Qüdrətli Komandanın güclü əsgərləri
Səngərdəki məğrur Azərbaycan əsgəri
yüksək döyüş ruhunda köklənib və Ali
Baş Komandanın hücum əmrini icra etməyə tam
hazırdır
Səngərdəyik...
Hünər, mətinlik meydanı adlanır bu məkan... Azərbaycan əsgərinin sinəsini sipər bildiyi müqəddəs torpaqdır... Çünki qarşıda düşmən, arxada Vətən dayanır. Onun keşiyində duranlar isə ən şərəfli vəzifənin daşıyıcılarıdır... Sabahın igidləri, milli qəhrəmanlarıdır...
Vətənin, xalqın güvənc yeri
Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin ön xəttə döyüş tapşırığını yerinə yetirən bütün bölmələri ən müasir hərbi texnikalarla, modern silahlarla təchiz olunub və hər bir əsgər yüksək döyüş əzmindədir.
Buradan erməni səngəri ilə ən yaxın məsafə 350-400 metrdir. Səngərlərimizin effektiv müdafiə sistemi ilə təmin edilməsi düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır və istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır. Vətənin, xalqın güvənc yeri olan Azərbaycan əsgəri üçün hərbi hissədə bütün lazımi infrastruktur yaradılıb.
Azərbaycanın torpaq itkisinə baxmayaraq, müqavimətini itirməməsinin və bu gün inkişaf dinamikasına görə dünyada lider dövlət olmasının səbəbkarları da vətən təəssübü üçün mərdliklə labüd ölümün ağuşuna atılan gənclərdir, milli ruhda köklənən oğullardır. Bu gün onlar əldə silah vətən keşiyindədirlər. Onları hər zaman gümrah, xoş əhvali-ruhiyyədə görmək isə böyük qürur hissi doğurur.
Ölümün gözünə dik baxanlar
Döyüş tapşırığını yerinə yetirən manqanın xidməti mövqeyindəyik. Şəxsi heyətin sosial-yaşayış şəraiti müasir tələblərə cavab verir. Manqa üçün nəzərdə tutulmuş kazarma taxta döşəməlidir. Bəzədilmiş otaqla tanışlıq zamanı ilk baxışdan təmizlik, səliqə-sahman diqqət çəkir. Postdan qayıdan əsgərlər burada dincəlir, asudə vaxtlarında kitab, jurnal və qəzet oxuyur, dama, şahmat oynayırlar. Bir sözlə, istirahətlərini səmərəli keçirirlər.
Burada təşviqat guşəsi, ərazinin coğrafi quruluşunu əks etdirən xəritələr, hərbi maarifçilik vərəqələri ilə tanış ola bilirsən. Kazarmada həmçinin mətbəx, əşya anbarı, sanitariya qovşağı da mövcuddur.
Manqa komandiri, kiçik çavuş Samir Bəylərov döyüş tapşırığı növbəsinə gedən heyəti təlimatlandırıb yola salır. Bir qədər sonra növbədə olan əsgərlər kazarmaya daxil olub təlimata uyğun olaraq silahlarını boşaldırlar. Sonra istirahət saatları başlayır.
Bu mənzərəni kənardan izlədikdən sonra manqa komandirinin müşayiəti ilə postlarda döyüş tapşırığını yerinə yetirən əsgərlərə baş çəkirik. Postda əsgəri danışdırmaq, fikrini yayındırmaq qeyri-mümkün olduğu üçün bizi manqa komandiri məlumatlandırır.
Döyüş növbətçisi, əsgər Müqəddəs Zahidov çox diqqətlidir. Lerik rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər 16 aydır buradadır və nümunəvi xidməti ilə daim seçilib. Əsgər Elcan İsayev isə 10 aydır hərbi xidmətdədir. Şəki şəhərindən həqiqi hərbi xidmətə çağırılan Elcan sayıqlığı və məsuliyyəti bir an belə itirmir, ehtiyatı əldən vermir.
