Can verməklə
candan can əskik olmaz...
Dünyada
geniş miqyas alan könüllü orqan
transplantasiyası prosesi Azərbaycanda hələ də
hüquqi və mənəvi həllini tapmayıb
"7 ildir hər yerdə
onu gəzirəm, gəlib keçən hər kəsin
üzündə gözlərini, danışanda səsini, hənirində
nəfəsini axtarıram, tapa bilmirəm. Kaş biləydim ki, kimdəsə
Cavidimin bir parçası var, getdiyi yollarda dizin-dizin
sürünər, üzümü sürtərdim
ayağının izlərinə, oğlumun ətrini
alardım ...”
16 yaşlı oğlunu
avtomobil qəzasında itirən Nadir dayı saçlarına
vaxtsız dən salan övlad itkisindən elə
ağrılı-acılı danışır ki, insanın
ürəyi parçalanır. Oğlu Cavid beyin ölümü nəticəsində
dünyasını dəyişib: "Xarici telekanallara baxanda
görürəm ki, dünyada bu cür həyatını
itirən insanların orqanları bağışlanır, neçə-neçə
insana həyat verilir. Təəssüf ki, bizdə belə bir
təcrübə yoxdur, olsaydı, indi mənim balam da bir
çoxuna yaşam səbəbi olardı... Mən də onun
yoxluğunu bu qədər hiss etməz, təsəlli
tapardım, bilərdim ki, balamın ürəyi dayanmayıb,
kiminsə qəlbində yenə döyünür,
yaşayır, sevir, sevilir...”
Yaradılışın
özündə orqan transplantasiyasına bir işarə...
Dünya var olan gündən,
bütün cahan fatehləri, bəşəriyyəti
qarşısında diz çökdürən sərkərdələr
daim uzun yaşam və "dirilik suyu” axtarışında
olublar. Qoca dünya isə çox vəfasızdır və
min illərdir torpaqdan yaranan insanı torpağa qaytarmaq
qanunundan bir dəfə də olsun kənara
çıxmayıb. Nə qədər tibbi, texniki və
elmi nailiyyətlər olsa da, hamımızı zaman
maşınının müvəqqəti sərnişininə
çevirib...
Amma həyat çox şirindir, bu
dünyada fani olduğumuzu bilsək belə, bir az
daha çox qalmaq, bir az daha çox yaşamaq
üçün zamanın gözündən yayınmağa
çalışırıq...
Hazırda bunun
üçün ən real çarə dünyada həyata
keçirilən orqan transplantasiyasıdır. Əslində, bu əməliyyat
son illərin tibbi nailiyyəti kimi dəyərləndirilsə
də, insan yaradılışının özündə
orqan nəqlinin həyata keçirilməsinə bir işarə
var. Belə ki, Allah-taalanın Həvvanı Adəmin
qabırğasından yaratdığı, hətta buna görə
kişilərin sol qabırğalarının sayının
sağdakına nisbətən bir ədəd az olduğu
bildirilir...
Azərbaycanda
donor köçürülməsini gözləyən xeyli
sayda xəstə var
Kəskin qaraciyər
serrozundan əziyyət çəkən 34 yaşlı Liyaniz
Şamilov 1 ildir ki, ona donor köçürülməsini
gözləyir. Anası Zinyət xanım deyir ki, donor
tapılıb. Öz gəlini həyat
yoldaşının qardaşına donor olmaq üçün
razılıq verib. Amma əməliyyat üçün
lazım olan 50 min manatı ödəmək onlar
üçün imkansızdır: "Hər keçən
gün oğlum gözlərimin qarşısında şam
kimi əriyir, heç nə ilə ona kömək edə
bilmirəm, təcili əməliyyat lazımdır, yoxsa...”
