Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tamaşa nümayiş olunub

 

Nizami Kino Mərkəzində narkomaniyanın doğurduğu faciələrdən bəhs edən "Bəla” film-tamaşasının ictimai nümayişi olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Əli Həsənov, Milli Məclisin deputatları, Komissiyanın üzvləri, aidiyyəti dövlət orqanlarının məsul şəxsləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, o cümlədən ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan film-tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, o cümlədən Bakı Uşaq Teatrının yaradıcı və texniki heyəti tərəfindən ərsəyə gəlib.

Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Milli Məclisin deputatı Fazil Mustafa tədbirdə çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, maarifləndirmə xarakterli olan film-tamaşanın əhəmiyyətindən danışıblar. Ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqət və bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə sahəsində dəyişməz qətiyyətli mövqe göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin hər zaman gənclərə böyük dəyər verərək onları dövlətimizin və millətimizin gələcəyi adlandırıb. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi səylər nəticəsində Azərbaycanın artıq bütün dünyada tanındığını və mötəbər tədbirlərə ev sahibliyi edərək ölkəmizin nüfuzunun artdığını bildirib.

Narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanlarının əməyini yüksək dəyərləndirib, bu sahədə cəmiyyətin hər bir fərdinin fəal vətəndaş mövqe nümayiş etdirməsini diqqətə çatdırıb.

Əli Həsənov bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurulub. Belə ki, bu il noyabrın 19-23-də Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası keçiriləcək. Bundan əlavə, Beynəlxalq Narkotiklərlə Mübarizə Konfransının (İDEC) qərarına əsasən, Azərbaycan 2019-cu il aprelin 16-18-də Bakıda bu mötəbər qurumun növbəti konfransına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarların qəbul olunması ölkəmizin beynəlxalq təşkilatlar ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyinin göstəricisi olduğunu bildirib.

Yekunda Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə çərçivəsində istər dövlət qurumlarının, istər ictimai birliklərin, istərsə də vətəndaşların hər birinin təşəbbüsünü müsbət qiymətləndirdiyini və onların həyata keçirilməsi üçün əlindən gələn köməyi etməyə hazır olduğunu xüsusi ilə qeyd edib.

Çıxışlardan sonra əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan "Bəla” film-tamaşası nümayiş olunub.

Daha sonra Əli Həsənov "Bəla” film-tamaşasının ərsəyə gəlməsində zəhməti olan yaradıcı heyəti, aktyoraktrisalarla görüşərək onlara minnətdarlığını bildirərək tövsiyələrini verib.

 

Azərbaycan.- 2018.- 4 noyabr.- S.3.