Digər döyüş növbətçisi Rusif Ramazanov isə müşahidə aparır. Qarşı tərəfdə hansısa canlı qüvvə və texnikanın hərəkət etdiyini görən kimi dərhal manqa komandirinə məlumat verir. O, daim ayıq-sayıqdır.
Səngərlə hərəkət edə-edə manqa komandiri ilə söhbətləşirik. S.Bəylərov deyir ki, təmas xətti hər zaman özünəməxsus çətinlikləri, ciddi rejimi, nizam-intizamı ilə seçilir. Burada xidmət keçən əsgərin mənəvi-psixoloji cəhətdən möhkəm, fiziki baxımdan güclü olması vacib şərtlərdəndir. Ön cəbhədə əsas diqqət döyüş növbətçiliyinə yönəldilir. Əsgərlər təlimləri əsasən ehtiyat bölmələrdə keçir, bura tam hazır vəziyyətdə gəlirlər. Ön xətdə xidmət edən əsgərlər seçilərkən onların fiziki və psixoloji-mənəvi hazırlıqları nəzərə alınır.
Təminat yüksək səviyyədədir
Kazarmada asudə vaxt keçirən əsgərlərlə masa arxasına əyləşib söhbətləşirik. Günün nizam qaydaları barədə ətraflı məlumat aldıqdan sonra əsgərlərin qida rasionu ilə də maraqlanırıq. Əsgərlər səhər, nahar və şam yeməklərində müxtəlif çeşiddə qida qəbul edirlər. Yağ, pendir, cem və şirin çay istisnasız olaraq günün istənilən vaxtında qəbul edilən qidalar sırasındadır. Bununla yanaşı, həftənin ayrı-ayrı günlərində səhərlər düyü, vermişel sıyığı, yumurta, südlü düyü, südlü vermişel, çəkilmiş mal əti ilə qarabaşaq, naharda lobya, noxud, göy noxud və mərci şorbaları və ya borş, eləcə də üzərində ətlə qarabaşaq, qovrulmuş makaron, düyü, şam yeməyində kartof püresi, balıq, qarabaşaq, bulğur və s. yeməklər verilir. Mövsümə uyğun salatlar, şirələr, soyulmuş-doğranmış soğan və sarımsaq da qida rasionuna daxildir.
Əsgərlərin ərzaq
təminatı yüksək səviyyədədir. Geyim,
silah-sursatla da bağlı heç bir problemləri yoxdur. Gündəlik
tələbatları tam ödənilir. Belə
olan halda, əsgərin mənəvi-psixoloji durumu hər zaman
yüksək səviyyədə olur.
Cocuq Mərcanlıya
qəhrəman kimi dönmək istəyirəm
Söhbət əsnasında
bəlli olur ki, 10 aydır burada xidmət edən əsgər
Qaçay Əhmədzadə Cəbrayıl rayonunun
işğaldan azad olunan Cocuq Mərcanlı kəndindəndir. Üz-gözündən
təbəssüm duyulur. Əsgər deyir ki, hərbi
xidmətə gəlmədən öncə
yaşadığı sevinci neçə müddətdir yoldaşları
ilə paylaşır:
"İki il öncə bizim ailəmizdə ən sevincli gün yaşandı. Atamın, anamın illərdir çəkdikləri Vətən həsrəti bitdi. Valideynlərimin sevincdən uşaq kimi ağlamaları, Cocuq Mərcanlı kəndinin əhalisinin fərəhi gözümün önündədir. 26 il Vətən nisgili ilə yaşayan insanlara Ali Baş Komandan İlham Əliyev ən böyük hədiyyəni etdi. Cocuq Mərcanlı kəndi yenidən bərpa olundu. İndi kəndimizdə həyat qaynayır. Ailəmiz də növbədədir, yeni tikilən mənzillərdən biri də İnşaallah bizim olar. Mən də kəndimizə qəhrəman kimi qayıtmaq istəyirəm”.
Qaçayın sözlərinə görə, aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət onu daha da ruhlandırıb və indi əmindir ki, qüdrətli ordumuz düşmənə cəbhənin istənilən nöqtəsində layiqli cavab verməyə qadirdir.
