İlham Əliyevin Azərbaycanı
O həm
cavandır, həm ağsaqqal, həm də güclü
Ulu öndər Heydər Əliyevin ən
böyük arzusu Azərbaycanı azad və müstəqil
görmək idi!
Elə gördü də!
Hətta nəinki gördü, onu bir
dövlət kimi məhvolmadan, keçmişdə olduğu təki
xanlıqlara parçalanmadan xilas edərək müstəqilliyini
əbədiliyə və dönməzliyə çevirdi!
Ulu öndər böyük
uzaqgörənliklə söylədi: "Azərbaycan
dünyaya bir Günəş kimi doğacaqdır!”
Doğrudur, vəfasız ömür
onun Günəş kimi doğan Azərbaycanı görməsinə
imkan vermədi!
Amma bu uzaqgörənlik də həyata
keçdi!
Artıq Azərbaycan dünyaya
Günəş kimi doğur!
Tanınır, sayılır,
seçilir və sevilir!
Cavan, ağsaqqal, güclü bir
ölkə kimi!
Müasir Azərbaycan həm də
İlham Əliyevin Azərbaycanı sayılır!
Çünki onu bu səviyyəyə,
indiki imicinə Prezident İlham Əliyev 15 illik fəaliyyəti
sayəsində ucaldıb.
***
İlham Əliyevin yeni inkişaf mərhələsinə yüksəltdiyi Azərbaycan çox cavandır - cəmi 27 yaşı var.
Həm də Ağsaqqaldır!
Yaşına görə yox! Ulular demiş: saqqalın ağlığı ağsaqqal deyil, ağılın ağlığı ağsaqqal olur!
Azərbaycan gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə, gerçəkləşdirdiyi ideyalara, həyat vəsiqəsi verdiyi transmilli layihələrə, ən çətin məqamlarda atdığı hesablanmış addımlara görə müdrikdir, Ağsaqqaldır!
Müdriklik yaşla deyil!
Müdriklik yalnız təcrübə də deyil!
Müdriklik elmli olmaqla da ölçülmür!
Müdriklik - ən əvvəl ağıldır, Allahın qismət etdiyi xarizmadır!
Müdriklik verilən məsləhət və tövsiyələrdə, qəbul edilən qərarlarda görünə bilir.
Amma təsdiqini əməli işdə, nail olunan nəticələrdə göstərir!
Gənc Azərbaycan niyə həm də müdrik və ağsaqqal sayılır?
Ötən 15 ildə görülən işlərə, qazanılan uğurlara, qloballaşan dünyanın problemlərinin həllinə verdiyi töhfələrə nəzərən bu suala cavab verməyə çalışaq.
***
Dünya dağılır, qana çalxalanır, insanlar rahatlıqlarını, ev-eşiklərini, həyatlarını itirirlər...
Demokratiya adı altında müxtəlif rəngli və rəmzli "inqilablar” keçirilir, ölkədaxili sabitlik pozulur, vətəndaş itaətsizliyi və qarşıdurmalar baş alıb gedir...
Ölkələr parçalanma həddinə çatdırılır, müxtəlif üsul və vasitələrlə ərazilər işğal edilir, terror aktları müntəzəm xarakter alır, terrorçular fərqli formada və adlar altında maliyyələşdirilir, müdafiə olunurlar...
Yaşamağa evi, yeməyə çörəyi, işləməyə işi olmayanlar, qaçqına çevrilərək qocalı, qadınlı, uşaqlı firavan dövlətlərə üz tutur, hərdən dənizdə boğularaq balıqlara yem olur, çatdıqları ölkələrdə isə tikanlı məftillərlə, itlərlə qarşılanır, it yerinə qoyulmur, "miqrant” adı verilərək gözümçıxdıya salınırlar...
Müasir dünyanın real mənzərəsi
belədir!
Gəl belə dünyada baş
çıxar görüm!
Ölkələrdə
sabitliyin pozulmasının əsas səbəbləri sosial ədalətə
əməl olunmaması, milli və dini ayrı-seçkilik,
ksenofobiya, ikili standartların mövcudluğu və digər
amillərdir.