Qaynı üçün donor
olmağa razılıq verən Lalə xanım isə bu qərarı
verərkən heç bir tərəddüd etməyib:
"Qaynım elə mənim qardaşım sayılır. Gözlərim qarşısında əziyyət
çəkir, yaşaması üçün mənə
ehtiyacı varsa, necə ona öz kömək əlimi uzatmaya
bilərəm. Həkimlərlə məsləhətləşmişəm,
deyirlər ki, donor xəstədən tez sağalır və hətta
gələcəkdə ana olmağım üçün də
heç bir problem yoxdur”.
Ölkəmizdə donor
köçürülməsini gözləyən xeyli sayda xəstə
var və onların əksəriyyətinə ya maddi, ya da ki,
orqan tapılmaması səbəbindən bu əməliyyat həyata
keçirilə bilmir.
Statistikaya əsasən, Azərbaycanda
son beş ildə ümumi olaraq 991 orqan və
onun hissələrinin köçürülməsi əməliyyatı
həyata keçirilib.
Ümumi orqan transplantasiya əməliyyatlarının
70 faizini böyrək köçürülməsi təşkil
edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin
köçürülməsi gəlir ki, onun da payı 17
faizdir. Aparılan orqan
köçürülməsi əməliyyatlarının 10
faizini isə sümük iliyi transplantasiyası tutur.
Alternativ donor mənbəyi
meyit orqanlarından istifadədir
Səhiyyə Nazirliyinin
Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə
Şurasının üzvü, Mərkəzi Gömrük
Hospitalının Cərrahiyyə və orqan
transplantasiyası şöbəsinin müdiri, tibb üzrə
fəlsəfə doktoru Mircəlal Kazımi deyir ki,
çalışdığı müddət ərzində
600-ə yaxın orqan transplantasiyası icra edib və
onların 125-i qaraciyər, digərləri isə böyrək
transplantasiyası olub.
Mircəlal Kazımi qeyd edir ki,
ümumiyyətlə, tək Azərbaycanda deyil, bütün
dünyada orqan transplantasiyasına ehtiyacı olan xəstələrin
sayı artır: "Qaraciyər və böyrək
transplantasiyası gözləyən xəstələrin
sayı çoxdur və bu sahədə olan əsas problemlərdən
biri orqan çatışmazlığıdır ki,
böyük ehtimalla bu yaxınlarda həmin problem həll
olunacaq. Problemin həll yollarından biri və əsası
meyit orqanlarından istifadə olunmasıdır, çünki
bu alternativ donor mənbəyidir”.
İnsanları
ölümə tərk etmiş oluruq...
"Günün birində orqan
transplantasiyasına ehtiyacı olan o insanlardan biri mən, siz,
hamımız ola bilərik” söyləyən Milli Məclisin
Səhiyyə komitəsinin üzvü Qənirə
Paşayeva bildirir ki, əsasən Azərbaycanda sağlam
insanlardan donor köçürülür, amma bu, dünyada məqbul
görülən, çox xoş qarşılanan variant deyil:
"Çünki bu orqanlar böyrək, qaraciyər və
sümük iliyi transplantasiyası ilə məhdudlaşır.
Biz orqan transplantasiyasına ancaq bu prizmadan
yanaşsaq, onda digər orqanlara ehtiyacı olan insanları
ölümə tərk etmiş oluruq”.
Deputatın sözlərinə
görə, dünyanın inkişaf etmiş ölkələrində
böyrəyin, qaraciyərin belə sağlam insanlardan
alınıb ailə üzvlərinə
köçürülməsinə müsbət baxmırlar. Nə qədər
cüt, arta bilən orqan olsa da, bu orqanlardan birinin bədəndən
götürülməsi riskdir. O, insanın
sağlamlığına öz mənfi təsirini mütləq
göstərir. Ona görə də bunu
könüllü donorluq məsələsi vasitəsilə
dünyada həll ediblər.
