Astanada MDB Hökumət Başçıları
Şurasının iclası keçirilib
Noyabrın 2-də Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iclasda iştirak edib.
Ənənəvi olaraq iclas iki
formatda keçirilib. Nümayəndə heyətləri rəhbərlərinin
məhdud tərkibdə
görüşündə üzv ölkələr arasında əməkdaşlığın
aktual məsələləri
ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi, maliyyə və humanitar sahələrdə
əlaqələrin genişləndirilməsi
istiqamətində qarşıda
duran vəzifələr
müzakirə edilib.
Azərbaycanın Baş naziri Novruz Məmmədov məhdud tərkibdə iclasda çıxış
edib.
İclas iştirakçılarını
Azərbaycan Hökuməti
adından salamlayan Novruz Məmmədov bildirib ki, MDB bu qurumun üzv
dövlətlərinin hərtərəfli
əməkdaşlığı, həm regional, həm də beynəlxalq gündəlikdəki aktual
məsələlərin müzakirəsi
və bu məsələlər üzrə
qarşılıqlı fəaliyyət
üçün mühüm
platformadır. MDB formatında daimi sıx əlaqələrin
və ikitərəfli
əməkdaşlığın səviyyəsi ölkələrimiz
arasında qarşılıqlı
anlaşmaya və etimadın möhkəmlənməsinə
şərait yaradır,
Birliyin inkişafında
mühüm rol oynayır.
İclasın gündəliyinə
daxil edilmiş məsələlərin əhəmiyyətinə
toxunan Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın
təşəbbüsü ilə başlanan qlobal enerji və
nəqliyyat layihələrinin
reallaşdırılması həm bizim ölkənin, həm də bütövlükdə
regionun infrastrukturunun modernləşdirilməsinə mühüm töhfə verməkdə davam edir. Şimal-Cənub və Şərq-Qərb
nəqliyyat dəhlizlərinin
qovuşuğunda yerləşən
Azərbaycan regionda mühüm tranzit rolu oynayır. Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılması Azərbaycanın
yürütdüyü uğurlu
iqtisadi siyasətin nəticəsidir. İqtisadi artımın
dinamikasının saxlanması,
makroiqtisadi sabitliyin möhkəmlənməsi, investisiya
şəraitinin yaxşılaşması,
iqtisadiyyatın şaxələndirilməsinin
sürətlənməsi əhalinin
rifahını yüksəltməyə
yönəlmiş uğurlu
sosial siyasəti həyata keçirməyimizə
imkan verir.
Azərbaycanın bütün sahələrdə,
o cümlədən humanitar
sferada əməkdaşlığın
möhkəmlənməsinə böyük əhəmiyyət
verdiyini diqqətə
çatdıran Baş
nazir bildirib ki, ölkəmiz humanitar əməkdaşlığın
inkişafına sanballı
töhfə verir. Azərbaycan
Respublikası Prezidentinin
təşəbbüsü ilə başlanmış
“Bakı Prosesi” – bu il on
illiyi qeyd edilən Mədəniyyətlərarası
Dialoq üzrə Beynəlxalq Forum tolerantlığın
və xalqlar arasında qarşılıqlı
anlaşmanın möhkəmlənməsinə
yönəlmiş birgə
səyləri dəstəkləmək
üçün səmərəli
platformadır. Bu il oktyabrın 25-26-da Bakı
şəhərində 86 ölkənin,
25 beynəlxalq və
regional təşkilatın nümayəndələrinin iştirakı
ilə, artıq ənənə halı almış, beynəlxalq mədəni və humanitar əməkdaşlığın
möhkəmlənməsinə sanballı töhfə verən VI Beynəlxalq Humanitar Forum keçirildi.
Yeri gəlmişkən,
Rusiya Prezidenti Vladimir
Putin Forum iştirakçılarına müraciətində VI Bakı
Forumunun “Yeni dünya və yeni insan formalaşdıraq:
yaradıcılıq və
insan inkişafı” mövzusunun müasir cəmiyyət üçün
böyük əhəmiyyətini
xüsusi qeyd edib.