Ölkədaxili ziddiyyətlərə
son qoymaq, sabitlik və əmin-amanlıq yaratmaq
üçün bu sahədə uğur qazananlardan öyrənmək
də vacibdir!
İlham Əliyev Azərbaycan
xalqının əsrlər boyu yaradaraq
yaşatdığı, gündəlik həyat normasına və
mənəvi dəyərə çevirdiyi multikulturalizm və
tolerantlıq ənənələrini mükəmməl modelə
çevirərək dünyaya təqdim edir.
Bu modelin çox sadə fəlsəfəsi
var: insanlar milliyyətindən və dinindən asılı
olmayaraq bir-birlərinə, hər xalqın mənəvi dəyərinə,
dini inancına hörmətlə yanaşmalı, dözümlü
münasibət göstərməli, birlikdə sevinib kədərlənməyi,
əl-ələ verərək dövlətin qüdrətlənməsi,
vətənin çiçəklənməsi naminə
mehribanlıqla yaşamağı və işləməyi
öyrənməli, bacarmalıdırlar!
Onda ölkədə sabitlik və əmin-amanlıq,
firavanlıq olur!
Azərbaycanda olduğu kimi!
***
Azərbaycan sivilizasiyalararası
qarşıdurmanı əməkdaşlığa çevirməyə
çağırır!
Həm də təkcə
çağırmır, bu işə öz töhfələrini
verir!
İlk növbədə islam həmrəyliyinin vacibliyini, islam dövlətlərinin
bir-birinə əl uzatmasını, ziddiyyət və fikir
ayrılıqlarından əməkdaşlığa keçərək
mehriban münasibətlər qurmasını vacib sayır, təşəbbüslər
göstərir.
Qoca Avropa ilk idman oyunlarının
keçirilməsini cavan Azərbaycana etibar etdi!
Mehriban xanım Əliyevanın
yüksək təşkilatçılığı və məharəti
sayəsində I Avropa Oyunları çox böyük
uğurla baş tutdu!
Həm də bu oyunların ən
yüksək standartları müəyyənləşdirildi!
Ardınca Azərbaycan İslam Həmrəyliyi
Oyunlarının sönməkdə olan məşəlini
yenidən gur yandırdı!
Azərbaycanın
ağsaqqallığı ilə keçirilən bu möhtəşəm
idman tədbirlərində bir sıra ölkələrin
dövlət başçıları, liderləri,
tanınmış siyasi, ictimai, idman xadimləri bir masa, bir
süfrə arxasında oturaraq ünsiyyət qurdular, fikir
mübadiləsi apardılar, soyuqluq buzunu əritdilər.
Sonra Azərbaycan Prezidenti cənab
İlham Əliyev "2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi
ili” elan edərək başladığı bu vacib və
xeyirxah missiyanı davam etdirdi.
Belə bir təşəbbüs və
əməkdaşlıq nümunəsi göstərir ki,
artıq Azərbaycan təkcə bütün islam dövlətləri
ilə qarşılıqlı maraqlara və sınaqdan
çıxmış ənənələrə əsaslanan
dostluq və əməkdaşlıq münasibətləri
yaratmaqla, onu ildən-ilə daha da inkişaf etdirməklə
kifayətlənmir, həm də islam dövlətləri
arasında sülh və mehribanlıq yaratmaq yönündə
yorulmadan fəaliyyət göstərən liderə
çevrilir.
Bəli, Azərbaycan müdrik
ağsaqqal kimi irəli duraraq barışmaz düşmənə
çevrilməkdə olan dövlətləri bir masa
arxasında əyləşdirməyə, sülhə gətirərək
əməkdaşlıq yoluna gətirməyi bacarır!
Yəqin ki, Türkiyə ilə
Rusiya arasında baş verən təyyarə
qalmaqalını heç kəs unutmayıb. Bu iki qonşu
dövlət (həm də dəfələrlə bir-birilə
müharibə etmiş dövlətlər) yenə hərbi
toqquşmaya doğru gedirdilər.
