Sülhün nəbzi
Bakıda döyünür
"Yeni dünya və yeni
insan formalaşdıraq: yaradıcılıq və insan
inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq
Humanitar Forumu bir daha Azərbaycanın sülhə və əmin-amanlığa
sadiq olduğunu, ölkəmizin planetar dəyərlərə
yeni töhfələr vermək gücünü bütün
dünyaya nümayiş etdirdi. 580-dən çox
xarici qonağın iştirak etdiyi Bakı Beynəlxalq
Humanitar Forumu qısa müddət ərzində dünyada
hamının diqqətini çəkən çox önəmli
beynəlxalq tədbirə çevrilmişdir.
Planeti bürüyən
münaqişələr, sonu görünməyən
üzücü müharibələr, sayı milyonlarla
ölçülən qaçqın dalğaları, od-alovun
içinə atılan və müharibələrdə
qırılan dinc əhali XXI əsrdə müharibələrin
girdabına sürükləndiyini, beynəlxalq hüquq
normalarının dəyərdən
düşdüyünü və dövlətlərarası
münasibətlərin ikili standartlarla üzləşdiyini
ortaya qoyur. Bəşər tarixində belə gərgin
situasiyalar qəddarlığın, hətta faşizmin
çiçəklənməsinə rəvac verir. Bu baxımdan dünyəvi dəyərlərin yenilənməsi,
yeni humanitar ənənələrin müzakirəsi və
köhnələrinin bərpa edilməsi zərurətə
çevrilir.
Humanitar əməkdaşlığa
dair çoxsaylı mötəbər beynəlxalq tədbirlərə
evsahibliyi edən Azərbaycanın belə vacib tarixi məqamda
öz sözünü deməyə, yeni ideyaların çələngini
dünyaya təqdim etməyə mənəvi haqqı var.
BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, Dünya dinləri
liderlərinin Zirvə görüşünə və 4 dəfə
Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edən
Bakının Azərbaycan paytaxtından dünyaya yeni sülh
ideyasını, dayanıqlı sabitlik modelini təqdim etməyə
həm də mənəvi haqqı var.
VI Bakı Beynəlxalq
Humanitar Forumunun keçirilməsi eyni zamanda onu göstərir
ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın
dərinləşməsi üçün çox önəmli
ölkəyə çevrilmişdir.
Bu il dövlət
müstəqilliyinin bərpasının 27-ci
ildönümünü qeyd edən Azərbaycan müstəqilliyinin
ilk illərində çox ağır və faciəvi tarixi
reallıqlarla üzləşdi. Siyasi və iqtisadi böhran,
daxili qüvvələrin çəkişməsi və Ermənistanın
Azərbaycana qarşı apardığı işğalçılıq
siyasəti böyük faciələrə səbəb oldu,
torpaqlarımızın 20 faizi işğal edildi, erməni hərbi
quldur birləşmələri tərəfindən etnik təmizləmə
siyasəti aparıldı. Bir milyondan çox azərbaycanlı
yurd-yuvasından didərgin düşdü. Bu gün
Şərq ölkələrində, ərəb
dünyasında baş verən bu tipli münaqişələr
ona səbəb oldu ki, ən qədim tarixə, böyük mədəniyyətə
malik bir sıra ərəb ölkələri bu daxili və
xarici təzyiqlər nəticəsində müharibələrin
girdabına yıxıldılar, dünyada gedən siyasi
proseslərə hər hansı bir təsir göstərmək
imkanlarını itirdilər. Daxili və xarici
düşmənlərin aramsız zərbələrindən
sarsılaraq şirnikləndirici "ərəb
baharı”nın qurbanlarına çevrildilər.
