Azərbaycanın enerji,
nəqliyyat, infrastruktur
layihələri ölkələr
arasında əməkdaşlığı
stimullaşdırır
Bu, VI Bakı Beynəlxalq Humanitar Forumunda bir daha vurğulanıb
VI Bakı Beynəlxalq
Humanitar Forumunda Azərbaycanın iqtisadi yüksəlişindən bəhs
edilərkən nəqliyyat
sahəsində həyata
keçirdiyi beynəlxalq
layihələrin əhəmiyyəti
də vurğulanmışdır. Məlum olduğu
kimi, Azərbaycan açıq dənizlərə
çıxışı olmayan
ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmirlər.
Azərbaycan isə çoxdan
formalaşmış bu
stereotipə son qoyaraq
heç bir açıq dənizə,
yaxud okeana çıxışı olmadan
belə təkcə regionun deyil, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə
çevrilib. Bununla da
tarix qarşısında
böyük xidmət
göstərib. Bu, ölkədə yürüdülən
məqsədyönlü iqtisadi
siyasət, Azərbaycan
dövlətinin dünyadakı
nüfuzu və yaratdığı mükəmməl
tərəfdaşlıq formatı
sayəsində mümkün
olub.
Prezident İlham
Əliyev sözügedən
forumdakı nitqində
bu barədə demişdir: "Azərbaycanın
coğrafi vəziyyəti
əlverişlidir, ancaq
müasir infrastruktur olmadan bu coğrafi
vəziyyətin heç
bir əhəmiyyəti
yoxdur. Digər tərəfdən, Azərbaycanın açıq
dənizlərə, okeanlara
çıxışı yoxdur.
Ona görə bizim bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz başqa ölkələrin ərazisindən
keçməlidir. Əlbəttə, buna nail olmaq üçün mütləq
ilk növbədə qonşu
dövlətlərlə və
daha böyük coğrafiyanı əhatə
edən ölkələrlə
çox sıx dostluq münasibətləri
olmalıdır və
bunlar da var”.
Azərbaycan son illərdə mükəmməl
beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
formatı yarada bilmişdir. Ölkəmizin həyata keçirdiyi
qlobal layihələr məhz bunun nəticəsində böyük
uğurlarla nəticələnmişdir.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub
qaz dəhlizi”nin seqmentləri buna aydın misaldır. Neft-qaz və ixrac layihələrini
həyata keçirərək
qazandığı təcrübə
və maliyyə vəsaitləri Azərbaycana
beynəlxalq əhəmiyyətli
nəqliyyat qovşaqları
yaratmağa da imkan verib. Ölkəmizin mühüm nəqliyyat
və logistika mərkəzinə çevrilməsi
siyasətinin tərkib
hissələri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini qeyd etmək kifayətdir.
Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində
həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə
2007-ci ildə başlanıb.
Bu kompleksin inşası
üçün 400 hektar
torpaq sahəsi ayrılıb. Yeni limanın
birinci fazası ümumi ərazinin 117 hektarını əhatə
edir. Kompleksin təməli 2010-cu ildə dövlət başçısının iştirakı
ilə qoyulub, 2014-cü
ildə birinci mərhələyə daxil
olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə
verilib. Bu ilin əvvəlində isə Dəniz Ticarət Limanı Kompleksinin Ro-Ro terminalının
açılışı olub.
Tikintisində və istismara verilməsində Azərbaycanın
liderlik etdiyi və aparıcı qüvvə olduğu Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə qədim İpək yolunun polad magistrallar
üzərində bərpası
deməkdir. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin
ilin noyabrında Gürcüstanın Marabda
məntəqəsində dəmir
yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda
Qars şəhərində
Qars-Gürcüstan sərhədi
hissəsinin tikintisinin
təməlqoyma mərasimi
keçirilib. Ümumi uzunluğu
846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın
ərazisinə düşür.
Dəmir
yolunun 263 kilometri Gürcüstandan, 79 kilometri
Türkiyədən keçir.
Bu magistral
xətt Mərkəzi
Asiya ölkələri
olan Türkmənistan,
Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və
Tacikistanın, eləcə
də Əfqanıstanın
Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və
Asiya ölkələrinə
məxsus yüklərin
bu dəmir yolu ilə hər
iki istiqamətdə daşınması onların
həcmini dəfələrlə
artıracaq. Daşımalara sərf edilən vaxt da nəzərəçarpacaq
dərəcədə azalacaq.
