Qazax müəllimlər
seminariyasının 100 illik
yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2018-ci ilin
noyabr ayında Qazax müəllimlər seminariyasının yaradılmasının
100 illiyi tamam olur.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına
əsasən, Qazax müəllimlər seminariyasının
təşkili Azərbaycanın
maarif salnaməsinin ən parlaq səhifələrindəndir.
Görkəmli ədəbiyyatşünas, tanınmış
maarifpərvər və
ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi
ilə fəaliyyətə
başlayan Qazax müəllimlər seminariyası
bütün fənlərin
tədrisinin ana dilində mütərəqqi
üsullarla aparıldığı
yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına
misilsiz töhfələr
vermişdir. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr
üçün də
uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış
seminariyanın yetirmələri
sırasında adları
təhsil, elm və mədəniyyət tarixinə
həkk olunmuş çox sayda tanınmış simalar vardır.
Qazax müəllimlər
seminariyası müstəqil
Azərbaycan Respublikasının
təhsil işçilərinə
gənc nəslin azərbaycançılıq məfkurəsi
ruhunda yetişdirilməsi
üçün zəngin
irs qoymuşdur.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və Azərbaycan təhsil sisteminin inkişafında müstəsna
xidmətlərini nəzərə
alaraq, Qazax müəllimlər seminariyasının
yaradılmasının 100-cü ildönümünün layiqincə
qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə
alınmaqla, Qazax müəllimlər seminariyasının
100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 noyabr 2018-ci il
Azərbaycan. - 2018.- 4 noyabr.- S.1.