnamələrini diqqətə çatdırdı. Kütləvi şəkildə qətlə yetirilmiş yüzlərlə Azərbaycan vətəndaşı şəxsində erməni cəlladlarının ümumən bəşəriyyət əleyhinə törətdikləri Xocalı soyqırımından danışdı. Bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır: "Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”.

Forumu əhəmiyyətli edən cəhətlərdən biri də o idi ki, nümayəndələr ölkəmizə qarşı ikili standartlara, indiyə qədər ayrı-ayrı beynəlxalq dairələr tərəfindən göstərilən qərəzli münasibətə şahid oldular. Yəni tədbir iştirakçıları yüz dəfə eşitməkdənsə, bir dəfə gördülər ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindəndir. Bu ölkədə sabitlik, əmin-amanlıq hökm sürür. Demokratik ənənələrə mühüm önəm verilir. Xalqla iqtidar arasında sarsılmaz vəhdət var. Bunu tədbirdə iştirak edən nümayəndələr öz çıxışlarında da vurğuladılar.

Dünyanın iri şirkət rəhbərlərinin də qatıldığı bu forumun iqtisadi faydası da çox böyükdür. Biznes üçün hər fürsəti dəyərləndirməyi bacaran iş adamları Azərbaycandakı geniş investisiya imkanlarını, əlverişli biznes mühitini müşahidə etdilər. Eyni zamanda, hər kəs gördü ki, bu gün Azərbaycan öz iqtisadi qüdrəti ilə artıq özü xaricə investisiya yatıran dövlətə çevrilib. Bir neçə gün əvvəl qardaş Türkiyədə fəaliyyətə başlamış "Star” neft emalı zavodunun açılışı bunun bariz nümunəsi idi.

 

Təhsil həyatın özüdür

 

Tədbir əsnasında Bakıda ilk dəfə olaraq "İnnovasiyalar həftəsi”nin keçirilməsi, bütün dünyada ən mükəmməl süni intellekt nümunəsi sayılan robot Sofiyanın ölkəmizdə qonaq olması da VI Bakı Beynəlxalq Humanitar Forumuna əlavə məzmun gətirdi. Azərbaycan bununla müasir dünyamızın və bu dünyada ömür sürən insanın inkişafı ilə bağlı qlobal çağırışları bir daha Yer üzünə yetirdi. Göstərdi ki, dünyanın və insanın inkişafı ancaq və ancaq elmdən, dünyagörüşünün genişləndirilməsindən, texnologiyalardan, innovasiyalardan keçir. Bütün bunları isə ancaq təhsilin gücü ilə qazanmaq olar.

Bəzən biz təhsili, təlim və tərbiyəni gənc nəslin gələcək həyata hazırlanması prosesi kimi dərk edirik. Görkəmli Amerika filosofu və təhsil islahatçısı Con Dyui isə bir zamanlar deyirdi ki, "təhsil həyata hazırlıq deyil, təhsil elə həyatın özüdür”. Yeni minillikdə təhsilin, oxuyub öyrənməyin, fərdi inkişafın həyati əhəmiyyəti isə digər bir Amerika yazıçısı və futuristi Alvin Tofflerin bu fikrində parlaq şəkildə öz əksini tapıb. O deyir ki, "XXI əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir”.

Müasir dövrümüzdə təhsil insan inkişafının ən mühüm tərkib hissələrindən biridir və insan inkişafı indeksində də 3 əsas komponentdən biri kimi əks olunmuşdur. Təhsil insanın bilik, bacarıq və səriştələr əldə etməsi sahəsində imkanlarını genişləndirir. İnsan kapitalını formalaşdırır. Həyatın keyfiyyətini dəyişir və iqtisadi artımın mənbəyi rolunu oynayır.