Yaxın
gələcəkdə həm
Azərbaycan, həm də Gürcüstan və Türkiyə tranzit daşımalarından
yüksək gəlir
əldə edəcəklər.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycana Gürcüstan ərazisindən
Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi qurmaq imkanı yaradıb. Odur ki, bu dəmir yolu regionda turizmin inkişafına da böyük təkan verəcək.
İki qitəni birləşdirən
dəmir yolu xətti Avrasiya məkanında nəqliyyat
dəhlizlərinin yaradılması
istiqamətində son illərdə
ən önəmli layihədir. Artıq Asiyadan və
Avropadan müxtəlif
istiqamətlərə gedən
yüklər Azərbaycanın
ərazisindən keçir.
Beləliklə, Azərbaycanın ərazisindən
keçən Şimal-Cənub,
Şərq-Qərb nəqliyyat
dəhlizləri onlarca
ölkəni bir-birinə
bağlayır, onlarca
ölkə üçün
şərait yaradır. Bu ölkələr arasında
yeganə ölkə Azərbaycandır ki, hər iki layihənin
fəal iştirakçısı
və üzvüdür.
Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycandan
keçən avtomobil
və dəmir yolu hissələri Ələtdə kəsişir. Bu ərazidə inşa edilən liman Xəzər hövzəsinin
ən böyük beynəlxalq ticarət limanıdır. Limanın tikintisi
buraya su magistrallarını da əlavə edib. Məhz bütün bunlar - avtomobil, dəmir və su yollarının
birləşməsi Azərbaycanın
mühüm nəqliyyat
qovşağına və
yeni geniş logistik məkana çevrilməsinə imkan
yaradıb.
VI Bakı
Beynəlxalq Humanitar Forumunda bunlar qeyd edilməklə yanaşı, Azərbaycanda
digər geniş, müasir nəqliyyat infrastrukturu yaradıldığı
da diqqətə çatdırılıb. Belə
ki, Azərbaycanı qonşu ölkələrlə
bağlayan və respublikanın özünün
əsas hissələrini
əhatə edən dəmir yollarımız
var. Son 15 ildə ümumi
uzunluğu 15 min kilometrdən
çox avtomobil yolları çəkilib,
yaxud əsaslı təmir edilib. Xəzər hövzəsində 200-dən çox
gəmisi olan ən böyük ticarət donanması da Azərbaycandadır.
Qeyd edildiyi kimi, bu il Xəzər dənizinin yeni ticarət limanının istifadəyə verilməsi
bu işləri tamamlayır.
İndi ölkəmizdə 7 aeroport
fəaliyyət göstərir. Onlardan 6-sı beynəlxalq aeroportdur.
Xatırladaq ki, regionların
sosial-iqtisadi inkişafına
yönəldilən, 2004-2008-ci illəri əhatə edən I Dövlət Proqramı ərəfəsində
Azərbaycanın tək
bir beynəlxalq aeroportu var idi.
Bu gün Bakı
Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə,
Lənkəran, Qəbələ,
Zaqatala, ümumilikdə
6 beynəlxalq aeroport fəaliyyət göstərir.
Bundan əlavə, Yevlax aeroportu da yenidən
qurulub.
Forumda bir daha qeyd
edilib ki, bu gün Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat
dəhlizləri Azərbaycan
ərazisindən keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti daha da genişlənib. Keçən illə müqayisədə bu il həmin
dəhliz vasitəsilə
daşınan yüklərin
həcmi 100 dəfədən
çox artıb və bütün bunlar hələ başlanğıcdır. Hətta Şərq-Qərb,
Şimal-Cənub dəhlizlərinə
digər istiqamətlərdən
qoşulma halları da müşahidə olunur. Prezident İlham Əliyev bu uğurların önəmini bir daha vurğulayaraq demişdir: "Biz bu gün artıq "Cənub-Qərb nəqliyyat
dəhlizi”ni təmin edirik və "Şərq-Qərb nəqliyyat
dəhlizi” də Azərbaycan ərazisindən
keçir. Bütün bu nəqliyyat,
infrastruktur layihələrində
iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat bağlılığı
eyni zamanda mehriban qonşuluğa da gözəl şərait yaradır.
Heç
bir ölkə, əgər qonşularla yaxşı münasibəti
yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə
çevrilə bilməz”.
Beləliklə, Azərbaycanın mühüm
əhəmiyyət daşıyan
enerji, nəqliyyat, infrastruktur layihələri
ölkələr arasındakı
əməkdaşlığı da stimullaşdırır. Belə əməkdaşlıq
uğurlara yol açır, problemlərin
yaranmasına isə yol vermir.
Flora SADIQLI,
Azərbaycan. - 2018.-6 noyabr.- S.9.