Düşmənə göz
dağı olan qəhrəman
Gənc rayonlarımızdan olan Qobustanda idik. Burada əldə
etdiyimiz məlumat bizi əvvəldən nəzərdə tutulmayan
bir ünvana gətirib çıxartdı.
Təxminən rayon mərkəzindən 25-30 kilometr uzaqlıqda yerləşən Sündü
kəndinə yol aldıq. Gənc rayonun tarixin sirlərini özündə
saxlayan qocaman bir kəndinə...
Səfərimizin məqsədi vardı. Həmin
gün bu kəndin torpaqlarımızın
müdafiəsi uğrunda
canını fəda etmiş dəyərli övladlarından birinin -
Cəmil Adıgözəlovun
şəhidlik zirvəsinə
ucalmasının 23 ili tamam olurdu. Hər il olduğu
kimi, bu il də Cəmilin
silah yoldaşları onun xatirə gününü qeyd edirdilər. Qəbirüstü
abidənin ətrafına
xeyli adam
toplaşmışdı. Onların arasında
kənd sakinləri, qohumları, ailə üzvləri ilə bərabər respublikanın
müxtəlif guşələrindən
gələn silahdaşları
da vardı.
Cəmil Adıgözəl oğlu
Adıgözəlov 1973-cü ildə Sündü kəndində anadan olub. 1990-cı ildə orta məktəbi bitirib. Qayğıkeşliyi, mehribanlığı həm ailədə, həm də dost-tanış arasında daim hiss olunub, onu sinif yoldaşlarının
və müəllimlərinin
sevimlisi edib. Cəmil
1990-cı ildə Göyçay
Kənd Təsərrüfatı
Texnikumunun Mexanika şöbəsinə daxil
olub.
1992-ci ildə
Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətə çağırılıb. Bacarığı, qabiliyyəti ilk gündən
nəzəri cəlb edib. Komandir heyətinə daxil
edilməsinə qərar
verilib. Ona görə də
hərbi hissənin göndərişi əsasında
xüsusi kursu bitirərək leytenant rütbəsi alıb.
Cəmil döyüş bölgələrinin
ən qaynar nöqtələrində xidmət
göstərib. Tabeliyində olan şəxsi
heyətə qayğı
ilə yanaşıb,
fərdi keyfiyyətləri
ilə onlara nümunə olub. Əsgərləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda gedən ədalətli mübarizəyə
ruhlandırıb. 1995-ci il oktyabrın
18-də - dövlət müstəqilliyimizin
bərpasının üçüncü
ildönümü günündə
növbəti hərbi
tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak
olub.
...Sündü qəbiristanlığında cəmləşən
insanlardan qəhrəmanımızla
bağlı xatirələrini
bölüşməyi xahiş
etdik. Əvvəlcə şəhidin atası
Adıgözəl Adıgözəlova
yaxınlaşırıq. Qəhər atanın boğazını kilidləyir,
hiss olunur ki, danışmağa çətinlik
çəkir: - Vallah,
nə deyəcəyimi
bilmirəm. Allah ona və cəmi
şəhidlərimizə rəhmət
eləsin. Övlad itkisi
nə qədər ağır olsa belə, mənə və anasına təskinlik verən yeganə odur ki, Cəmil torpaqlarımızın bütövlüyü
uğrunda canını
fəda edib. Bir də onun əsgər
yoldaşlarının bizi
tez-tez yada salmaları, imkan yarananda ziyarət etmələri qəlbimizi
qürur hissi ilə doldurur. Sevinirik ki, cəmiyyətə belə mərd, torpağını, yurdunu
sevən övlad bəxş edə bilmişik.
Sündü kənd
orta məktəbinin tarix müəllimi İdris Alıcanovun da sevimli şagirdi
ilə bağlı deyəcəkləri var: -
Mən Cəmilin tarix müəllimi olmuşam. O, təhsil aldığı dövrlərdə
vətənpərvərliyi, qayğıkeşliyi ilə
həmişə seçilib.
Qarabağ uğrunda döyüşlər
başlayanda Cəmil ilklərin cərgəsində
olub. Sıravi əsgərdən zabit rütbəsinə qədər yüksəlib.