Bu gün Cocuq Mərcanlıda, Lələtəpədə düşmənə göz dağı verən Azərbaycan bayrağını tezliklə Ali Baş Komandan İlham Əliyev Şuşada, Xankəndidə dalğalandıracaq. Onlar da bu şanlı qələbənin qalib əsgərləri kimi tarixə düşəcəklər.
Şəhid əmisinin adına layiq xidmət çəkən
əsgər
Şabran rayonundan hərbi xidmətə çağırılan əsgər Amil Nadirov isə şəhid əmisinin ad və soyadını daşıyır. Əmisi Amil Nadirov 1993-cü ildə cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
İndi Amil də şərəfli əsgər geyimində Vətən keşiyində dayanıb. Deyir ki, burada nəinki o, bütün əsgər yoldaşları Vətən üçün çəkinmədən ölümün ağuşuna atılmağı, şəhidlik zirvəsinə yüksəlməyi özlərinə ən ali məqam hesab edirlər: "Vətən uğrunda döyüşlərdə canlarını qurban verənlər bizim and yerimizdir. Hər zaman şəhid əmimin adını uca tutmaq, o adı doğrultmaq üçün əlimdən gəlini edirəm”.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan əsgər Oruc Nəcəfov və Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılan Taleh İsmayılov da 10 aydır təmas xəttində xidmət keçirlər. Şəraitdən çox razı qalan əsgərlər komandirlərinin verdikləri tapşırıqları, əmrləri yerinə yetirir, qayda-qanunlara əməl edirlər. Deyirlər ki, burada ani bir səhv ölüm deməkdir. Ona görə də ayıq-sayıqlığı əldən vermirlər.
Ön xətdə xidmətləri ilə fəxr edən
əsgərlər
...Səngərlərdə növbə dəyişir. Günün mühüm hissəsini rəşadətlə, ayıq-sayıqlıqla, torpaq təəssübü ilə Vətəninin keşiyini çəkən gənc igidlər zəmanəmizin ən böyük, fəqət tanınmayan qəhrəmanlarıdırlar.
Onları tanımasaq da, fədakar hərbi xidmətlərinin nəticələrini hər an görürük və anlayırıq ki, Azərbaycan səngəri artıq basılmazdır, Vətən torpağı etibarlı əllərdədir, əsgərlərimiz güclüdürlər.
Gördüklərimiz, eşitdiklərimiz onu deməyə əsas verir ki, ön xətdə xidmətləri ilə fəxr edən əsgərlər Ali Baş Komandanın hücum əmrinə hər an müntəzirdirlər. Əsgərlərdəki özünə inamı, vətənpərvərlik hissini və döyüş ruhunu, onlardakı mərdliyi görüb qürurlanmamaq olmur. Bu, həqiqətən, ayrı bir hiss, ayrı bir təəssüratdır. Elə bu xoş təəssüratla da igid oğullarımızla sağollaşıb ayrılırıq. Bizə ancaq onlara "Allah amanında” demək qalır.
Zəhmətkeş əhali çəkinmədən,
qorxmadan əkib-becərməklə məşğuldur
Hərbi təyinatlı avtomobillə torpaq yollarla geri qayıdırıq. Səngərlərdən, döyüş bölgəsindən o qədər də uzaq olmayan məsafədə yerləşən əkin sahələrində insanlar əzmlə çalışırlar. Yağış yağmasına baxmayaraq, sübh tezdən sahədədirlər. Hərçənd bura döyüş bölgəsidir...
İllərdir cəbhə boyu zonada düşmənlə üz-üzə yaşayan zəhmətkeş əhali qorxmadan, çəkinmədən əkib-becərməklə məşğuldur. Çünki bütün ömrünü torpağa bağlamış insanların qazancı elə torpaqdan çıxır. Hiss olunur ki, bu mövsüm yaxşı soğan və kələm yetişib. İnsanlar əkib-becərdikləri məhsulu yol kənarına çıxarıb münasib qiymətə satmaqla dolanışıqlarını təmin edirlər.
