Yeni büdcə sosial inkişaf prioritetlərinə cavab verir

 

Dövlət büdcəsinin son məqsədlərindən biri insanların sosial rifahının yüksəldilməsidir. Azərbaycanın 2019-cu il dövlət büdcəsinin layihəsi ilə tanışlıq da təsdiq edir ki, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsini diqqət mərkəzində saxlayır.

 

Ünvanlı və şəffaf büdcə

 

Bunu dünən Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş komitələrin birgə iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi. Azərbaycanda sosial rifah dövlətinin qurulduğunu deyən komitə sədrinin sözlərinə görə, son 15 ildə dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsait davamlı olaraq artırılıb. Gələn ilin büdcə layihəsinin özəlliklərini diqqətə çatdıran Hadi Rəcəbli ünvanlılığın və şəffaflığın təmin olunmasını yüksək qiymətləndirdi. Onu da qeyd etdi ki, növbəti ilin dövlət büdcəsindən sosial xərclərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılmasının proqnozlaşdırılması bir daha büdcənin sosialyönümlü olmasını göstərir.

Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclasında daha sonra 2019-cu ilin dövlət büdcəsinin layihəsi barədə məlumat verildi. Maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə bildirdi ki, gələn ilin icmal və dövlət büdcəsi "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikamızın strateji inkişaf prioritetləri, xalqın rifahının daha da yaxşılaşdırılması və digər dövlət əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş proqramların maliyyə təminatı əsas götürülməklə, 2019-cu və sonrakı 3 il üzrə ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri, 2019-2022-ci illərdə gözlənilən iqtisadi meyillər nəzərə alınmaqla hazırlanıb. Xüsusilə qeyd etmək lazımdır ki, 2019-cu ilin həm dövlət, həm də icmal büdcəsi yeni büdcə qaydasının tələbləri gözlənilməklə tərtib olunub. Yeni büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması mexanizmini müəyyən edir.

Dövlət və icmal büdcələrinin layihəsi hazırlanarkən qlobal iqtisadiyyatda gedən son meyillərin təhlili aparılıb, onların ölkənin makroiqtisadi göstəricilərinə, büdcənin əsas parametrlərinə ehtimal olunan təsirləri qiymətləndirilib. Çünki dünya iqtisadiyyatında gedən proseslər Azərbaycan iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi təsir imkanlarına malik çağırışlarla səciyyələnən xarici mühit formalaşdırır. Ona görə xarici mühitdə baş verə bilən makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas priortetlərindən biri olacaq.

Gələn il dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat proqnozlaşdırılır. Bu da ÜDM-in 28 faizi həcmindədir. Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin bir barelinin 60-70 ABŞ dolları ətrafında proqnozlaşdırılması və digər qlobal amillər nəzərə alınmaqla 2019-cu ilin dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları olmaqla nəzərdə tutulub. Qeyd edək ki, gəlirlərinin 59,8 faizi və ya 13 milyard 700,3 milyon manatı neft sektorunun, 40,2 faizi və ya 9 milyard 217,2 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 354,3 milyon manat və ya 2,7 faiz, qeyri-neft sektorunun gəlirləri isə 414,2 milyon manat, yəni, 4,7 faiz çoxdur.

Neft sektoru üzrə büdcə gəlirlərinin 11 milyard 364,3 manatı Dövlət Neft Fondundan transfertlər, 2 milyard 336 milyon manatı vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.

Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 4 milyard 980 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 3 milyard 451,6 milyon manatı Dövlət Gömrük Komitəsindən daxilolmalar, 785,6 milyon manatını isə digər daxilolmalar üzrə formalaşacaq.

 

Sosialyönümlülük prioritetdir

 

2019-cu ilin dövlət büdcəsinin xərcləri ÜDM-də xüsusi çəkisi 30,2 faiz olmaqla 24 milyard 780,1 milyon manat nəzərdə tutulur. Xərclərin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, dövlət borcu və aztəminatlı təbəqələrin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin maliyyə təminatı nəzərə alınıb.

