Kiçik və orta sahibkarlığın
inkişafına həsr edilmiş beynəlxalq
biznes forumu keçirilib
Noyabrın 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı”na dair beynəlxalq biznes forumu keçirilib.
Forumun açılışında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafının təmin edilməsi üçün kiçik və orta sahibkarlığın inkişafı mühüm amillərdən biridir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi ölkə Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb, onların tətbiqi nəticəsində özəl sektora müdaxilə halları azalıb. Bununla yanaşı, sahibkarlığa dövlət tərəfindən maliyyə köməyi mexanizmi yaradılıb və bu hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir.
Məruzəçi forum iştirakçılarının diqqətinə çatdırıb ki, ölkədə əlverişli biznes mühitinin yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi sahəsində xarici təşkilatlarla sıx əməkdaşlıq edilir. Bu gün əsas hədəfimiz milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını təmin etməkdir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti qeyd edib ki, hazırda respublikada gerçəkləşdirilən bütün islahatlar yeni keyfiyyət mərhələsinə keçib. Başlıca hədəf milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində öz ifadəsini tapıb. Əhalinin məşğulluğunun, iqtisadiyyatın rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı, leqal məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində məhsuldarlığın yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilmişdir.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər, aparılan islahatlar barədə danışıb, həyata keçirilən tədbirlər nəticəsində özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artdığını vurğulayıb.
Nazir müavini
qeyd edib ki, sahibkarlığın inkişafına dəstək
məqsədilə bu sahədə
aparılan yoxlamalar
dayandırılmış, lisenziya və
icazələr sistemi təkmilləşdirilmiş,
"Lisenziyalar və icazələr”
portalı yaradılmış, ixracın və
investisiyaların təşviqi mexanizmi tətbiq
edilmiş, sənaye parkları və məhəllələri
yaradılmışdır. "Made in Azerbaijan” brendinin təşviqi tədbirləri
ardıcıl olaraq davam etdirilir. Həyata keçirilən tədbirlərin
nəticəsidir ki, ölkəmizin beynəlxalq
reytinq agentliklərinin
hesabatlarında mövqeyi
davamlı olaraq yaxşılaşır. Bu günlərdə açıqlanan
Dünya Bankının
"Doing Business 2019” hesabatında Azərbaycanın öz mövqeyini yaxşılaşdıraraq
190 ölkə arasında
25-ci yerə yüksəlməsi
və ən çox islahat aparan 10 ölkədən biri olması bunun daha bir
göstəricisidir...
İqtisadiyyat Nazirliyinin
tabeliyində fəaliyyət
göstərən Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov çıxışında Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Biznes Şurasının
üzv ölkələrin
biznes dairələri arasında əməkdaşlığı
təşviq edən səmərəli platforma
olduğunu, bugünkü
forumun biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin
genişlənməsi baxımından
əhəmiyyətini qeyd
edib. Bildirilib ki, kiçik
və orta sahibkarlığın inkişafı
istiqamətində Azərbaycanda
uğurlu islahatlar həyata keçirilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti
barədə məlumat
verən Orxan Məmmədov Agentlik tərəfindən Masallıda
"KOB Dostu” mərkəzinin
yaradıldığını, hazırda "KOB evi”nin yaradılması ilə bağlı işlərin
aparıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki,
sahibkarlara "KOB evi”ndə
bir məkan prinsipi əsasında dövlət təşkilatlarının
xidmətləri, çoxsaylı
dəstək tədbirləri
göstəriləcək. Eyni zamanda, elektron formada vahid platforma
üzərindən xidmətlərin
göstərilməsini təmin
edəcək "e-KOB Evi”
portalının yaradılması
ilə bağlı işlər aparılır.
Agentlik rəhbəri qurumun sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq
şəraitində fəaliyyət
göstərəcəyini, bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv
ölkələrdə tətbiq
olunan yeniliklərin mübadiləsinin faydalı
olacağını qeyd
edib.
Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral çıxışında biznes
dairələri arasında
əməkdaşlığın genişləndirilməsində belə tədbirlərin önəmini qeyd edib, "Vakıf Bank”ın İdarə Heyətinin sədri Mehmet Özcan isə kiçik və orta sahibkarlığa
dəstək tədbirləri
və bu sahədə bankın gördüyü işlərə
dair fikirlərini bölüşüb.
Biznes forum çərçivəsində
İqtisadiyyat Nazirliyinin
tabeliyində Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası, eləcə
də Rumıniya Ticarət və Sənaye Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq
haqqında anlaşma memorandumları imzalanıb.
Tədbir "Kiçik
və orta sahibkarlığın inkişafı
naminə Qara dəniz ölkələrinin
əməkdaşlıq əlaqələrinin
gücləndirilməsi, regional dəyər zəncirinin yaradılması” və
"Regional enerji layihələrinin
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzv
ölkələrində qeyri-neft
sektorunun inkişafındakı
rolu” mövzularında
panel iclaslarla davam edib.
"Kiçik və orta sahibkarlığın
inkişafı naminə
Qara dəniz ölkələrinin əməkdaşlıq
əlaqələrinin gücləndirilməsi,
regional dəyər zəncirinin
yaradılması” mövzusunda
paneldə çıxış
edən Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin
İdarə Heyəti
sədrinin müavini
Nadir Adilov, Türkiyə-Azərbaycan
Biznes Şurasının
rəhbəri Selcuk Akat, Azərbaycan Sahibkarlar Konfederasiyasının
vitse-prezidenti Vüqar
Zeynalov, Konfederasiyanın
turizm, mədəniyyət
və mətbuat təşkilatları ilə
iş komissiyasının
sədr müavini Ceyhun Aşurov, İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin
Strateji planlaşdırma
və inkişaf departamentinin rəhbəri
Ramil Hüseyn, Rumıniya Ticarət və Sənaye Palatasının Beynəlxalq
əlaqələr Departamentinin
rəhbəri Virgin Goaga,
"Ziraat Bank Azərbaycan”
Açıq Səhmdar
Cəmiyyətinin İdarə
Heyətinin sədr müavini Fərid Əliyev, Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri
Rauf Qurbanov öz çıxışlarında
kiçik və orta biznes subyektləri
arasında əlaqələrin
genişləndirilməsinə dair fikirlərini bildirərək, biznes dairələri arasında
əlaqələrin qurulmasında
və inkişafında
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının böyük
rolu olduğunu vurğulayıblar.
Beynəlxalq biznes forumu iş adamları arasında ikitərəfli görüşlərlə
başa çatıb.
Azərbaycan.- 2018.- 6 noyabr.- S.10.