Atəşkəs rejimini hər gün pozan düşmən silahlarının vahiməli səslərinə bu yerlərdə yaşayan əhali vərdiş edib. Hamı öz işində-gücündə, bağında-bostanında gündəlik qayğıları ilə məşğuldur. Gözünü bu yerlərdə dünyaya açan uşaqlar da məktəblərdə dərslərin güllə səsləri altında keçilməsinə artıq öyrəşiblər. İllərdir o günahsız uşaqlar həyəcanlı, qorxulu, ağrılı-acılı günlər yaşayırlar. Bütün bu acınacaqlı durumun yeganə səbəbi müharibə və onun ağır fəsadlarıdır.
Qəhrəmanları ilə qürur duyan hərbi hissə
Bizim isə yolumuz davam edir. Hərbi təyinatlı
avtomobillə bir qədər arxada döyüş
tapşırığını yerinə yetirən "N”
saylı hərbi hissənin digər bölməsinə
yetişirik.
Ön xətt olmasına
baxmayaraq, bura sosial infrastrukturu, maddi və hərbi-texniki təchizatı,
hərbi təyinatlı tikililəri, səliqə-sahmanı,
təmizliyi ilə diqqəti çəkir.
Öncə onu vurğulayaq
ki, bu hərbi hissə ağır döyüş yolu
keçib. 1993-cü ildə yaradılan hərbi hissə həmin
ildə cəbhədə gedən ağır
döyüşlərdə iştirak edərək 241 şəhid
verib. Döyüşlərdə fərqlənən hərbi
qulluqçularından 3 nəfər Azərbaycan
Bayrağı ordeni, 2 nəfər "Vətən
uğrunda”, 2 nəfər "İgidliyə görə” və
60 hərbçisi qüsursuz xidmətdə fərqləndiklərinə
görə müxtəlif dərəcəli medallarla təltif
olunublar.
Bu hərbi hissə iki il
öncə Azərbaycan Ordusunun şanlı aprel zəfərində
də böyük şücaət göstərərək qəhrəmancasına
şəhid düşən zabit Raquf Orucovla qürur duyur. Hərbi hissənin qərargahında şəhidlik
zirvəsinə yüksələn və "İgidliyə
görə” medalı ilə təltif olunan zabitin şərəfinə
hazırlanmış stentdə nümunəvi hərbi xidməti,
keçdiyi döyüş yolu əks olunub. Vaxtilə cəbhənin ən çətin və
mürəkkəb istiqamətində - Murovdağda kəşfiyyatçı
kimi göstərdiyi igidliklər hələ
sağlığında onun haqqında əfsanələrin
yaranmasına səbəb olub. Şanlı
ordumuzda xidmət etdiyi müddətdə Raquf Orucov qorxmaz, cəsur,
mərd, vətənpərvər bir zabit kimi hərbçilər
arasında dərin hörmət və ehtiram qazanıb. Bu gün də hərbi hissənin bütün şəxsi
heyəti Raquf Orucovu dərin ehtiram hissi ilə anır və
onunla eyni hərbi hissədə qulluq keçdikləri
üçün fəxarət, qürur hissi keçirirlər.
Dərslərdə
əsgərlər yüksək ixtisas və taktiki
hazırlığa yiyələnirlər
Şəxsi heyət növbəli
şəkildə döyüş
tapşırığını yerinə yetirir. Zabit Qənbər
Orucov deyir ki, hərbi hissədə günün nizam qaydalarına
uyğun olaraq dərslər, məşğələlər,
silah təmizləmə, fiziki hazırlıq və asudə
vaxt olur. Əsgərlərin
döyüş hazırlığı ilə bağlı tədbirlər
kompleks şəkildə yerinə yetirilir.
Müdafiə Nazirliyi tərəfindən
təsdiq edilmiş döyüş hazırlığı
planına uyğun olaraq il ərzində nəzərdə
tutulan tədbirlər qrafikə uyğun həyata
keçirilir. Gündəlik döyüş
hazırlığı məşğələlərində
topçular ixtisas, taktiki və atış
bacarıqlarını artırmaqla məşğul olurlar.