"Əgər mənə
beyin ölümü diaqnozu qoyularsa, niyə mənim
öldüyüm anda orqanlarım bir neçə insanı
yaşatmasın?” deyən Qənirə Paşayeva
düşünür ki, bunun sayəsində bir insan 6-7
insanı yaşada bilər. Azərbaycanda isə
könüllü donorluq etmək üçün kifayət qədər
insan var. Sadəcə bu müvafiq qanun Milli Məclisdə qəbul
olunmalı və icrasına başlanılmalıdır:
"Bu, orqan gözləyən xeyli insanımızı həyata
qaytarmağa imkan verəcək və artıq mən
özüm bu addımı atmışam”.
Çürüyüb
torpağa qarışacaq orqanlarım kimlərəsə
yaşam qaynağı olsun
Mövzu ilə bağlı respondentlər
arasında apardığımız kiçik rəy
sorğusundan sonra belə qərara gəldik ki,
sağlığında donor olmaq, yaxud öldükdən sonra
orqanlarını bağışlamaqla bağlı qərar
vermək məsələsində tərəddüdlü
yaşayanlar, bunu humanist addım kimi dəyərləndirənlər,
gözünü qırpmadan "hə” deyənlər də
var...
"İstəmərəm
ki, öldükdən sonra hansısa bir orqanımı
çıxarıb başqasına köçürsünlər. Bəlkə də məni
xudbin adlandıracaqlar, amma mən belə
düşünürəm”, - deyir 22 yaşlı Sevinc
xanım.
Vüsal adlı tələbə isə
bildirdi ki, ölümündən sonra orqanlarını
bağışlayar: "Bədənim onsuz da məndən sonra
çürüyüb torpağa qarışacaq, ondansa kimlərəsə
bir ümid olsun”.
2011-ci ildə övladına böyrəyini
verən Səkinə xanım söyləyir ki, hazırda
özünü həm çox sağlam, həm də
xoşbəxt hiss edir: "Oğlum şəkərli diabetdir
və kəskin böyrək
çatışmazlığından əziyyət çəkirdi.
Artıq o, özünü yaxşı hiss edir
və mən ona azacıq da olsa kömək edə bildiyim
üçün Allaha şükür edirəm”.
Orqan
bağışlanması "Quran”ın ruhuna, Peyğəmbər
davranışına zidd deyil
Orqan transplantasiyasına,
xüsusilə də ölümündən sonra orqanların
bağışlanmasına dinlərin münasibəti də
insanlar arasında maraq doğuran əsas məsələlərdən
biri, bəlkə də elə birincisidir desək,
yanılmarıq.
İlahiyyatçı, "Mənəvi
Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği
İctimai Birliyinin sədri Hacı Şahin Həsənli
söyləyir ki, islam dini sağlam insanın öz
orqanını bir başqasına hədiyyə etməsinə
müsbət baxır, həmçinin bir insanın həyatını
xilas etmək üçün ölümündən sonra
orqanlarını bağışlamasına icazə verir:
"Çünki bu, ölüm təhlükəsi ilə
üzləşən insana həyat bəxş etməkdir. Amma burada bir məsələ var ki, orqanlarını
bağışlayan sağlam insanın öz sağlamlığına
heç bir zərər gəlməməlidir. O cümlədən,
meyitdən orqan götürülməsi
sağlığında onun özünün
razılığı əsasında, yaxud vərəsələrinin
razılığı ilə həyata keçirilməlidir”.
Hacı Şahin Həsənliyə
görə, orqan transplantasiyası müasir bir məsələ
olsa da, dinimizin özəlliyi ondadır ki, bütün
zamanlara uyğunlaşır və zamanın tələblərinə
uyğun olan bu məsələyə də müsbət
yanaşır: "Hər hansı bir yeni mövzu ortaya
çıxdıqda "Quran”da birbaşa bununla bağlı
hansısa ayə olmaya bilər, çünki bu, müasir məsələdir
və həmin zamanlar belə bir təcrübə yox idi. Amma
"Quran”ın ruhuna, Peyğəmbər
davranışının ziddinə deyilsə, din onu təsdiq
edir. Ona görə də prinsip olaraq qəbul
edilir ki, din bunu qadağan etmir. Həmçinin
dində bu məsələni qadağan edəcək hər
hansı bir ayə və hədis də tapmaq olmaz. Din
yalnız intiharı qadağan edir və əgər
orqanını verməklə bir şəxs öz həyatını
itirəcəksə, bunu da tövsiyə etmir”.
