Mərkəzi Bankda III Beynəlxalq
Bankçılıq Forumu çərçivəsində
müzakirələr aparılıb
Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklar Assosiasiyası (ABA) ilə birlikdə cari ilin noyabrın 15-16-da “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumuna hazırlıq çərçivəsində görüş keçirilib.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, görüş zamanı foruma hazırlıqla əlaqədar təşkilati məsələlərə, panel müzakirələrinin mövzularına baxış keçirilib, forumun uğurlu və müvəffəqiyyətlə keçirilməsi üçün hazırlanmış fəaliyyət planı ətraflı müzakirə edilib.
Qeyd edək ki, forumun panel müzakirələrində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş bir sıra tədbirlər üzrə mövzulara yer veriləcək. Belə ki, forumda Mərkəzi Bank tərəfindən reallaşdırılan “Dövlət Proqramı – strateji hədəflər, qarşıya qoyulan vəzifələr”, “Blokçeyn əsaslı rəqəmsal identifikasiya sistemi”, “Ani ödənişlər sistemi” və digər bu kimi aktual mövzularda təqdimatlar keçiriləcək.
Bu il sayca üçüncüsü
baş tutacaq Beynəlxalq
Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən
100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri
iştirak edəcək. Eyni zamanda,
xarici və yerli
spikerlər tərəfindən rəqəmsal
bankçılığa və nağdsız iqtisadiyyata
transformasiya məsələləri ilə
bağlı otuza yaxın mövzu
ətrafında təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə
mübadiləsi aparılacaq.
Azərbaycan.- 2018.-6 noyabr.- S.7.