Artilleriyaçılar bu məşğələlərdə
silahların taktiki-texniki xüsusiyyətlərini həvəslə
öyrənir, doldurucudan tutmuş tuşlayıcılara qədər,
heyətdən tutmuş diviziona qədər vahid mexanizm kimi hərəkət
etmə vərdişlərini mənimsəyirlər. İstənilən zaman həyəcan siqnalı ilə
divizion istənilən cəmləşmə rayonuna
çıxmağa və döyüş aparmağa qadirdir.
Zabitin sözlərinə
görə, döyüş hazırlığı dərslərində,
məşq və təlimlərdə əgər şəxsi
heyət yüksək ixtisas və taktiki hazırlığa
yiyələnirsə, yəni, öz gücünə və
döyüş bacarığına inam qazanırsa, deməli,
həm də mənəvi-psixoloji
hazırlığını artırır.
Kazarmalardakı səliqə-sahman,
əsgərin istirahəti üçün yaradılan şərait
diqqət çəkir
Hərbi hissənin ərazisi ilə tanış oluruq. Burada qərargah
binası, 2 kazarma, yeməkxana, hamam kompleksi, müasir
avadanlıqlarla təchiz edilmiş camaşırxana, qazanxana və
tibb məntəqəsi mövcuddur.
Qərargah binasında Ali
Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və
qayğılarını, hərbçilərlə
görüşlərini əks etdirən və aprel
döyüşlərində şəhid olan igid
oğulların fotolarından ibarət guşə
yaradılıb.
Ön cəbhənin hərbi hissəsinin
əsgər kazarmalarındakı səliqə-sahmana, təmizliyə
söz ola bilməz. Burada hərbi
qulluqçuların istirahəti üçün hər
cür şərait var. Əsgərlərin şəxsi
bacarığının üzə çıxarılması
məqsədilə ayrılan guşələrdə
onların yaradıcılıq nümunələri, divar qəzeti,
Milli Qəhrəmanların fotoları, hərbi qaydalar
haqqında stendlər asılıb. Kazarma
müasir istilik sistemi, əsgər çarpayıları isə
əvvəlkilərdən fərqli olaraq, daha yüksək
keyfiyyətli döşəklərlə və yastıqla təchiz
olunub. Eyni zamanda, hərbçilərin
televiziya vasitəsilə həm informasiya təminatı ödənilir,
həm də maraqlarında olan verilişləri izləmələri
təmin edilir.
Binada ideoloji və digər zəruri
otaqlar da hərbçilərin ixtiyarına verilib.
Yüksək
döyüş hazırlığının səbəbi əsgərlərin
dili ilə...
Kazarmaya daxil oluruq və
bölük növbətçisi komanda verdikdən sonra
gün növbətçiləri ilə söhbətləşirik. Məlum olur ki, Sumqayıt
şəhərindən həqiqi hərbi xidmətə
çağırılan əsgər Elnur Alıyev ali təhsillidir, Bakı Dövlət
Universitetinin Beynəlxalq münasibətlər və
iqtisadiyyat fakültəsini bu il bitirib. Vətənə
xidmət etməyi özünə mənəvi borc bilən
Elnur 4 aydır hərbi xidmətdədir. Burada
yaradılan şərait onu çox sevindirir:
"Döyüş bölgəsidir,
amma baxın, nə yaxşı şərait yaradılıb. Kazarmalarımız
tər-təmiz, yediyimiz yeməklər keyfiyyətli və hərbi
hazırlığımız yüksək səviyyədədir.
Şəxsi heyətin hərbi vətənpərvərlik
ruhunun gücləndirilməsi məqsədilə bütün
lazımi tədbirlər həyata keçirilir. Bu tədbirlər həm də əsgərlərin mənəvi-psixoloji
durumunu və döyüş hazırlığını daha
da yüksəldir”.
