“Azərbaycan”ın birinci səneyi-davamiyyəsi
Məmləkət, millət və vətənimizin nami-müqəddəsi və müşərrəfilə təsmiyə edilib də müəyyən bir qayə, mübəccəl bir məfkurə ilə intişar edən qəzetəmizin - "Azərbaycan”ın - birinci səneyi-davamiyyəsi doldu.
Tamam keçən il zilhiccənin əvvəl ibtidalarında (8-də - sentyabrın 15-də) Gəncədə mövqei-intişara çıxan və yenə təşrini-əvvəlin (oktyabrın 3-də) 5-ci nömrədən Bakıda nəşriyyatına davam edən qəzetəmiz, heç şübhəsiz ki, cümhuriyyət və istiqlaliyyətimizin həyat və mövcudiyyəti naminə xeyirli və faidəli xidmətlər etmiş, əfkari-ümumiyyəyi idarə, müşkül vəziyyətlər qarşısında cəmaətimizi mənai-zində bir halda bulundurub da siyasi bir imanı idamə etməyə müavinət və təsiri olmuşdur.
Bir illik "Azərbaycan” kolleksiyonu tədqiq edilir, nəşr edilən məqalə və felyetonlar bir gözdən keçirilirsə, görünür ki, milliyyət, siyasiyyat, ticarət və iqtisadiyyat və tariximiz həqqində olduqca birər məlumat vardır. "Azərbaycan” mühərrirləri böyük bir xülus və safiyyətlə əllərində tutduqları qələm ilə ancaq bir hədəf və bir qayəyi gözlərinin önündə bulundurmuşlardır ki, o da məmləkətin səlaməti, millətin hürriyyəti-siyasiyyəsi, fikri-istiqlaliyyətin qüvvətlənməsidir. Bu üç şüar bittəb bu gün ümum əfradi-millət arasında söylənib təkrar edilməkdə və mətbuat isə bunu təqviyə eləməkdədir.
"Azərbaycan”ın bir illik səneyi-davamiyyəsi köhnə və keçmiş illərin ağır şəraiti-təhririyyə və az-çox milli bir qayədən məhrum bulunan həyati-təşriyyəyə qırmızı bir çizgi çəkmiş, keçmiş ilə hal-hazır arasındakı siyasi, ictimai, milli hərəkatımız kibi, mətbuatımız da gələcək tarixin tədqiq və tənqidinə buraxılmışdır. Tarix, əlbəttə, bir millətin həyati-siyasiyyə və istiqlaliyyəsini tədqiq edir ikən heç bir xətayı unutmayacağı kibi, heç bir fərdi də məsuliyyətsiz buraxmayacaqdır. Siyasilər siyasi xətalarından, alimlər tənbəlliklərindən, hərbşünaslar yanlış müdafiə tədarüklərindən, cəmaət də məfkurəsizliyindən, cahil də cühhalından. Halbuki bir millətin mətbuatı və mühərrirləri də xəta və nöqsanları yazmamasından, söyləməməsindən, mənafei-millət və vətənə aid düşünməməsindən dolayı məsuldur.
İştə "Azərbaycan”ın birinci səneyi-davamiyyəsini biz bu gün qeyd edər ikən bütün mühərrirlər və mütəfəkkirlərimizin də ülvi və həqiqətpərvər bir qayə ilə həyati-təhririyyələrinə davam edərək cəmaətimiz üçün görəcəkləri fikri xidmətin mənəvi mükafat və qədri də, əlbəttə, yaddan çıxmaz.
"Azərbaycan”, 9 oktyabr 1919, N 291
Mübəccəl - müqəddəs, pak
Müşərrəf - şərəfli
Təsmiyə - adlandırma
Mənayi-zində - canlı ruhda
Kolleksiyon - toplu
Xülus - xalislik, saflıq
Safiyyə - saflıq, təmizlik
Təqviyyə - qüvvətləndirmə
Qeyd: Redaksiya qəzetin bir illik fəaliyyətinə oktyabrın 9-da qısa və məzmunlu bu redaksiya məqaləsi ilə qiymət vermişdir. Burada sentyabrın 15-i qəzetin Gəncədə nəşri qeyd edilsə də (Gəncədə qəzetin Azərbaycan və rus dillərində 4 nömrəsi çıxmışdır: 15, 19, 22 və 25 sentyabr), redaksiya qəzetin Bakı fəaliyyətini təhlil etmişdir (Bakıda qəzetin oktyabrın 3-dən 1919-cu il oktyabrın 3-nə qədər 284 nömrəsi çıxmışdır. Bakı sayları oktyabrın 3-dən Azərbaycan, 7-dən isə rus dillərində müstəqil olaraq nəşr edilmişdir). Beləliklə, biz indi qəzetin Gəncədə fəaliyyətə başlamasının və Bakıdakı fəaliyyətinin 100 illiyini qeyd edirik.
Məqaləni redaksiyaya professor Şirməmməd Hüseynov
təqdim edib
Azərbaycan.- 2018.- 4 noyabr.-
S.4.