İlham Əliyev  Qarabağa yeni nəfəs gətirdi və böyük qayıdışa inamı daha da möhkəmləndirdi

 

Ağdam Prezidentə birmənalı bağlılığını möhtəşəm dəstəyini, Mehriban Əliyevaya isə güclü etimadını yenə nümayiş etdirdi

 

* Bu gün Ağdam rayonunun tarixində çox əlamətdar bir gündür. Biz Ağdam Muğam Mərkəzinin açılışını qeyd edirik. Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır.

* Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi.

* Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.

* Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib.

* Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir.

* Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür.

* Bizim incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırır. Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyüsün və gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsin.

* İki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtduişğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

* Döyüşlərdən sonra biz Mehriban xanımla birlikdə Ağdamda olduq, dağılmış evlərin sahibləri ilə görüşdük. O vaxt mən söz verdim ki, bütün evlər qısa müddət ərzində bərpa ediləcək, belə də oldu. 2016-cı ilin sonunda biz növbəti dəfə Ağdama gələrək artıq tikilmiş, bərpa olunmuş evlərin açılışında iştirak etdik.

* Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vurulduonlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər.

* Biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar.

* Biz son illər ərzində Ağdam rayonunun inkişafına da böyük diqqət göstərmişik. Rayonun infrastrukturunun yenilənməsi, yaradılması istiqamətində böyük işlər görülüb. Ağdam rayonunun yol infrastrukturu təxminən 95 faiz təzələnib, yeni yollar salınıb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salınıb.

* Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır.

 

Azərbaycan.- 2018.-6 noyabr.- S.1.