Mingəçevir Dövlət
Universitetinin İstilik energetikası fakültəsinin məzunu,
əsgər Aqil Babazadə də 4 aydır xidmətdədir və
bu müddət ərzində xeyli hərbi biliyə yiyələnib. Döyüş
bölgəsində xidməti ilə fəxr etdiyini deyən əsgər
hesab edir ki, burada yaradılan yüksək səviyyəli
şərait Ali Baş Komandan İlham Əliyevin Azərbaycan
Ordusuna göstərdiyi qayğının bariz nümunəsidir.
Hər cür təminat əsgərlərin
döyüş ruhunu daha da yüksəldir.
Hərbçilərin
qida rasionu - bol çeşid, fərqli dad...
Nahar vaxtına az
qalır, bir azdan döyüş
tapşırığını yerinə yetirən əsgərlər
növbə ilə nahara gələcəklər. Kazarmadan çıxıb yeməkxanadakı
hazırlıq prosesini izləməyə yollanırıq.
Kazarmalarda olduğu kimi,
burada da səliqə-sahmana və təmizliyə tam riayət
edilir. Bütün avadanlıqla təchiz edilmiş yeməkxanada
mətbəx, təsərrüfat otaqları, eləcə də
ərzaq və əşya anbarları yaradılıb. Hərbi hissələrdə şəxsi heyətin
qidalanmasının keyfiyyətinin
yaxşılaşdırılması və bişirilən yeməklərin
çeşidinin artırılması məqsədilə milli
yeməklərin hazırlanmasına üstünlük verilir.
Burada 16 mülki qadın işçi, bir kişi
aşpaz çalışır.
Günortanın qida rasionu
hazırdır. Birinci və ikinci növ yeməklərin
hərəsindən 2 çeşid bişirilib. Seçim hərbçilərindir. Sulu yeməklərdən
noxud və ya mərci supu, quru xörəklərdən üzərində
ət qulyaşı ilə qarabaşaq və ya qulyaşla
qızardılmış makaron var. Yeməklərin yanında
xiyar-pomidor salatı, soyulmuş-doğranmış sarımsaq
və soğan, alma şirəsi verilir.
Ümumiyyətlə, şəxsi
heyət üçün hazırlanan gündəlik yeməyin
çeşidi çox zəngindir. Səhər qida
rasionunda hər gün kərə yağı, pendir, meyvə
cemi, yumurta, şirin çay mütləqdir. Bundan başqa, müxtəlif günlərdə səhərlər
düyü, vermişel sıyığı, çəkilmiş
mal əti ilə qarabaşaq verilir.
Nahar rasionu da
çoxçeşidlidir. Həftənin müxtəlif
günlərində çeşidi dəyişməklə sulu yeməklərdən mərci, lobya, noxud
şorbaları, borş, küftə hazırlanır. Bununla yanaşı, qovrulmuş ətlə makaron,
qarabaşaq, düyü, vermişel bişirilir.
Şam yeməyində isə
balıq konservi, kartof püresi, bulğur və düyü
sıyığı olur. Bütün isti yeməklərlə
yanaşı, hərbçilər mövsümi tərəvəz
salatları və yalnız hərbçilər
üçün nəzərdə tutulan su və şirələrlə
təmin edilirlər.
Hələ kimsə
yeməklərin dadından şikayət etməyib
Naharını bitirib əsgərlərin
bir neçəsinə yaxınlaşıb onlar
üçün bişirilən yeməklərin dadı-duzu
ilə bağlı səmimi söhbət edirik. Sumqayıt şəhərindən
olan Elxan Məmmədov deyir ki, hərbi xidmətə gələndə
yeməkxanada xörək yeyə bilməyəcəyini
güman etsə də, ilk dəfə
rastlaşdığı mənzərə ona xoş təsir
bağışlayıb: "Gördüm ki, çeşid-çeşid
yeməklər hazırlanıb. Zabitlər,
gizirlər də əsgərlərlə bərabər
növbəyə durub bişirilən yeməklərdən
yeyirlər. Onda inandım ki, həqiqətən,
yeməklər yaxşıdır və mən də
yoldaşlarıma qoşuldum. Həqiqətən,
əla dadlı yeməklər yeyirik”.
