Heç zaman enməyəcək müstəqillik
rəmzi
Kölgənin düşdüyü
hər yer vətəndir
Bu ay, ulduz, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək:
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
- Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
- Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
- Mədəniyyət bulmalı!
Səkkiz uclu şu ulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi
- Səhərlərə uçmuşdur!
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
- Yurdumuzu qucmuşdur!
Bu misralar böyük dramaturqumuz Cəfər Cabbarlının 29 avqust 1919-cu ildə "Azərbaycan” qəzetində çap edilən "Azərbaycan bayrağına” şeirindən bir parçadır...
O bayraq ki, tarixin gerçəkliyindən, cəng meydanında igidlərin nərəsindən, milyonların arzusundan, şəhid övladlarının qanından yoğrularaq yüksəklərə, çox ucalara, lap elə göylərin bağrına sancılaraq dalğalanır...
Vaxtilə Fəratdan Qəndəhara, Qafqazdan Hind okeanınadək uzanan 3 milyon kilometrlik ərazilərdə dalğalanan bayraqların balası bayrağım, kölgənin düşdüyü hər yer vətəndir!.. And yerimizsən...
Əsir həyatı da yaşamısan, qaçaq da olmusan, səni buxovlamaq istəyiblər, amma çox məğrursan, bayrağım, heç zaman əyilməmisən!..
Yoxdan var olmusan, sevənlərinin ürəyindəki bir qığılcımdan alovlanmısan, şölələrin işıq saçıb gələcək yollarımıza...
Və ən çətin zamanlarda, çıxılmaz durumlarda belə bilirdin ki, "Bir kərə yüksələn bayraq bir daha enməz...”
Bayraqların sancıldığı yer...
Hər bir xalqın qüdrətini bildirən, fərqləndirici nişan sayılan "bayraq” ümumtürk mənşəli sözdür və tarixi çox qədimdir. Tədqiqatçıların fikrincə, bu söz batır ("batırmaq”, "sancmaq”) feilindən törəmişdir. Ulu babalarımız həmişə bayrağa sancaq deyiblər, yəni "sanc” mənasında. Qəhrəmanlarımızın döyüşlərdə öz bayraqlarını sancdıqları yer onlar üçün məkana, vətənə çevrilib.
Tarixi qaynaqlara əsasən Azərbaycan bayrağının tarixi çox qədimlərə gedib çıxır və hələ dünyanın bir çox ölkələrində dövlət, millət anlayışının formalaşmadığı bir vaxtda onun qədim dövləti də olub, bayrağı da...
Azərbaycanda bayraqların meydana gəlməsi bizim eradan əvvəlki əsrlərə aiddir. Təxminən beş min ilə qədər dövlətçilik tarixinə malik Azərbaycanda arxeoloji tapıntılara əsasən bayrağın ilkin formalarından hələ Tunc dövründə (m.ə. IV-II minilliklər) istifadə edilməsi məlumdur. Şəmkir və Şəki rayonlarında tapılmış buynuzlu maral, üzərində səkkizguşəli ulduz, şüalanan günəş və müxtəlif həndəsi naxışlar olan bu bayraq nümunələri qəbilə başçısı və ya hökmdarların hakimiyyət rəmzi idi. Azərbaycanda aşkar edilmiş bu növ bayraqların əksəriyyəti taxta sapa taxılmış buynuzlu heyvan təsvirləri olmuşdur. Manna qalalarını təsvir edən m.ə. VIII-VII əsrlərə aid Assuriya divar rəsmlərində də onlara rast gəlmək olar.
Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində güclü dövlətlər mövcud olmuşdur. Bunların sırasında Azərbaycanın Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi güclü dövlətləri tariximizdə silinməz izlər qoyub. Bu dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları da var idi. Bəzilərinin üzərində qurd başı, ağ, qara qoç, şir, günəş təsvir edilib, bəzilərində yaşıl rəng üstünlük təşkil edib. O cümlədən, Qarabağ, Şəki, Bakı, İrəvan xanlıqlarının da özlərinə məxsus bayraqları olub ki, onlardan bəzilərinin nümunələri bu gün də hifz olunur.
Bir zərrədən alovlandı...
Yüz il əvvəl - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qaldırılan bayraq isə xalqımızın tarixində misilsiz rol oynadı...
21 iyun 1918-ci ildə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir. Lakin ingilislər bu bayraq dəyişdirilmədiyi təqdirdə Azərbaycanı müstəqil dövlət kimi tanımayacaqlarını, Osmanlının əyaləti hesab edəcəklərini bildirirlər.
Buna görə də 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edilir.