Bununla da doğulduğu kəndə, el-obaya, ailəyə layiq oğul olduğunu təsdiqləyib. Döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Onun xatirəsi bizim üçün həmişə
əzizdir. Sündü
kənd orta məktəbində kəndin
19 şəhidinin adına təşkil
olunmuş xüsusi guşədə Cəmilin
də şəkli
var. Onların doğum
və şəhid olduqları gün mütləq xatırlanır.
1992-ci ildə Cəmilin komandiri olmuş Tapdıq İbrahimov da fikirlərini bölüşür:
- Cəmilin qorxmazlığı,
cəsurluğu elə
hərbi hissəyə
gəldiyi ilk günlərdən
duyulurdu. Düşmənə qarşı nifrəti
bütün varlığını
sarmışdı. Hərb
sənətinə marağı,
az zamanda
hərbi hissənin balansındakı bütün
silah növlərini mənimsəməsi komandanlığın
diqqətini cəlb etmişdi. Bu keyfiyyətlərinə
görə hərbi təhsil alması üçün Bakıya
göndərildi. O, xidmət
keçdiyi hərbi hissəyə leytenant rütbəsində qayıtdı
və mərdliyi, şücaəti ilə seçildi.
Ağdərə ərazisindəki Qırmızıkənd
(indi Şikarabad adlanır. Kənd Sündü kəndindən
olan Azərbaycanın
Milli Qəhrəmanı
Şikar Şikarovun adını daşıyır)
adlanan yaşayış
məntəqəsi uğrunda
gedən döyüşlərdə
şəhid oldu.
Əslən Laçın rayonundan olan döyüş yoldaşı Bünyad Zamanov da cəbhədaşı
ilə bağlı yanğı ilə danışır. Dediyinə görə, Cəmil
onlar üçün
həmişə nümunə
olub. Son dəfə kəşfiyyata
gedərkən yağı
düşmənin gülləsinə
tuş gəlib.
Gədəbəydən olan döyüş yoldaşı
Zaur Əhmədov dedi: - Cəmil bizim üçün o qədər doğmalaşmışdı
ki, Gədəbəylə
Sündü arasındakı
yüzlərlə kilometrlik
məsafə olmasına
baxmayaraq, heç də bizə uzaq görünmürdü.
Çünki bizim daim qəlbimizdə yaşayan
silahdaşımız məhz
bu eldən, bu obadan çıxıb.
Hərbi
məktəbə də,
son əməliyyata da
bir yerdə getmişdik. O, istənilən
əməliyyat olan kimi, hətta başqasının növbəsi
olsa belə, həmişə qabağa
çıxardı. Deyirdi ki,
döyüşçü həmişə ön mövqedə olmalı, düşmənə göz
dağı verməlidir.
Şəhid soydaşımızın həmkəndlisi
Məharət Əkbərov
da Cəmildən danışdı. Bildirdi ki, həm orta məktəbi bir yerdə oxuyublar, həm də əsgərlikdə
bir yerdə olublar. Onun vətənə, torpağa bağlılığı
hər zaman bütün hərəkətlərində,
əməllərində özünü
göstərib. Həyatını zabit qismində hərbi sahəyə bağlaması da bunların təsdiqidir.
Sadəcə olaraq M.Əkbərov yaralandığı üçün
ordudan tez tərxis olunub. Cəmilin kəndə
son gəlişini isə
heç unutmur. Deyir ki, hamı
ilə bir-bir görüşdü, sanki
ürəyinə dammışdı
ki, bir daha
geri qayıtmayacaq...
Ağcabədi rayonunun Yeni Qarabulaq kənd sakini Mirsiyab Abbasov da Cəmillə
birlikdə dəfələrlə
döyüşdə olduqlarını
deyir.
Cəmilin qəhrəmanlıqları qarşısında
hər birimiz baş əyirik. Qobustan
Rayon İcra Hakimiyyətinin
şəhidin adını
əbədiləşdirmək üçün rayonun mərkəzi küçələrindən
birinə Cəmil Adıgözəlovun adının
verilməsi ilə bağlı sərəncamı
da var. Bununla yanaşı, ən mühüm məqamlardan biri üstündən 23 il keçəndən sonra belə köhnə silahdaşların
bir-birini axtarıb tapması, ailələrinə
dayaq olmalarıdır.
Əli SƏLİMOV
Azərbaycan.- 2018.- 7 noyabr.-
S.8.