Berlində Azərbaycan Xalq
Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş elmi konfrans keçirilib
Noyabrın 6-da Almaniya paytaxtındakı Şarlottenburq sarayında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Şərqdə ilk dünyəvi parlament respublikası: dəyərlər və irs” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə əlaqələndiricisi Maykl Zibert tədbir iştirakçılarına müraciətlə təbrik nitqləri söyləyiblər.
Diplomat qeyd edib ki, Azərbaycan 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika elan etməklə sekulyar dövlətə çevrilib. Burada din dövlətdən ayrılıb, qadınlara geniş hüquqlar verilib, milli azlıqlar yeni ölkənin tamhüquqlu vətəndaşlarına çevrilib. Azərbaycandakı alman icmasına da böyük hüquqlar verilib. Şərqdə ilk universitet, opera və balet yaradılıb.
Səfir bu konfransın təşkilini dəstəklədiyinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Maykl Zibert öz
çıxışında Azərbaycan Xalq
Cümhuriyyətini istibdadçı çar
Rusiyasında gözlənilmədən yaranmış
nümunəvi demokratik respublika
adlandırıb. O deyib: “Bu, millətin daxilində mövcud olan potensiala dəlalət edir. Əlbəttə, qısa müddətdə
bu dövlət bütün problemləri həll edə bilmədi. Əvəzində bugünkü Azərbaycan
demokratik cümhuriyyətin
varisidir, bu gün Azərbaycanda həyata keçirilən
islahatlar prosesində məhz birinci respublikanın ənənələrinə
müraciət edilir və Azərbaycan Xalq Cümhuriyyəti banilərinin arzularını
həyata keçirmək
imkanı yaranıb”.
Zibert xatırladıb ki, o uzaq illərdə olduğu kimi bu gün də
Azərbaycanda antisemitizm
və ksenofobiya yoxdur. O vaxt olduğu kimi bu gün
də ölkədə
tolerantlıq və etnik müxtəliflik hökm sürür. O deyib: “İpək Yolu, Bakıdan Qarsa qədər və daha sonra
Avropaya gedən dəmir yolu Almaniya üçün çox vacibdir və bu məsələdə
Azərbaycan böyük
rol oynayır”.
Konfrans iştirakçılarına Azərbaycan
Xalq Cümhuriyyətinin
tarixi haqqında sənədli film nümayiş
etdirilib.
Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
tarixi, onun ənənələri, o dövrə
xas olan yeniliklər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə ilk dəfə
olaraq Azərbaycan dilinə dövlət dili statusu verilib,
məktəblərdə təhsil
Azərbaycan dilində
aparılmağa, Azərbaycan
dilində mətbu nəşrlər buraxılmağa
başlanıb, Azərbaycan
xalqının tarixində
ilk universitet yaradılıb,
Paris Sülh Konfransında
Millətlər Liqası
Azərbaycan Xalq Cümhuriyyətini de-fakto
tanıyandan sonra səfirliklər açılıb.
R.Kərimov neçə
onillik sonra Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağının Azərbaycanın
dövlət bayrağı
kimi bərpa olunmasının tarixi barədə də söhbət açaraq xatırladıb ki, bu hadisə ilk dəfə Naxçıvanda,
Azərbaycan xalqının
ümummilli lideri, o vaxt Muxtar Respublikanın
Ali Məclisinin sədri
olan Heydər Əliyevin təşəbbüsü
ilə baş verib.
Berlin Azad Universitetinin
(Forschungsverbund SED-Staat
an der Freien Universität Berlin) elmi işçisi Enriko Zivald (Enrico Seewald) öz məruzəsində tarixi
öyrənməyin zəruri
olmasını qeyd edib. Alim almanların
məşhur bir kəlamını xatırladıb:
“Öz tarixini bilməyən insan bugünkü dövrü
anlaya bilməz”. Buna görə də
o, əmin olduğunu bildirib ki, tarixi
öyrənmək zəruridir.