Müasir təhsil müəssisələri cəmiyyətin mədəni irsinin nəsildən-nəslə ötürülməsinə şərait yaradır. İnsanları onların iqtisadi və sosial statuslarını müəyyən edəcək peşəkar bilik və bacarıqlarla təmin edir. Eyni zamanda, təhsil müddətində uşaq və yeniyetmələrdə mənəvi ideallar, davranış stereotipləri və ətraf aləm haqqında rəy və təsəvvürlər formalaşır. İnsan inkişafı baxımından təhsil prosesi insanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Təhsilin səviyyəsi insanların həyat fəaliyyətinin müxtəlif cəhətlərinə, məsələn, sağlamlığına, siyasi fəaliyyətinə, klassik musiqi qavrayışına, sosial bağlılıqlarına, intizamlılığına və s. təsir göstərir.

Təhsil ev təsərrüfatlarının idarə olunmasında, uşaqların tərbiyəsində, onların qidalanmasının təşkilində, sağlamlığının və keyfiyyətli təhsilinin təmin edilməsində yeni bilik və texnologiyaların istifadə edilməsinə şərait yaradır. Ananın təhsil səviyyəsi yüksək olduqca, körpə və uşaq ölümü əmsalı aşağı düşür. Belə ki, ailədə gəlir səviyyəsindən asılı olmayaraq, uşaqlara qulluğun, onların təlim-tərbiyəsinin və qidalanmasının keyfiyyəti yaxşılaşır.

Təhsilli insanlar daha mürəkkəb və deməli, daha yüksək ödənişli işlərin öhdəsindən gələ bilir. Onlar fiziki və təbii kapitaldan daha səmərəli istifadə edərək son nəticədə məhsuldarlığı və iqtisadi kapitalı da artırmış olurlar. Bütün bunlar yeni dünya və yeni insanın formalaşdırılması, eləcə də kreativlik məsələləri baxımından çox önəmli məqamlardır.

Ona görə forumda təhsil məsələlərinə xüsusi diqqət yetirilməsi əsla təsadüf deyildi. Bu qlobal tədbirdə irəli sürülən bir çox vəzifələrin yerinə yetirilməsi məhz təhsil işçilərinin missiyasıdır. Və onlar bu missiyanı uğurla yerinə yetirə bilmək üçün elə forumun gedişində uyğun həllərin, faydalı əməkdaşlıq imkanlarının axtarışında idilər.

 

Bakı Slavyan Universitetinin qonaqları

 

VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən elm-təhsil xadimlərindən bir qrupu Moskva Dövlət Linqvistik Universitetinin (MDLU) rektoru, professor İrina Krayeva, amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys və Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva Mariya Aux Bakı Slavyan Unversitetində (BSU) də oldular. Onlara universitetimizin beynəlxalq elmi əlaqələri, dünyanın tanınmış universitetləri ilə qurulan əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində beynəlxalq əməkdaşlıq və digər məsələlər barədə geniş məlumat verildi.

BSU ilə Moskva Dövlət Linqvistik Universiteti arasında sıx əlaqələr var. Hər iki ali təhsil müəssisəsinin birgə təşkilatçılığı ilə elmi tədbirlər təşkil olunur, elmi nəşrlər hazırlanır və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlıq həyata keçirilir. BSU tərəfindən xaricdə Azərbaycan dili və mədəniyyəti mərkəzi ilk dəfə məhz MDLU-da açılıb. BSU-da fəaliyyət göstərən Rusiya Tədris və Mədəniyyət Mərkəzi nəzdində isə "Moskva auditoriyası” yaradılıb.

İrina Krayevanın universitetimizə səfəri zamanı BSU ilə Moskva Linqivistik Universiteti arasında 2005-ci ildən mövcud olan əməkdaşlığa dair yenilənmiş müqavilə imzalandı. Bu, iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlıq əlaqələrini möhkəmləndirir və Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına xidmət edir.