Gələn il cari xərclərə dövlət büdcəsi xərclərinin 50,7 faizi həcmində və ya 12 milyard 554,2 milyon manat, əsaslı xərclərə isə 39,9 faiz həcmində və ya 9 milyard 891,1 milyon manat, dövlət borcuna xidmətlərlə bağlı xərclərə 9,4 faizi həcmində və ya 2334,8 milyon manat vəsait yönəldiləcək.

2019-cu ildə dövlət büdcəsinin xərclərində proqram və məqsədli tədbirlər üçün (əsaslı vəsait xərclər də nəzərə alınmaqla) 10 milyard 314,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 2076,9 milyon manat və ya 25,2 faiz çoxdur. Bu xərclər dövlət büdcəsinin xərclərinin 41,6 faizini təşkil edəcək ki, bu da cari ilə nisbətən 14,3 faiz çoxdur.

2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulur. Belə ki, 2019-cu ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərə ümumilikdə 8 milyard 265,8 milyon manat vəsait ayrılacaq. Bu, 2018-ci illə müqayisədə 744,5 milyon manat və ya 9,9 faiz çoxdur. Növbəti ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,4 faiz təşkil edəcək.

2019-cu ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri üçün 6 milyard 368,4 milyon manat vəsait ayrılıb. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz (ÜDM-ə nisbətən 7,8 faiz) təşkil edəcək.

2019-cu ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 887,6 milyon manat vəsait proqnozlaşdırılır.

Növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2018-ci illə müqayisədə 5,3 milyon manat və ya 4,2 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsi üçün yönəldiləcək.

Təhsil xərclərinə isə 2 milyard 274,6 milyon manat vəsait ayrılıb. Bu, 2018-ci ilə nisbətən 230,6 milyon manat və ya 11,3 faiz çoxdur. Gələn il təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edəcək.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun büdcə layihəsi ilə bağlı rəyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsinin layihəsi müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə tərtib edilib və təqdim olunub. Büdcənin yeni metodlarla tərtib olunduğunu deyən palata sədrinin sözlərinə görə, bunlar büdcədən səmərəli faydalanmağa xidmət edir. Vüqar Gülməmmədov yekunda qeyd etdi ki, Hesablama Palatası gələn ilin dövlət büdcəsinin layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsini məqsədəuyğun sayır.

 

Elm xərclərinin artırılması təklif olundu

 

Sonra iclasda Milli Məclisin komitə sədrləri layihə ilə bağlı fikirlərini bildirdilər. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov büdcə layihəsinin sosialyönümlü olduğunu təqdir etdi. Qeyd etdi ki, büdcənin üçdə birinin sosial sahələri əks etdirməsi dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsinə olan diqqətinin göstəricisidir.

Komitə sədri səhiyyə sahəsində həyata keçirilən və əsasən müxtəlif xəstəliklərlə mübarizəni əhatə edən proqramların maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin 53 faiz artırılmasını, icbari tibbi sığorta üçün 240 milyon manatın nəzərdə tutulmasını təqdir etdi. Eyni zamanda, onkoloji xəstəliklərlə bağlı və elm üçün büdcədə nəzərdə tutulan vəsaitlərin artırılmasını təklif etdi.

Əhliman Əmiraslanov onu da bildirdi ki, 2019-cu ilin dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsait artırılsa da, bu, yenə də çox azdır.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli öncə onu qeyd etdi ki, 2018-ci ildə dövlət büdcəsində nəzərdə tutulan xərclər təyinatı üzrə xərclənib. Bütün bunlar ölkəmizin inkişafında özünü göstərir. "Doing Business 2019” hesabatı da Azərbaycanın inkişafını təsdiq edir. Komitə sədri əlavə etdi ki, il ərzində elm və təhsil sahəsində də uğurlar var.

2019-cu ilin dövlət büdcəsinin layihəsindən danışan İsa Həbibbəyli təhsilin müxtəlif istiqamətləri üzrə xərclərin artırılmasını yüksək qiymətləndirdi. Eyni zamanda, ilk dəfə olaraq gələn ilin dövlət büdcəsində azərbaycançılıqla və təhsil qrantları ilə bağlı xərclərin nəzərdə tutulmasını, gənc istedadlar üçün xərclərin artırılmasını dövlət başçısının diqqət və qayğısı kimi dəyərləndirdi.