Xristianlıqda
orqan köçürülməsi əxlaqi cəhətdən
qəbulediləndir
"Sağlam və ya həyatını
itirmiş insanın orqanlarının köçürülməsinə,
donorluğuna xristian dinində icazə verilirmi” sualını
cavablandıran Bakıdakı Katolik kilsəsinin keşişi
Jozef ata deyir ki, orqanların köçürülməsi
donorun razılığı olduğu və onun həyatı
üçün həddindən artıq təhlükənin
olmadığı halda əxlaqi cəhətdən qəbulediləndir:
"Amma burada öz orqanlarını xeyirxah əməl olaraq
bağışlamasında donorun vəfatı faktına qəti
şəkildə əmin olmaq zəruridir. Həmçinin
hansısa digər məqsədlərlə adam
oğurluğu, girov götürmə, işgəncə,
zorakılıq kimi hallar insan şəxsiyyətinin
bütövlüyünə hörmət edilməsi ilə
ziddiyyət təşkil edir. İnsanın
amputasiya və şikəst edilməsinə yalnız terapevtik
məqsədlərlə icazə verilir”.
Müqəddəs
"Tövrat” buna Allaha xoş gedən savab kimi baxır
"Bir insanın həyatını
xilas edə bilən adam elə bil ki, bəşəriyyəti
xilas edir” deyən Dağ Yəhudiləri Dini
İcmasının sədri Milix Yevdayev söyləyir ki, əgər
bir adəm övladı digər adəm övladının həyatını
xilas edə bilirsə, müqəddəs "Tövrat” buna
Allaha xoş gedən bir savab kimi
baxır: "İnsanlar həyata iki dəfə gəlirlər:
birincisi müqəddəs analar tərəfindən, ikincisi isə
dünya sevgisini anlayandan sonra. İnsanlara əsl
sevgi ilə yanaşan adəm övladı lazım olarsa, nəinki
bir gözünü, hətta iki gözünü də verməyə
hazır olur”. Müqəddəs "Tövrat”a görə,
insanlar dünyasını dəyişəndən sonra
Allah-taala qarşısında öz ruhları ilə bərabər
bütün əzaları ilə də durmalıdırlar. Əgər müəyyən səbəblərə
görə insan tam şüurlu şəkildə
dünyasını dəyişməmişdən əvvəl
əzalarından birini sevdiyi insanlara
bağışlayırsa, bu da Allaha xoş gedən bir savab
kimi qəbul olunur.
İcma sədri onu da
vurğuladı ki, canlı insandan və yaxud da
dünyasını dəyişmişdən onların əvvəlcədən
razılığı olmadan bədən əzalarından
birinin başqasına köçürülməsi müəyyən
mənfəət məqsədi daşıyarsa, müqəddəs
"Tövrat” bunu heç cürə qəbul edə bilməz.
Donorluğa
ehtiyacı olan insanların çoxu bu yardımı ala bilmir
Hazırda Milli Məclisdə
"Orqan donorluğu və transplantasiya haqqında” qanun yenidən
işlənir və sənəddə mühüm yeniliklər
var. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini
Musa Quliyev deyir ki, mövcud qanun 20 il bundan əvvəl qəbul
olunub və o dövrdən indiyə qədər istər
dünyada, istərsə də Azərbaycanda orqan donorluğu
və transplantasiya xeyli inkişaf edib. Meyitdən
orqan köçürülməsi məsələsi isə
hazırkı qanunda təsbit olunmayıb. Adıçəkilən
qanuna əlavə və dəyişikliklər edilməsində
əsas mahiyyət ondan ibarətdir ki, ölkədə meyitdən
orqan götürülməsi və köçürülməsi
işi təşkil olunsun.