Əgər Azərbaycanın
sülhpərvər missiyası olmasaydı...
Prezident İlham Əliyev
böyük diplomatik səylər göstərərək
alovu söndürməyi, Azərbaycanla və bir-birlərilə
qonşu olan iki nəhəng dövləti sülhə
yönləndirməyi bacardı!
Bu gün həm Türkiyə,
həm də Rusiya o qədər də asan olmayan günlərini
yaşayırlar.
Həm də əməkdaşlıq
edirlər!
Azərbaycanın köməyi ilə
yaradılan bu əməkdaşlıq hər iki dövlətə
fayda gətirir, çətinlikləri dəf etmələrində
kara gəlir.
Əgər silaha əl
atsaydılar, onda həm özlərinin, həm də bölgənin
vəziyyəti necə olardı?!
Sülhpərvərlik də elə
budur!
***
Əməkdaşlığın
yeni formatlarının yaradılması da uzaqgörənlik
nümunəsidir.
Həm çar
Rusiyasının, həm də SSRİ-nin tərkibində
olarkən Azərbaycan öz təbii sərvətlərinə
əsl sahiblik edə bilməyib. Daha çox
"adı mənim, dadı sənin” prinsipi ilə hərəkət
edib.
Yalnız həqiqi dövlət
müstəqilliyi qazanıldıqdan, ulu öndər Heydər
Əliyev yenidən ölkə rəhbərliyinə
qayıdaraq "Əsrin müqaviləsi”nin imzalanmasını
təmin etdikdən sonra bu mümkün oldu!
Həm də Azərbaycan tarixində
ilk dəfə olaraq karbohidrogen ehtiyatlarının qeyri-ənənəvi
yolla dünya bazarına çıxarılmasına
başlanıldı!
Uzun sürən mübarizədən
və danışıqlardan sonra Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəməri həyat vəsiqəsi qazandı!
Beləliklə, yeni bir əməkdaşlıq
formatının - Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə
əməkdaşlığının təməli qoyuldu.
Daha sonra bu əməkdaşlıq
Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələrinin
gerçəkləşdirilməsilə daha da möhkəmlənərək
inkişaf etdi, hər üç tərəfə
böyük faydalar gətirdi!
Son dövrlərdə
Prezident İlham Əliyevin fəaliyyəti və uzaqgörənliyi
sayəsində bölgədə əməkdaşlığın
yeni formatları da yaranmışdır.
Azərbaycan-Türkiyə-Rusiya
birgə əməkdaşlığı, eyni zamanda,
yaranmış çətinliklərin birlikdə aradan
qaldırılmasına xidmət edir.
Azərbaycan Türkiyə ilə
müstəqilliyə qədəm qoyduğu ilk illərdən
sıx əlaqələr qurmuşdur.
Bir millət - iki dövlət
formulu ilə ifadə olunan bu strateji tərəfdaşlıq
hər iki ölkə üçün faydalı və
perspektivlidir.
Rusiya ilə Azərbaycanı
çoxəsrlik əlaqə və münasibətlər birləşdirir. Bir sıra sahələri
əhatə edən bu əməkdaşlıq daim yüksələn
xətlə inkişaf edir.
Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq
formatı isə yenidir, davamlı olacağı gözlənilir
və bütün tərəflərin maraqlarını təmin
edir!
***
İran ən yaxın
qonşumuzdur və bir çox dəyərləri
bölüşürük.
Rusiya-İran münasibətlərində
son illər bir canlanma müşahidə olunmaqdadır.
Azərbaycan da qardaş
İranla çoxtərəfli əlaqələrə malikdir.
Azərbaycan-Rusiya-İran
formatı isə tamamilə yenidir, birgə maraqlara söykənir.
İlham Əliyevin
uzaqgörənliyi və konkret əməli fəaliyyəti nəticəsində
yaranan bu format qısamüddətli deyil, həm də uzaq gələcəyə
hesablanıb.
Bu yeni formata həyat vəsiqəsi
verən sənəd paytaxt Bakıda, təntənəli şəraitdə
imzalandı!