Təkliflərini diqqətə çatdıran komitə sədri ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan vəsaitlərin artırılmasını məqsədəuyğun saydı. Elmin sabit qalmadığını, inkişaf etdiyini deyən komitə sədrinin sözlərinə görə, akademiya böyük elmi bazadır və onun fəaliyyətinə dəstək verilməlidir. İsa Həbibbəyli həmçinin müdafiə təyinatlı məhsulların istehsalı işi ilə bağlı AMEA üçün vəsaitin nəzərdə tutulmasını təklif etdi.

 

Büdcə layihəsi müsbət tendensiyaları əks etdirir

 

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxışında bildirdi ki, gələn ilin dövlət büdcəsi layihəsi mükəmməl hazırlanıb. Komitə sədri çoxuşaqlı ailələrə verilən müavinətlərin və 3 yaşınadək uşaqlara verilən müavinətlərin artırılmasını, güzəştli ipoteka şərtlərinin çoxuşaqlı ailələrə də şamil olunmasını, zorakılıq qurbanları üçün "qaynar xətt”lərin yaradılmasını təklif etdi.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov büdcənin artımının sevindirici hal olduğunu dedi. Eyni zamanda, komitə sədri dövlət büdcəsindən mədəniyyətə, o cümlədən kinoya ayrılan vəsaitin artırılmasını təklif etdi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial sahədə aparılan islahatlar, ünvanlı sosial yardım, məşğulluq, əllilik, DOST mərkəzlərinin yaradılması və digər sosial məsələlərlə bağlı görülən işlərdən danışdı.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi özündə müsbət tendensiyaları əks etdirir. Nazir abidələrin qorunması, muzeylərin, musiqi məktəblərinin, kitabxanaların vəziyyəti ilə bağlı qarşıda dayanan vəzifələr barədə məlumat verdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da bildirdi ki, 2019-cu ilin büdcəsinin layihəsi sosialyönümlüdür. Komitə sədri çıxışında zorakılıq hallarının aşkarlanması ilə bağlı "qaynar xətlər”in yaradılmasının vacibliyini, erkən nikah hallarının qarşısının alınması, çətin vəziyyətdə yaşayan uşaqların sosial müdafiəsi ilə bağlı fikirlərini diqqətə çatdırdı. O cümlədən, diqqəti küçə həyatına məruz qalan, xüsusilə də qaraçı tayfasından olan uşaqların problemlərinə, onların sənədlərinin olmamasına çəkdi.

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, deputatlardan Elmira Axundova, Rauf Əliyev, Jalə Əliyeva, Şəmsəddin Hacıyev, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Asim Mollazadə gələn ilin dövlət büdcəsi ilə bağlı qənaətlərini bölüşdülər, müxtəlif təkliflərlə çıxış etdilər.

Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirdi ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Ağdamda Muğam Mərkəzinin yaradılması xalqımızın, gənclərimizin mənəvi inkişafına çox böyük təkan verəcək. Onun sözlərinə görə, bu addım həm də məcburi köçkünlərə göstərilən diqqət və qayğının nümunəsidir. Ağdam rayonunun ərazisinin 70 faizi işğal altındadır. İnsanlar ön cəbhədə yaşayırlar, amma doğma yurdlarına qayıdacaqlarına inanırlar. Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə hər səfərinin yeni infrastrukturun qurulmasına gətirib çıxardığını deyən Bəxtiyar Əliyev qeyd etdi ki, 190 mindən çox əhalisi olan Ağdam üçün gələcəkdə investisiya fondundan bu istiqamətdə əlavə vəsaitin ayrılması yaxşı olardı.

Deputat Hüseynbala Mirələmov büdcə layihəsinin sosialyönümlü olmasını yüksək qiymətləndirdi. Eyni zamanda, texniki kadr hazırlığı və təhsil haqları ilə bağlı təkliflərini diqqətə çatdırdı.

Sonda maliyyə naziri Samir Şərifov müzakirələrdə səslənən təkliflərə münasibət bildirdi. Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-7 noyabr.- S. 3.