Çexiyalılar İsmayıllı rayonuna səfərdən məmnun qayıdıblar

 

Cənubi Çexiya Regionu ilə İsmayıllı rayonu arasında bağlanmış əməkdaşlıq xartiyası çərçivəsində Çexiya nümayəndə heyəti noyabrın 4-də İsmayıllı rayonuna səfər edib. Qonaqlar səfərin ilk günü Lahıca getmiş, orada yerli sənətkarların yaratdıqları əl işləri ilə tanış olmuş, bu qəsəbənin zəngin tarixi, keçmişi barədə məlumatlandırılmışlar.

Ertəsi gün İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə RİH-in başçısı Mirdaməd Sadıqov İsmayıllıdan gedən nümayəndə heyətinin Çexiyanın Qluboko Na Vitavu şəhərində səmimi qarşılandığından söz açmış, səfərin xatirələrdə dərin iz saldığını bildirmişdir.

M.Sadıqov daha sonra deyib ki, iqtisadiyyatın neftdən asılılığına son qoyulandan sonra Azərbaycanın inkişaf miqyası daha da genişlənib və sürətlənib. Bunu İsmayıllı rayonunun timsalında da aydın görmək olur. Rayonda kənd təsərrüfatı ilə yanaşı, sənaye də inkişaf edir. Xalçaçılıq və tikinti materialları istehsalı sənayedə əsas gəlir gətirən sahəyə çevrilib. İsmayıllının büdcəsi üçüncü ildir ki, özünümaliyyələşdirmə əsasında formalaşır. Ismayıllı müxtəlif mədəniyyətlərin, dinlərin, dillərin qovşağı olan bir tolerant rayondur.

Nümayəndə heyətinin rəhbəri, Çexiya Respublikasının senatoru, Cənubi Çexiya Qluboko Na Vitavu şəhərinin meri Tomaş Jirsa Azərbaycanda, o cümlədən İsmayıllıda olduqlarından məmnun qaldıqlarını bildirib, onlara yaradılan şəraitə görə təşəkkür edib. Nümayəndə heyətinin rəhbəri deyib ki, o, ilk dəfə Bakıda 1990-cı illərdə olub. O vaxtdan şəhər çox dəyişib, inkişaf səviyyəsinə görə hətta ən inkişaf etmiş şəhərlərlə rəqabət aparmaq gücündədir. İsmayıllı əyalət şəhəri olsa da, ölkənizdə gedən inkişafdan geri qalmayıb. Qonaq Azərbaycanın, o cümlədən İsmayıllının yüksəliş yolunda belə inamla addımlamasına dostcasına sevinərək bundan qürur duyduğunutaleyüklü Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasını arzulayıb.

Görüşdən sonra 11 nəfərdən ibarət nümayəndə heyəti Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində olublar. Mədəniyyət Mərkəzinin möhtəşəmliyi qonaqların diqqətini çəkib. Burada İvanovka və Lahıc folklor qrupunun çıxışı, Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert maraqla qarşılanıb.

Çexiyalı qonaqlar "Qala divarları” önündə ağac əkmiş, Heydər Əliyev adına Parkda, Yapon bağında, "Aznar” MMC-də, İvanovka kəndində də olmuşlar.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.- 7 noyabr.- S.7.