Almaniyanın təhsil müəssisələri ilə də BSU arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur. BSU-da 2010-cu ildən bəri Alman filologiyası kafedrası, 2015-ci ildən isə Germanistika İnstitutu fəaliyyət göstərir. İnstitutun nəzdində Vilhelm fon Humboldt adına alman dili və mədəniyyəti mərkəzi də yaradılıb. Burada alman dili ixtisası üzrə kadrlar hazırlanır.

Qonaqlarımız BSU-dakı Moskva və Sankt-Peterburq Tədris Mədəniyyət mərkəzləri ilə yanaşı, Türkiyə Araşdırmaları Tədris Mədəniyyət Mərkəzinə, Bolqarıstanın, Yunanıstanın, Polşanın tədris və mədəniyyət mərkəzlərinə də baş çəkərək auditoriyalarda dərslərin gedişini izlədilər, universitetimizin akt zalında slavyan ölkələrinin, Türkiyə və Azərbaycanın milli rəqslərinə tamaşa etdilər.

 

"Modern dünya, modern insan”

 

Bu ərəfədə daha bir əcnəbi qonağımız Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosu oldu. Son illər universitetimizin Yunanıstanın müvafiq elm-təhsil mərkəzləri ilə əlaqələri xeyli genişlənib. Burada səfir Nikolaos Kanellosunun əməyi böyükdür. Yunanıstanın ölkəmizdəki səfiri öz simasında iki mühüm cəhəti - bir rəssam olaraq yaradıcı insana məxsus keyfiyyətləri və sülh, barış çarçısı olan elçi xüsusiyyətlərini birləşdirir. O, BSU-da təşkil olunan tədbirlərdə həmişə fəal iştirak edib. Bu əlaqələrin xoş nəticəsi kimi ötən ilin 8 dekabrında cənab Nikolaos Kanellosunun vasitəçiliyi ilə BSU-da xarici ölkələrin Azərbaycandakı səfirlərinin görüşünü keçirdik.

Səfirlə görüş zamanı VI Bakı Beynəlxalq Humanitar Forumunun ortaya qoyduğu vəzifələrin reallaşması məqsədilə BSU-da "Modern dünya, modern insan” mövzusunda genişformatlı bir tədbirin keçirilməsi təklifini irəli sürdük. Universitetin belə bir tədbirə evsahibliyi etməyə, bütün təşkilati məsələləri üzərinə götürməyə hazır olduğunu bildirdik.

Fərqindəyik ki, belə tədbirlərin tələbələrin dünyagörüşünə, beynəlxalq aləmdə gedən proseslər barədə aydın təsəvvürə malik olmalarına, onların müasirlik ruhunda formalaşmasına müsbət təsiri çox böyükdür. Bizim bu təşəbbüsümüzü səfir Nikolaos Kanellosu da dəstəklədi. O, tədbirdə Azərbaycanda fəaliyyət göstərən səfirlərin iştirakını təmin etmək üçün vasitəçilik missiyasını yerinə yetirməyə hazır olduğunu da bildirdi. Noyabr ayına planlaşdırdığımız bu tədbirdə canlı dialoq formatında müzakirələr, təhsil, müasir siyasət, onun cəmiyyətlərə təsiri mövzularında fikir mübadilələri, düşünürük ki, gənclərimiz üçün faydalı olacaq.

VI Bakı Beynəlxalq Humanitar Forumunda irəli sürülən aktual vəzifələr, zənnimizcə, bu cür təşəbbüslər işığında reallığa çevrilir. Müasir dünya üçün müasir insanın formalaşdırılması hər kəsin bu prosesə bacardığı dəstəyi verməsi hesabına başa gəlir. Bu isə dövlətimizin rəhbərliyi altında dünyamızın gələcəyi üçün məsuliyyət hissini dərk edən hər kəsin birgə missiyasıdır.

 

Nurlana ƏLİYEVA,      

Bakı Slavyan Universitetinin rektoru, professor

 

Azərbaycan.- 2018.-2 noyabr.- S.1; 4.