Ankaradakı Heydər Əliyev Bağında ağacəkmə aksiyası keçirilib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanFidanlar fidanlarla böyüyür!” şüarı altında təşkil olunan aksiyada iştirak edib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Batıkent rayonunun Uğur Mumcu məhəlləsində yerləşən Heydər Əliyev Bağında təşkil olunan ağacəkmə aksiyasında iştirak edib ağac əkib.

AZƏRTAC xəbər verir ki, “Fidanlar fidanlarla böyüyür!” şüarı altında keçirilən tədbirdə Türkiyənin dövlət və hökumət nümayəndələri, Ankara ictimaiyyətinin tanınmış simaları, səfirlər, deputatlar, o cümlədən məktəblilər iştirak ediblər.

Ağacəkmə aksiyası ilə bağlı Heydər Əliyev Bağında böyük izdiham yaşanıb.

Əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edib.

Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən həyata keçirilən yaşıllaşdırma siyasətinin davamı olanFidanlar fidanlarla böyüyür!” layihəsinin əhəmiyyətindən danışan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu gün Türkiyənin 81 vilayətində 10 milyon ağac əkiləcək. Dövlət başçısı qeyd edib ki, Türkiyə yaşıllaşdırma işləri ilə dünyada meşəlik sahələrini genişləndirən nadir ölkələrdən birinə çevrilib. AKP hakimiyyəti 16 ildə 4 milyard 70 milyon ədəd ağac əkib. Bu sayı 7 milyarda çatdırmaq hədəflənir.

Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Bağı Ulu Öndərimizin şərəfli ömür yoluna ehtiram olaraq salınıb və burada hər il 1000 ağac əkilir. Heydər Əliyev Bağı Türkiyə paytaxtının ən gözəl guşələrindən birində yerləşir. İnsanlar bu ərazidə xoş istirahət edirlər. Bu bağ Ankarada azərbaycansevərlərin ən çox ziyarət etdikləri məkana çevrilib.

 

Azərbaycan.- 2018.-7 noyabr.- S. 4.