Hər iki qonşu dövlətin
başçıları Azərbaycana gələrək
İlham Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə baş tutan əməkdaşlığın yeni formatına
öz dəstəklərini nümayiş etdirdilər,
imzaları ilə start verdilər!
***
İlham Əliyev həm də
zamanı qısaltmağı, "uzağı yaxın etməyi”
bacaran liderdir!
Böyük İpək yolunun bərpası
təkcə xeyli vaxt və vəsait tələb edən nəhəng
layihə deyildi!
Həm də bu istiqamətdə
ardıcıl, gərgin, səmərəli və uzaqgörən
fəaliyyət göstərilməsini tələb edirdi!
Bölgəyə, Avrasiyaya
böyük fayda gətirəcək bu təşəbbüsə
aşkar və gizli əngəl törədənlər də
vardı!
Ancaq qətiyyət, möhkəm iradə
və hər cür çətinlikləri dəf etmək
bacarığı hər şeyə üstün gəldi!
Bakı-Tbilisi-Qars dəmir
yolu bu layihənin əsas elementi sayılırdı.
Onun gerçəkləşməsi həm
də Ermənistanı birdəfəlik dalana salırdı!
Sülhə gəlməyənin,
özgə ərazilərini zəbt edənlərin isə
dalanda qalması təbiidir!
Havadarları BTQ-nin maliyyələşməsinə
imkan vermədilər, bununla Azərbaycanı
sındıracaqlarını güman etdilər!
Lakin cənab İlham Əliyev bu
sınaqdan da uğurla çıxmağı bacardı!
Azərbaycan Bakı-Tbilisi-Qarsı
öz hesabına maliyyələşdirməyi və gerçəkləşdirməyi
bacardı!
Bunu İlham Əliyev etdi!
Sonra çox möhtəşəm,
yaddaqalan açılış mərasimi keçirildi!
"Dəmir atlar” dəmir
yolla çapmağa başladılar!
Beləliklə, zaman və məsafə
qısaldı: Çindən Avropa İttifaqına yüklər
daha 45 günə deyil, 12-13 günə
çatdırılır!
Bundan dövlətlər də,
istehsalçılar da, hətta istehlakçılar da
qazanır!
Həm vaxta, həm də sərf
olunan vəsaitə qənaət etməklə!
***
Buna qədər Azərbaycan bir
sıra işlər də görmüşdü!
Hamısı ölkəmizin xeyrinə!
Həm də təkcə ölkəmizin
yox!
Azərbaycan səxavətli dövlətdir,
başqalarına fayda gətirməyi, qonşu və əməkdaş
dövlətlərin maraqlarını öz maraqlarına
uyğunlaşdırmağı da bacarır!
Bakı-Tbilisi-Qars dəmiryolu
Avropa ilə Asiya arasında ən qısa, ən ucuz yoldur.
Artıq çox qısa zamanda
yükdaşımaların sayı yüz dəfədən də
çox artmışdır!
Şimal-Cənub, Şərq-Qərb
nəqliyyat dəhlizlərinin işə salınması
ölkəmizin önəmini qat-qat artırmışdır!
Okeana çıxışı
olmayan Azərbaycan beynəlxalq logistika mərkəzinə
çevrilmişdir!
Rəşt-Astara dəmiryolunun
çəkilişi "Şimal-Cənub nəqliyyat dəhlizi”nin
əhəmiyyətini daha da artıracaqdır.
Maraqlıdır ki, xəttin
çəkilişi üçün Azərbaycan İrana 500
milyon dollar kredit vermişdir.
Daha bir maraqlı fakt: 200-dən
çox gəmisi olan Azərbaycan Xəzər hövzəsində
ən böyük mülki donanmaya sahibdir!
Dəmir yolu, gəmiçilik sahəsində
böyük uğurlara imza atan Azərbaycanın hazırda səmada
üç peyki də var - kommersiya və kəşfiyyata xidmət
edən peyklər!