16 aydır burada xidmət edən
əsgər Valeh Quluzadə isə deyir ki, bu müddət ərzində
bir dəfə də olsun, yeməklərdən narazı
qalmayıb.
Çünki həm təmizlik, həm də qida rasionu
baxımından hər şey əla vəziyyətdədir:
"Burada anaların işləməsi yeməklərin
dadını-duzunu daha da artırır. Onlar da
bir əsgər analarıdır və istəyirlər ki, biz
dadlı yeməklər yeyək. Hər
gün müxtəlif yeməklər yeyirik və əminəm
ki, burada xörəklərdən narazı qalan əsgər
yoxdur”.
Avtomatlaşdırılmış
camaşırxana, qazanxana və hamam kompleksi
Hərbi hissədə
müasir tələblərə cavab verən hamam, qazanxana və
tamamilə avtomatlaşdırılmış camaşırxana
kompleksi fəaliyyət göstərir. Camaşırxanada
7 nəfər mülki işçi çalışır.
Burada 3 yuyucu, 2 quruducu və 2 ütüləyici müasir
avadanlıq var. Camaşırlar yuyulub, ütülənib
çeşidləndikdən sonra yenidən bölmələrə
təhvil verilir.
4 mülki işçinin
çalışdığı qazanxana isə hərbi hissənin
isti-soyuq su təchizatını təmin edir.
Müasir avadanlıqlarla təmin
edilmiş tibb məntəqəsində isə peşəkar həkim
qrupu şəxsi heyətin sağlamlığının
keşiyində dayanıb. Xəstəliklərin
qarşısının əvvəlcədən
alınması məqsədilə mütəmadi olaraq bölmələrdə
geniş profilaktik işlər aparılır, xəstəliktörədən
viruslardan qorunmağın yolları haqqında tövsiyələr
verilir, peyvəndlər vurulur.
Əsgərin
döyüş ruhunu yüksəldən amillər
Gördüyümüz real
mənzərə Azərbaycan Ordusunun gündən-günə
gücləndiyini bir daha təsdiq edir. İstər
maddi-texniki təminat, istər silah-sursat, istərsə də
hərbi qulluqçuların vətənpərvərlik,
döyüş ruhunun yüksəlməsi istiqamətində
aparılan təbliğat işləri öz müsbət nəticəsini
verir.
Əlbəttə ki, ön xətdəki
hərbi hissədə yaradılmış şərait şəxsi
heyətin yüksək mənəvi-psixoloji ovqatda köklənməsinə,
döyüş və mübarizə əzminə də
müsbət təsir göstərir. Nümunəvi hərbi
xidmətin əsas göstəricilərindən biri də
şübhəsiz ki, əsgər və zabitlərin vəzifə
borclarına layiqincə yanaşmalarıdır. Məhz bu baxımdan hərbi hissədə
münasibətlər sırf hərbi qanunvericilik, daxili
nizamnamə üzərində qurulur.
Ali Baş Komandan İlham
Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyinin əsgər
və zabitlərlə mütəmadi olaraq görüşməsi,
onların qayğısı ilə maraqlanması hərbçilərimizdə
döyüş, vətənpərvərlik ruhunu daha da
artırır.
Bu gün ən müasir
silahlarla, texnikalarla təchiz edilən Azərbaycan Silahlı
Qüvvələri dünya miqyasında 50 ən güclü
ordu sırasındadır. Azərbaycan hərbi
texnikanın istehsalı işində uğurla inkişaf edir.
Ölkəmizdə mindən çox adda hərbi
təyinatlı məhsul istehsal olunur. Bir
sözlə, bu gün Azərbaycanın hərbi potensialı
və ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.
Ali Baş Komandan İlham
Əliyevin söylədiyi kimi, düşmən bilməlidir
ki, onun bir dənə də olsun hərbi və ya strateji
obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
Rəşad BAXŞƏLİYEV
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 4 noyabr.- S.1-2.