"Dünyada orqan donorluğunun
85-90 faizi meyit donorluğu hesabına həyata keçirilir”
deyən Musa Quliyev vurğulayır ki, Azərbaycanda bu sistem
qurulmadığına görə donorluğa ehtiyacı olan
insanların çoxu bu yardımı ala bilmir: "Məsələn,
hansı halda meyitdən orqanları köçürmək
olar? Kimlər götürə bilər? Götürəndən sonra orqanın
saxlanılması qaydaları nədən ibarətdir? Digər bu kimi suallar hüquqi cavab gözləyir.
Həmçinin orqan
köçürüldükdən sonra onun saxlanılması
üçün immunodepressantlarla təchizat necə həyata
keçirilməlidir, onu həyata keçirən klinikalara
olan tələbatlar nədən ibarətdir?
Yeni qanunda beyin
ölümü kriteriyalarının təsbit olunması Səhiyyə
Nazirliyinin mütəxəssisləri tərəfindən
müəyyənləşdiriləcək və Nazirlər
Kabineti tərəfindən təsdiq olunacaq. Bu diaqnozun qoyulması
üçün xəstənin yanında ən azı 2 həkim
olmalıdır: anestezioloq-reanimatoloq və nevropatoloq və ya
neyrocərrah. Amma bu prosesdə transplantoloq
iştirak edə bilməz, çünki o, maraqlı şəxsdir”.
Orqan donorluğu və
transplantasiyanın reklamı qadağandır
Deputat söyləyir ki, qanunda əksini
tapacaq məsələlərdən biri də donor orqan
bankının yaradılması, eyni zamanda orqan
köçürüləcək şəxslərin,
donorların və bu sahədə ixtisaslaşan
klinikaların, həkimlərin ümumrespublika reyestr sisteminin
yaradılmasıdır:
"Tutaq ki, Qazaxda bir qəza
hadisəsi baş verib, Bakıda da bir xəstə donor orqan
gözləyirsə, dərhal elektron məlumat sistemi vasitəsilə
məlumatlar alınır və uyğunluq olarsa,
köçürülmə işi təşkil olunur. Burada etika məsələləri
də öz əksini tapmalıdır: məsələn, qohum
olmayan şəxslər necə donor ola bilərlər?
Onlar donor olduqları halda yaradılacaq komissiya
müəyyənləşdirməlidir ki, burada orqan alverindən
söhbət getmir ki? Qanunda da birmənalı
olaraq göstərilib ki, Azərbaycanda orqan donorluğu pulsuz,
humanist addım kimi həyata keçirilir və gələcəkdə
icbari tibbi sığorta yarandıqda onun hesabına olacaq”.
Musa Quliyev onu da diqqətə
çatdırdı ki, orqan donorluğunun və
transplantasiyanın reklamı qadağandır, amma maarifləndirmə
işinin aparılması məqbul sayılır, hətta
müəyyən təşkilatların, o cümlədən
səhiyyə təşkilatlarının üzərinə məsuliyyət
də qoyur.
Bizə tanınan
bu ilahi şansı qaçırmayaq...
Araşdırmadan da
göründüyü kimi, hazırda orqan transplantasiyası və
meyitdən orqan götürülməsi
günümüzün zərurətinə çevrilib. Artıq məsələnin
yaxınlarda qanuni müstəvidə də öz həllini
tapacağı gözlənilir. Amma bu problemin sadəcə
qanunlarla həllinə nail olunması mümkün deyil. Bu humanist addım hər birimizin mənəvi borcuna
çevrilməyincə, keçən hər saniyə donor
gözləyən bir insanın "ölüm hökmü”nə
imza atmış olacağıq. Halbuki bizə
İlahi tərəfindən verilən bu şansı
qaçırmayaraq, insanlığın yaşamasına qiymətli
bir töhfə verə bilərik.
Hər orqan bir can, hər can isə
insanlığın yaşaması, var olması
anlamını daşıyır...
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2018.- 4 noyabr.- S.5.