Faktiki olaraq Azərbaycana da
belə bir aqibət hazırlanmışdı. Daha
doğrusu, hadisələrin xaotik inkişafı, proseslərin
nəzarətdən çıxması dövlətimizi
çökdürməli idi. Lakin ulu öndərin
xalqın tələbi ilə hakimiyyətə
qayıdışı, iqtidar-xalq birliyinin qırılmaz
bağlılığı, hətta belə ağır
qarşıdurmalara baxmayaraq, unikal Azərbaycan modeli
yaratmağa və ölkənin sürətlə inkişaf
etməsinə imkan verdi.
Beynəlxalq təşkilatlar
tərəfindən yüksək qiymətləndirilən
"Bakı prosesi”nin 10 illiyini qeyd edən Azərbaycan hələ
10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin
mədəniyyət nazirlərinin Bakıda keçirilən
toplantısına İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin mədəniyyət nazirlərini də
dəvət etdi. Şərqlə Qərb arasında
münasibətlərin yeni modelini ortaya qoydu. İlk dəfə olaraq 100-dən çox ölkənin
nümayəndələri - müsəlman aləmini və
Avropanı təmsil edən vəzifəli şəxslər
Azərbaycan paytaxtında bir araya gələrək humanitar məsələlərin,
mədəniyyət və dinlərarası münasibətlərin
birgə müzakirəsinin mümkünlüyünü
sübut etdilər. Aradan bir il
keçdikdən sonra Bakıda İslam Əməkdaşlıq
Təşkilatının xətti ilə keçirilən tədbirdə
Avropa nümayəndələri iştirak etdilər. Azərbaycan həm İslam Əməkdaşlıq
Təşkilatına, həm Avropa Şurasına üzv
dövlət kimi sivilizasiyalararası dialoqa bu gün də
öz töhfəsini verməkdədir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev forumdakı
çıxışında məhz buna görə
"Bakı prosesi”nin artıq beynəlxalq
müstəvidə çox önəmli bir təşəbbüs
kimi qiymətləndirildiyini diqqətə
çatdırdı: "Bu təşəbbüs nəticəsində
müxtəlif görüşlər, tədbirlər
keçirilmişdir ki, bütün bunların bir məqsədi
var: sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin,
güclənsin, dünyada risklər azalsın,
ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət
verilsin və bu təhlükəli meyillərin
qarşısı alınsın. Eyni zamanda, Azərbaycanda
keçirilmiş mötəbər idman yarışları da
idman yarışları olsalar da, eyni zamanda humanitar əməkdaşlığın
dərinləşməsinə xidmət göstərir. Mən xüsusilə I Avropa Oyunlarını və
İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim.
Hesab edirəm, o da çox rəmzi məna
daşıyır ki, ilk Avropa Oyunları bizim təşəbbüsümüzlə
Azərbaycanda keçirilmişdir. Hesab
edirəm, bu, çox əlamətdar hadisə, əlamətdar
qərardır ki, ilk Avropa Oyunları müsəlman ölkəsində
keçirilmişdir. Ondan iki il sonra -
2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları
keçirilmişdir”.
Dövlət başçısı
eyni zamanda narahatlığını da bildirdi ki, xüsusilə
indiki şəraitdə həm müsəlman aləmində,
həm Avropada multikulturalizmlə, islam həmrəyliyi
ilə bağlı gedən proseslər müəyyən mənada
narahatlıq doğurur. Məhz buna görə
Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq
keçirilməsinə dünya birliyi tərəfindən
yüksək qiymət verilir, belə tədbirlərə
dünyanın daha çox ehtiyac duyduğu dilə gətirilir.
Azərbaycanın dünyada
gedən sülh proseslərinə verdiyi töhfələrin
siyahısı sadaladıqlarımızla bitmir. Öz müstəqilliyini
qətiyyətlə qoruyan ölkəmiz regionda və beynəlxalq
aləmdə sülhün, əmin-amanlığın
qorunması üçün ciddi addımlar atır.
Bakının Şərqin Cenevrəsi kimi tanınması,
neytral ölkə kimi böyük güclərinin
danışıqlarının Azərbaycan paytaxtında
keçirilməsi bir daha onu təsdiq edir ki, dövlətimiz
bütün dünyaya, xristian və islam
aləminə örnək ola bilən yeni münasibətlər
modelini formalaşdırmaqdadır.