E.Zivald özünün
tədqiqat qrupu tərəfindən Azərbaycan
Xalq Cümhuriyyətinin
tarixinin öyrənilməsinə
dair görülmüş
işlər barədə
söhbət açıb,
bildirib ki, əməkdaşı olduğu
universitetdə Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
edilmiş bir sıra tədrislə bağlı tədbirlər
keçirilib və bu tədbirlərin hamısı arxiv materiallarına əsaslanıb.
Alim Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə
dair materiallar saxlanılan bir neçə alman arxivinin adını çəkib. Onlardan biri AFR XİN-in arxividir.
Zivald xatırladıb ki, Azərbaycan tarixçiləri
də həmin arxivdə işləyiblər.
Natiq vurğulayıb:
“Məsələn, akademik
Yaqub Mahmudovun fikrincə, alman arxivləri həm də ona görə
əhəmiyyətlidir ki,
almanlar özləri həmin hadisələrin canlı şahidləri olub. Bu, həqiqətən
belədir. Həmin hadisələrin
şahidləri gördüklərini
sənədli şəkildə
dəqiq təsvir edib, sonra bu
sənədləri arxivə
təhvil veriblər”.
XİN arxivindən başqa bu baxımdan
çox əhəmiyyətli
olan Nürnberq arxivində də Azərbaycan Xalq Cümhuriyyəti barədə
sənədlər var.
Zivald bildirib ki, onun
qrupu Azərbaycan Xalq Cümhuriyyəti barədə sənədləri
skanlaşdırır və
zamanın təsirinə
məruz qalmamaq üçün indi həmin sənədləri
elektron formada saxlayır. Tarixçi deyib: “Bu arxivlərdə saxlanılan informasiya mənbəşünaslıq baxımından
çox qiymətlidir.
Bizim vəzifəmiz onların öyrənilməsinə fasilə
verməməkdir”.
Azərbaycan Milli Elmlər Akademiyasının
Beynəlxalq Əlaqələr
Şöbəsinin rəhbəri,
fəlsəfə doktoru
Nərgiz Axundova Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik
missiyası, bu yolda qarşıya çıxan çətinliklər,
xüsusən Fransaya viza alınmasında süni əngəllər
barədə danışıb.
Alim həm Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin, həm də onun parlamentinin
çoxmillətli tərkibi
barədə məlumat
verib. N.Axundova öz çıxışında
vurğulayıb ki, birinci cümhuriyyətin rəhbərliyi Azərbaycanın
alman icmasına, həmçinin Azərbaycanda
yaşayan almanlara xüsusi diqqət yetirirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının
Tarix İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə
doktoru Lamiyə Qafarzadə öz məruzəsində Azərbaycan
Xalq Cümhuriyyətinin
mədəniyyət, təhsil
sahəsində qazandığı
uğurlar, habelə ölkədə insan haqlarının bərabərləşdirilməsi
məsələlərini diqqətə
çatdırıb. O, Azərbaycan
Xalq Cümhuriyyəti
Parlamentinin milli tərkibini, onun həqiqətən demokratik
xarakter daşımasını
xatırladıb. O qeyd
edib ki, yeni yaradılmış Bakı Universitetinin ilk rektoru professor Razumovski olub, universitetin 44 professorundan yalnız
4-ü azərbaycanlı idi.
Alim 1919-cu il
mayın 28-də - Azərbaycan
Xalq Cümhuriyyətinin
birinci ildönümü
günündə Parisdə
Azərbaycan nümayəndə
heyəti ilə görüşmüş ABŞ Prezidenti Vudrol Vilsonun məşhur kəlamını xatırladıb:
“Bir dəfə bizə Azərbaycandan bir qrup çox
maraqlı və ləyaqətli centlmen gəlmişdi. Biz azadlıq konsepsiyası, hüquqlar və ədalət konsepsiyası
barədə danışanda
mən dərhal başa düşdüm ki, biz eyni dildə
danışırıq”.