Ən sonuncu fakt: bu günlərdə
qardaş Türkiyədə açılışı
keçirilən "Star” neftayırma zavoduna 6,3
milyard dollar vəsait qoyan ölkəmiz artıq xaricə sərmayə
yatıran ölkə kimi də tanınır!
***
Prezident İlham Əliyev on beş illik rəhbərliyi dövründə
Azərbaycanı yalnız iqtisadi cəhətdən yüksəltməyib!
Ölkəmiz mənəvi dəyərlərə
önəm verməsi, dünyanın problemlərinin həllində
fəal, təşəbbüslərlə iştirakı ilə
də diqqəti cəlb edir.
Azərbaycanın təşəbbüsçüsü
və təşkilatçısı olduğu "Bakı
prosesi” artıq on yaşını qeyd etdi.
* Dünya dini liderlərinin
görüş məkanı paytaxtımız Bakı
sayılır!
* İndiyədək burada
dörd dəfə Mədəniyyətlərarası Dialoq
Forumu keçirilmişdir.
* BMT-nin Sivilizasiyalar Alyansının
Qlobal Forumunun da daim baş tutduğu məkan Azərbaycanın
paytaxtıdır.
İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə keçirilən humanitar tədbirlər
bir məqsədə xidmət edir: sivilizasiyalararası, dinlərarası
dialoq dərinləşsin, güclənsin, dünyada risklər
azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına
düzgün qiymət verilsin və bu təhlükəli
meyillərin qarşısı alınsın!
***
Ötən 15 ildə ölkəmiz
Avropa və dünya mədəniyyətinə mühüm
töhfələr də vermişdir. Onları qısa şəkildə
xatırladırıq.
AZƏRBAYCANIN:
* muğam;
* aşıq;
* milli
xalçaçılıq sənətləri;
HABELƏ:
* Novruz bayramı;
* "İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu;
* Qobustan Dövlət Tarixi-Bədii
Qoruğu UNESCO-nun Qeyri-maddi mədəni irs
siyahısına salınmışdır.
Eyni zamanda, Mehriban xanım Əliyeva
Heydər Əliyev Fondunun xətti ilə vacib aksiyalar icra
etmişdir:
ONLARDAN:
* Pakistanın Müzəffərabad
şəhərində qızlar üçün orta məktəb;
* Vyetnamın Ha Giang əyalətinin
Giap Trung qəsəbəsində ibtidai məktəb;
* Bosniya və Herseqovinanın
paytaxtı Sarayevoda görmə qabiliyyəti məhdud olan
uşaqlar və gənclər üçün mərkəz;
* Vatikanda yerləşən Müqəddəs
Sebastian katakombaları, Romada Müqəddəs Marçellinio
və Pietro katakombaları bərpası;
* Luvr Muzeyinin islam
incəsənətinə həsr olunmuş yeni
zallarının yaradılmasında iştirak;
* Romanın Kapitolini Muzeyinin
"Filosoflar zalı”nın təmiri;
* Hindistanın Qoa ştatında
stadionun inşası;
* Bosniya və Herseqovinada Təcili
Tibbi Yardım Mərkəzi;
* Pakistanın Paxtunva vilayətindəki
xəstəxanaya tibbi avadanlıq və təcili yardım
avtomobili hədiyyəsi;
* Parisdə Azərbaycan Mədəniyyət
Mərkəzinin açılışı;
* Belçikada Xurşudbanu Natəvanın,
Moskvada Mirzə Fətəli Axundzadənin və Romada Nizami Gəncəvinin
abidəsinin qoyulmasını və digərlərini göstərmək
olar.
***
Bura qədər söylədiklərimiz
faktlardır!
Ancaq baş verənlər
beynəlxalq qurum və təşkilatlar tərəfindən də
yüksək qiymətləndirilmiş, müxtəlif
hesabatlarda və reytinq cədvəllərində öncül
yerlərə layiq görülmüşdür.