Əslində bütün
dünyanın qəbul və təqdir etdiyi Azərbaycan
tolerantlığı, müxtəlif dinlərin, xalqların
nümayəndələrinin bir ailə kimi əmin-amanlıq,
mehribanlıq şəraitində yaşaması onu sübut
edir ki, atəşpərəstlikdən xristian dininə
keçən və islamda təşəkkülünü
tapan ölkəmiz bütün dinlərə
açıqdır. Məscidlərin, katolik, pravoslav kilsələrinin,
sinaqoqların bərpası, tikintisi və fəaliyyətini
davam etdirməsi Azərbaycanda unikal multikultural mühit
yaradır. Məhz bu multikultural dəyərlərin
inkişafı, bütün dünyaya açıq
olmağımız bizə imkan verir ki, yeni dünyanın və
yeni insani münasibətlərin formalaşması
üçün fərqli münasibətlər modelini
dünyaya təqdim edək.
BMT Baş katibinin müavini Rəşid
Xalikov forumdakı çıxışında ötən ilin
iyul ayında BMT-nin Baş katibinin söylədiyi fikirləri
bir daha xatırladı ki, paradoksal vəziyyətin mahiyyəti
ondan ibarətdir ki, problemlər və
çağırışlar get-gedə daha qlobal xarakter
alır və onların hər hansı ölkə tərəfindən
təkbaşına həll edilməsi mümkün deyil. Qlobal cavabları çoxtərəfli idarəçilik
formalarında axtarmaq lazımdır.
BMT Baş katibinin müavini
VI Beynəlxalq Bakı Humanitar Forumunu olduqca mühüm məsələləri
müzakirə edən tədbir kimi qiymətləndirdi. O, dünyadakı humanitar vəziyyət
barədə məlumat verdi ki, 2018-ci ildə
134 milyon insan qlobal səviyyədə humanitar yardıma ehtiyac
duyur. Böhrana məruz qalmış insanları dəstəkləmək
üçün 25,3 milyard ABŞ
dolları lazımdır. Münaqişələr
qaçqınların sayının artmasına, onların
daha uzun müddətdə öz doğma ölkələrindən
uzaqda qalmasına səbəb olur: "Livan, Türkiyə və
İordaniya öz əhalisinin sayına nisbətdə
böyük sayda qaçqınlar qəbul ediblər. Kamerun,
Çad, Sudan və Uqanda kimi ən az inkişaf etmiş
ölkələrdə 4,9 milyon qaçqın var. Yəni bu,
qlobal qaçqın sayının 28 faizini təşkil edir”. Natiq onu da bildirdi ki, BMT Azərbaycan
Respublikasının qlobal səviyyədə humanitar yardım
göstərən nəzakətli addımlarını
alqışlayır.
Məhz bu baxımdan VI
Bakı Beynəlxalq Humanitar Forumunun gələcək
dünyamızı formalaşdıracaq kreativ ideyalar və
onların həyata keçirilməsi yollarının
axtarılmasını diqqətdə saxladığını
deyə bilərik. Bu forum dünyanı vahid məkan və
bütün bəşəriyyəti bir cəmiyyət kimi
görmək istəyi yeni münasibətlər qurmağa,
daha mütərəqqi və aktual müzakirələr
aparmağa imkan verəcək və bəşəriyyətin
inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin
yaranmasına vəsilə olub. Elə buna görə də
"Yeni dünya və yeni insan formalaşdıraq:
yaradıcılıq və insan inkişafı” mövzusunda
keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu
bütün dünya üçün örnək ola bilən unikal münasibətlər modelini
formalaşdırmağa imkan verir.
Bahadur
İMANQULİYEV
Azərbaycan.- 2018.-3 noyabr.- S.1; 7.