Azərbaycanın Müdafiə Nazirliyi
ilə Avropa İttifaqı arasında cəbhə
xəttindəki hazırkı vəziyyətə dair fikir mübadiləsi
aparılıb
Noyabrın 7-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə xəttindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə general-polkovnik Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb. Nazir vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir. Münaqişənin tezliklə həlli üçün Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək ordusunun bölmələrini torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır.
T.Klaar
Cənubi Qafqaz regionunda
sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda
sülh yolu ilə həllinin
vacibliyini qeyd edib. O bildirib ki, Avropa İttifaqı bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.
Azərbaycan.- 2018.- 8 noyabr.- S.3.