Humboldt Universitetinin
Azərbaycan tarixi kafedrasının müdiri,
professor Eva-Mariya Aux Azərbaycan-alman
münasibətləri kontekstində
“xalqlar dostluğu” termininin necə anlaşılması barədə fikirlərini
bölüşüb. Tarixçi
çıxışının əvvəlində deyib: “Mən belə başa düşürəm
ki, həqiqi xalqlar dostluğu ilə Stalinin xalqlar dostluğu şüarı altında
heç bir ortaq cəhət yoxdur. Dostluq, ilk növbədə, iki xalq arasında
anlaşma deməkdir”.
Professor Aux almanların azərbaycanlıları necə
anlamasını Azərbaycan
ədəbiyyatına almanların
sevgisi nümunəsində,
o cümlədən Nizaminin,
Füzulinin, Nəsiminin
poeziyasına ehtiramla yanaşması nümunəsində
nümayiş etdirdi.
O, Azərbaycanda yaşamış
almanların xatirələrinin
toplandığı kitabı
barədə danışdı.
Potsdam Universitetinin dosenti Matiyas Dofnfeld (Matthias Dornfeldt) öz məruzəsində Azərbaycanın minilliklərlə hesablanan tarixə malik olduğunu qeyd etdi. O əmindir ki, bu tarix bütün dövrlərdə Azərbaycanda məskunlaşmış xalqların tolerantlığı, burada antisemitizm və başqa mədəniyyətlərə münasibətdə dözümsüzlük olmaması ilə fərqlənib. Məruzəçi qeyd edib ki, əsası görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasəti sayəsində bu gün ölkədə müxtəlif xalqların, müxtəlif dinlərin və məzhəblərin nümayəndələri dinc yanaşı yaşayır. Bu gün Azərbaycanda 47 min yəhudi yaşayır və Azərbaycan onların öz evidir. Azərbaycanda yəhudilər üçün sinaqoqlar və məktəblər var, hətta İsrailə mühacirət etmiş yəhudilər də Azərbaycanla əlaqəni kəsmir, onu yenə özlərinin vətəni hesab edirlər. Ləzgilər, talışlar, tatlar, qrızlar, saxurlar, gürcülər, avarlar, udinlər – onların hamısı Azərbaycan cəmiyyətinin tamhüquqlu üzvləridir. Məruzəçi heyranlığını gizlətmədən deyib: “Hələ molokan mədəniyyətinin nümunəvi adacığı olan İvanovka kəndini görəsiniz! Bu kəndin sakinləri bu gün özlərini etnik rusların çoxunun Rusiyanın özündə olduğundan daha yaxşı hiss edir”.
Dosent Azərbaycan paytaxtında keçirilmiş sivilizasiyalararası dialoqa dair silsilə tədbirlər, ölkə rəhbərliyinin bu mövzuya diqqətini göstərən beynəlxalq humanitar forumlar barədə danışıb.
Turistlər üçün memarlığa aid soraq kitabının müəllifi Hayke Mariya Yohenninq (Heike Maria Johenning) öz əsərini auditoriyada təqdim edib. Bu kitaba İçərişəhərin, Bakının mərkəzinin və tarixi abidələrin təsvirləri daxil edilib. Müəllif etiraf edib ki, Şirvanşahlar sarayının girişində daş üzərində oyma ustalarının işləri onu heyran edib. Yohenninq Bakıda işləmiş və bu şəhəri dünyanın ən gözəl guşələrindən birinə çevirmiş memarlar barədə danışıb. Sənətşünas alim çıxışı boyunca Azərbaycan paytaxtında olarkən şəxsən özünün çəkdiyi fotoşəkilləri nümayiş etdirib. çıxışının sonunda deyib: “100 il bundan əvvəl olduğu kimi, bu gün də Bakı kosmopilt gözəl meqapolisdir”. Onun bu sözləri konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Səhnə ilə zal arasında canlı dialoq
xarakteri daşıyan konfransda
panel iştirakçıları
qonaqların suallarını cavablandırıblar.
Azərbaycan.- 2018.-8 noyabr.- S.6.