Yeni bayraq ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada, kütləvi şəkildə isə noyabrın 17-də Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində qaldırılır. Himn əvəzinə isə (o zaman hələ himnimiz olmadığından) "Azərbaycan” qəzetinin baş redaktoru Üzeyir Hacıbəylinin təklifi ilə onun "Leyli və Məcnun” əsərində Nofəl səhnəyə gələrkən səsləndirilən coşdurucu musiqi ("Heyratı” üstündə) çalınması qəbul edildi.
Türkləşmək, müasirləşmək, islamlaşmaq
Bayraq hər bir millətin kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə, onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bu mənada üçrəngli bayrağımızın da milli varlıq fəlsəfəsi özünəməxsusdur.
Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng - islam ideologiyasını ifadə edir.
Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri olan həmvətənimiz Əli bəy Hüseynzadədir. 1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi "Füyuzat” (xeyir, fayda mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.
Beləliklə aydın olur ki, cümhuriyyətin tək boyalı bayrağının üçrəngli bayraqla əvəz olunması müəyyən mənada siyasi amillərlə bağlı olsa da, əslində onun yaranmasında milli-türk və müstəqil Azərbaycan ideyası daha mühüm rol oynamışdır. İkinci bayraqda al-qırmızı boya və ayparalı səkkizguşəli ulduzla yanaşı, türklüyü və islamı ifadə edən göy və yaşıl rənglərin öz ifadəsini tapması ilə milli bayraq tam bir mənəvi-ideoloji dəyər kəsb etmişdi.
Ay-ulduzun mənası nədir?
Maraqlıdır ki, üçrəngli bayrağımızın rənglərinin hansı mənanı və ideyanı ifadə etməsi ilə bağlı dəqiq məlumatlar olsa da, onun üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif versiyalar səsləndirilir.
Məsələn, bəzi fikirlərə əsasən, aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra bu gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib, həmin dində olan başqa xalqlara da keçib və bayraqların üzərindəki aypara türk xalqlarının simvoluna çevrilib. Bununla yanaşı ay və ulduzun bir yerdə olması qədim türklər tərəfindən xoşbəxtlik simvolu kimi dəyərləndirildiyi, qəməri təqvimə işarə olduğu da deyilir.
Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan” sözü səkkiz hərflə yazılır. O cümlədən tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Azərbaycan bayrağındakı ulduz memarlıqda da geniş istifadə olunub. Səkkizguşəli ulduzun əbədiyyət, sonsuzluq, möhtəşəmlik, davamlılıq və davamiyyət rəmzi olduğu fikirləri də söylənilir...
Böyük qayıdış
1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı SSR-nin bayrağı ilə əvəzlənir, üçrəngli bayrağımız parlament binası üzərindən endirilir, amma onu qəlblərdən silmək mümkün olmur...
1952-ci ilin mayın 28-də mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika günündə M.Ə.Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb onu Azərbaycana aparmaq üçün kimə etibar edə biləcəyini soruşur. Zaldakılardan Gülmirzə Bağırov bu əmanəti götürür və 70-ci illərdə həyat yoldaşının bədəninə sarıyıb vətənə gətirir və həmin bayrağı 1990-cı ilin yanvarında Maştağadakı evinin damından asır...
1956-cı ildə üçrəngli bayraq yaşadığı quruluşa nifrətini açıq şəkildə bildirən ağdamlı rejissor Cahid Nihaloğlu tərəfindən Qız qalası üzərində dalğalandırılır və o, bu vətənpərvər cəsarətinə görə 4 il həbslə "mükafatlandırılır”.
Tarixi ədalətin bərpası...
SSR-i imperiyasına qarşı meydanlarda qaldırılan bayrağa ilk hüquqi status isə 1990-cı ildə verildi. Həmin ilin noyabrın 17-də ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” qanunu qəbul etdi.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edir. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Ən uca bayraq
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
2010-cu il sentyabrın 1-də Prezidentin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində Ginnes dünya rekordları təşkilatının 2010-cu il may ayının 29-da Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikat da nümayiş olunur.
Dalğalan ki, düşmən diz çöksün önündə...
Ən hündür zirvələrdə dalğalan, bayrağım!
Dalğalan ki, böyük yaradılışının şahidi olanların, uğrunda canlarından keçənlərinin ruhu şad olsun. Dalğalan ki, düşmən əzəmətin qarşısında əzilsin, diz çöksün önündə...
Dalğalan Şuşada, Ağdamda, Kəlbəcərdə, Zəngilanda...
Murovun, Kirsin, Əsgülümün, Qızılboğazın zirvələrində dalğalan...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2018.- 9 noyabr.- S.1; 3.