Baş nazir Novruz Məmmədov
vurğulayıb ki, ənənəvi olaraq Bakıda keçirilən
beynəlxalq humanitar forumlar Azərbaycanın multikulturalizm dəyərlərini
və mədəniyyətlərarası
dialoqun inkişafına
yönəlmiş səylərini
əyani şəkildə
nümayiş etdirir. Novruz Məmmədov deyib: “Əminəm ki, humanitar sahədə sıx əlaqələr əməkdaşlığın möhkəmləndirilməsi üçün
əlverişli zəmindir.
Hesab edirəm ki, MDB iştirakçısı
olan dövlətlərin
humanitar əməkdaşlığı
sahəsində 2019-2020-ci illər
üçün Prioritet
Tədbirlər Planının
həyata keçirilməsi
humanitar sferada, xüsusən təhsil,
elm, mədəniyyət, idman,
turizm, habelə gənclərlə iş sahələrində qarşılıqlı
fəaliyyətin genişləndirilməsinə
şərait yaradacaq”.
MDB məkanında
nizamlanmamış münaqişələr
məsələsinə toxunan
Azərbaycanın Baş
naziri qeyd edib ki, bu
problem regional əməkdaşlığın
həyata keçirilməsi
və Birliyin iştirakçısı olan
bütün dövlətlər
arasında daha sıx qarşılıqlı
fəaliyyət üçün
başlıca maneədir.
Münaqişələrin suverenlik, ərazi
bütövlüyü və
dövlət sərhədlərinin
toxunulmazlığı əsasında,
beynəlxalq hüququn
hamılıqla qəbul
edilmiş prinsip və normalarına uyğun şəkildə
tezliklə nizamlanması,
şübhəsiz, regional və
beynəlxalq təhlükəsizliyin
möhkəmlənməsinə kömək edəcək,
davamlı inkişaf üçün daha əlverişli şərait
yaradacaq.
***
Sonra MDB Hökumət Başçıları
Şurasının iclası
işini geniş tərkibdə davam etdirib. İclasının gündəliyinə müxtəlif sahələrdə
əməkdaşlığa dair 15 məsələ daxil edilib.
Əvvəlcə iclasda MDB iştirakçısı
olan dövlətlərin
qarşılıqlı fəaliyyəti,
nüvə və ya radiasiya qəza
vəziyyəti yarandığı
halda onların nəticələrinin aradan
qaldırılmasına dair
qarşılıqlı yardım
üzrə saziş müzakirə edilib.
Sazişin əsas hədəfi fövqəladə hallar zamanı radioaktiv təsirə məruz qalan böyük ərazilər üçün
bərpa texnologiyalarının
işlənib hazırlanması,
əhalinin təhlükəsizliyinin
və sosial reabilitasiyasının təmin
edilməsidir.
Eyni zamanda, iclasda sərbəst ticarət razılaşması layihəsinin
hazırlanmasına xüsusi
diqqət yetirilib. Qarşılıqlı ticarətdə sədlərin
aradan qaldırılması
üçün bu sahədəki prosedurların
sadələşdirilməsi, həmçinin yeni texnologiyaların tətbiqi
məsələləri müzakirə
olunub. Bununla yanaşı, birgə
fəaliyyətin daha da təkmilləşdirilməsi
istiqamətində konkret
təkliflər səsləndirilib.
İclasda MDB Hökumət
Başçıları Şurasının
növbəti iclasının
2019-cu il mayın 31-də Aşqabadda
keçirilməsi qərara
alınıb.
Hökumət Başçıları Şurasının
Astana iclasının yekununda
bir neçə sənədin, o cümlədən
MDB üzv dövlətləri
arasında vergi idarəçiliyi üzrə
elektron informasiya mübadiləsi haqqında
Protokol imzalanıb.
Bununla da iclas işini
başa çatdırıb.
Azərbaycan.- 2018.- 3 noyabr.- S.2.