Son illərdə dünyanın
nüfuzlu qurumları tərəfindən
uğurlarımıza verilən qiymətə diqqət yetirək:
* Dünya İqtisadi Forumunun
"2016-2017 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan
138 ölkə sırasında 37-ci yeri tutub;
* Dünya İqtisadi Forumunun
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə
irəliləyərək 35-ci yerə yüksəlib;
* Dünya İqtisadi Forumunun illik
"İnklüziv inkişaf indeksi - 2018” hesabatında
inkişaf etməkdə olan ölkələr arasında
3-cü yerə layiq görülüb;
* 2018-ci ildə Dünya İqtisadi
Forumunun "Qlobal Rəqabətlilik Hesabatı” tamamilə yeni
metodologiya əsasında hazırlanıb. Bu hesabatda Azərbaycan
dünyada sosial bərabərliyin ən yüksək səviyyədə
təmin olunduğu ölkə kimi vurğulanıb;
* Həmçinin Azərbaycan əhalinin
elektriklə təchizatı səviyyəsinə görə
maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə
yüksəlib;
* Azərbaycan dünyanın 140
ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə
31-ci yerdə qərarlaşıb.
* 2016-cı ildə Dünya Bankı
tərəfindən hazırlanan "Doing Business 2017”
hesabatında 65-ci pillədə qərarlaşan Azərbaycan
"Doing Business 2018” hesabatında 8 pillə yüksələrək
57-ci yeri tutub;
* 190 ölkənin biznes mühitini
qiymətləndirən hesabata əsasən Azərbaycan Avropa
və Mərkəzi Asiya regionu üzrə ən
islahatçı 3 ölkədən biri sayılır;
* "Doing Business-2019” hesabatında
Azərbaycan dünyanın 10 ən islahatçı dövlət
siyahısına daxil edilərək dünyanın ən
çox islahat aparan ölkəsi elan olunub.
* Yeni hesabatda Azərbaycanın
mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək
190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Dünyanın bir çox ölkəsini geridə
qoymaqla MDB ölkələri arasında lider mövqeyə
yüksəlib.
***
Bu gün Cənubi Qafqaz
iqtisadiyyatının 75 faizi Azərbaycanın payına
düşür.
Beynəlxalq reytinq agentliklərinin
açıqladıqları hesabatların əksəriyyətində
Azərbaycan iqtisadiyyatının növbəti 3 il ərzində daha da yüksələcəyi
bildirilir:
* Beynəlxalq "Moody,s”
agentliyinin son hesabatında göstərilir ki, Azərbaycan
iqtisadiyyatı 2019-cu ildə 3 faiz yüksələcək!
* Nüfuzlu "Standart & Poor,s” reytinq agentliyinin də hesabatında göstərilir
ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ilə qədər olan
dövr ərzində orta hesabla 3 faiz artacaq!
* Beynəlxalq "Fitch Ratings” reytinq
agentliyinin ölkəmizdəki sosial və siyasi sabitliklə
bağlı açıqladığı proqnozda deyilir ki, Azərbaycanda
mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək!
Bütün bu uğurların
hamısı həm də cənab İlham Əliyevin xidmətləridir!
Müstəqil dövlətimizin
davamlı şəkildə inkişafını, xalqın
rifahını durmadan yüksəldən xidmətlər!
***
Azərbaycanın dövlət
müstəqilliyinin yüzüncü ildönümünü
təntənə ilə qeyd etdik!
Bu 100 ilin 27 ili
müasir Azərbaycanın payına düşür.
Amma həmin 27 ilin hamısı
inkişaf və quruculuğa sərf edilməyib!
Ulu öndər Heydər Əliyev tərəfindən
bünövrəsi qoyulan uğurlar son 15 ildə ən
yüksək zirvəyə ucaldılıb!
Bu gün hər bir Azərbaycan vətəndaşı
öz vətəni ilə haqlı olaraq fəxr edir!
Dünyada sözü, izi, yeri və
sanbalı olan Azərbaycanla!
Tarixinin ən qüdrətli dövrünü
yaşayan Azərbaycanla!
İlham Əliyevin qurub
ucaltdığı Azərbaycanla!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2018.-7 noyabr.- S.1-2.