Paraqvayın SNT televiziya kanalı Azərbaycan haqqında reportaj yayımlayıb

 

Paraqvayın geniş tamaşaçı auditoriyasına malik olan SNT televiziya kanalı Azərbaycan haqqında reportaj yayımlayıb.

 

AZƏRTAC xəbər verir ki, reportajda ispandilli tamaşaçılara Azərbaycan haqqında ətraflı məlumat verilir.

Reportajın yayımlandığı verilişdə çıxış edən müəllif Karlos Troçe əvvəlcə Azərbaycana səfərinin təəssüratlarından danışır. O bildirir ki, Azərbaycan Xəzər dənizinin sahilində, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, enerji resursları ilə zəngin, uzaq məsafədə yerləşməsinə baxmayaraq Latın Amerikası dövlətləri, xüsusilə də Paraqvay ilə əlaqələrin genişləndirilməsində maraqlı olan bir ölkədir. Azərbaycanın Argentinada səfirliyi fəaliyyət göstərir, gələcəkdə Paraqvayda konsulluğunun açılması nəzərdə tutulur. Son vaxtlar Azərbaycan ilə Paraqvay arasında əlaqələr intensivləşir. Hər iki ölkənin bir-birinə diqqətini cəlb edən məqamlar var.

Karlos Troçe Azərbaycana səfərinin və reportajı hazırlamaqda məqsədinin Latın Amerikası ölkələrinin xalqlarını bu ölkə ilə yaxından tanış etmək olduğunu bildirir. O, Azərbaycan ilə Latın Amerikası ölkələri arasında münasibətlərin genişlənməsinin tərəflər üçün faydalarını qeyd edir.

Reportajda Azərbaycanın tarixinə qısa ekskursiya edilir, əlverişli coğrafi mövqeyi, mədəniyyəti, adət-ənənələri barədə məlumat verilir. Bildirilir ki, ötən əsrin əvvəllərində Azərbaycan dünya neft bazarındakı neftin yarısını təmin edib. Azərbaycan çox zəngin, tolerant, dünyəvi bir ölkədir. Azərbaycan enerji resurslarından əldə olunan gəlirləri ölkənin inkişafına sərf edir. Paytaxt Bakıdakı tikililər həm qədimliyi, həm də müasirliyi ehtiva edir. Azərbaycan Latın Amerikası ölkələri, xüsusilə də Paraqvay ilə ticari-iqtisadi, mədəni əlaqələrini genişləndirir. Azərbaycan Paraqvaydan ət idxalında maraqlıdır.

Reportajda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Azərbaycan ilə Latın Amerikası ölkələri, xüsusilə Paraqvay arasında əlaqələrin inkişafına dair fikirlərinə də yer verilir. Əli Həsənov deyir: “Əgər siz Azərbaycanda fəaliyyət göstərən restoranları gəzsəniz əminəm ki, Paraqvaydan idxal olunan ətdən istifadə edildiyini görəcəksiniz. İndi qida təhlükəsizliyinə nəzarət edən qurum ət idxalının təminatına da nəzarət edir. Düşünürəm ki, biz gələcəkdə də bu sahədə əməkdaşlıq edəcəyik”.

Müəllif qeyd edir ki, Azərbaycan tərəfi, öz növbəsində, paraqvaylı gənclərə ölkədə bakalavrmagistr pillələrində təhsil üçün təqaüd almaq imkanı yaradır. Azərbaycanın sürətli inkişafının əsas səbəblərindən birineftqaz ixracından gələn gəlirlərin bir hissəsini təhsilə yatırmasıdır. Ölkədə yoxsulluğun səviyyəsi 5 faizə qədər azalıb, işsizliyin səviyyəsi də demək olar ki, sıfıra düşüb.

Reportajda Prezidentin köməkçisi Əli Həsənov qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda siyasi, iqtisadi, energetika baxımından lider ölkədir. Biz əlaqələrimizin inkişaf etməsini istəyirik. Azərbaycanla Paraqvay arasında əlaqələrin dərinləşməsi təkcə sərmayə baxımından deyil, texnologiya, təhsil sahələrində də əməkdaşlığa təkan verəcək.

Verilişin aparıcısının “Biz Azərbaycana necə gedə, viza məsələlərini necə həll edə bilərik” sualına cavabında Karlos Troçe deyir: “Bayaq dediyim kimi, Azərbaycanın Argentinada səfirliyi fəaliyyət göstərir. Paraqvaydan Azərbaycana səfər etmək üçün isə Argentinaya getməyə ehtiyac yoxdur. Azərbaycanda “ASAN vizasistemi fəaliyyət göstərir. Beləliklə, səfirliyin səhifəsində paylaşdığı linkə daxil olmaqonlayn qaydada, çox rahat, çox asan, üç saat müddətində viza almaq mümkündür”.

Aparıcı heyrətlə deyir: “Bu, inanılmazdır”.

Reportajda Azərbaycan xalq mahnılarının fonunda Bakının gəzməli-görməli yerlərindən videokadrlar göstərilir.

 

Azərbaycan.- 2018.-3 noyabr.- S.1; 4.