Muğamın
böyük himayədarı
Mehriban xanım
Əliyeva bu mədəniyyət incimizi dünyaya
tanıtdı
Bütün dövrlərin
parlaq simaları üçün səciyyəvi olan ən
mühüm keyfiyyətlərdən biri milli-mənəvi və
bəşəri dəyərlərin inkişafına layiqli
töhfələr verməklə yanaşı, qlobal miqyasda
insanlığın nicatına xidmət edən mühüm
ictimai təşəbbüslərlə çıxış
etmələri olmuşdur.
İndi böyük qürur
duyğusu ilə deyə bilərik ki, bu narahat dünyada nəcib
və ali məqsədlər, bəşəri
ideyalar naminə çalışan, insan amilini daim uca tutan
xoşməramlı şəxsiyyətlər arasında Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın adı xüsusi çəkilir.
Azərbaycanın birinci
xanımının indiyədək çoxşaxəli fəaliyyətinin
nəinki ölkəmizdə, onun hüdudlarından kənarda
da rəğbətlə qarşılanmasının səbəbləri
kifayət qədərdir: o, əzmkar fəaliyyəti ilə
milli-mənəvi dəyərlərin, qeyri-maddi irsin dünya
miqyasında təbliği ilə yanaşı, həm də
sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası
dialoqu, bir sözlə, insanlığın tərəqqisinə
yönələn ali ideyaların
reallaşdırılmasını, bu sahələrdə səylərin
birləşdirilməsini hədəfə almışdır.
Mehriban xanım Əliyeva görkəmli
siyasi xadimdir, yüksək təşkilatçı,
bacarıqlı idarəçidir! Ulu öndər Heydər
Əliyevin dövlətçilik kursunun fəal təmsilçilərindəndir!
Ən əsası isə böyük vətənpərvərdir!
Bu amallara tapınan UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyeva əzmkar fəaliyyəti ilə məhz belə bir
ucalığa yüksəlmiş, cəmiyyətdə
böyük nüfuz, ən əsası isə insanların
sonsuz məhəbbətini, etimadını
qazanmışdır. Azərbaycanın birinci
xanımının təşəbbüsü ilə ilk
günlərdən həyata keçirilən çoxşaxəli
layihələri birləşdirən ümumi ortaq xətt milli
genofondun qorunması, saf duyğuların ictimai şüurda
möhkəmlənməsi olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev ölkəmizin regionlarına tez-tez səfərlər
edir. Hər belə səfər zamanı
açılışında şəxsən iştirak etdiyi
yeni infrastruktur obyektləri, müəssisələr, mədəniyyət
ocaqları ilə Azərbaycanın inkişaf hüdudları
daha da genişlənir. Bu baxımdan
dövlət rəhbərinin Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə
Qarabağ bölgəsinə səfəri də istisna
olmadı. Səfərin ən əlamətdar
məqamlarından biri isə Ağdam Muğam Mərkəzinin
açılışı, Prezident İlham Əliyevin və
Mehriban xanım Əliyevanın bu mərkəzdə ölkəmizin
bir qrup muğam ustadı ilə səmimi
görüşü, söhbəti idi.
Ağdam Muğam Mərkəzi
indiyə qədər Bakı, Ağcabədi və Füzuli
şəhərlərində ucaldılmış belə mərkəzlərin
dördüncüsüdür. Digər muğam mərkəzləri
kimi, Ağdam Muğam Mərkəzi də Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun təşəbbüsü ilə inşa edilib.
Muğam tarixən bu sənətin
beşiyi sayılan Qarabağın simvollarındandır. Ona görə
də Ağdamda belə bir mədəniyyət məbədinin
yüksəlməsi böyük rəmzi məna
daşıyır. Ölkə rəhbəri muğam
ustadları ilə görüşü zamanı fondun bu təşəbbüsünü
yüksək qiymətləndirdi: "Bu gözəl, möhtəşəm
bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və
dövləti öz milli sənəti olan muğama çox
böyük sevgi ilə yanaşır. Bina həm
xarici görünüşü və memarlıq
baxımından çox gözəldir, həm də daxili tərtibat
da göz oxşayır. Dərs
otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək
standartlara cavab verir. Bu Muğam Mərkəzində
həm məşhur ifaçılarımız öz məharətlərini
göstərəcəklər, həm də gənclər
muğam sənətinə cəlb ediləcəklər.
Bir sözlə, bu mərkəzin çox
böyük əhəmiyyəti, çox böyük mənası
var”.
Tükənməz
xəzinə
Muğam Azərbaycan
xalqının minillərlə formalaşan tükənməz
xəzinəsidir. İnsan qəlbinin, ruhunun dərinliklərində
çağlayan nur çeşməsidir. Bu,
zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül
tapmış bir musiqidir. Xalqın mədəni-mənəvi
irsinin ilkin kökləri yaradıcı başlanğıc
kimi həmişə ən böyük sirr olaraq qalır.
Heç bir nəzəriyyə bu
yaradıcılığın ən incə
çalarlarını belə olduğu kimi çatdırmaq
iqtidarında deyil. Yalnız muğam
ifaçıları həmin sirri fəhmlə duyaraq öz
ifaları ilə bu sənətə həyat verməyə
qadirdirlər. Düşünürük
ki, təkcə elə muğamın özü, onun ecazkar sirləri
Azərbaycan xalqının nə qədər dərin fikir
dünyasına malik olduğunu göstərir.
Mehriban xanım Əliyeva illər əvvəl
"Azərbaycan İrs” jurnalında dərc olunmuş
"Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət
xəzinəsinin sirlərini, mətləblərini belə təsvir
etmişdi: "Çoxəsrlik tarixə malik olan Azərbaycan
muğamı, mütəxəssislərin rəyinə görə,
Şərq intibahı çağında özünün
çiçəklənmə dövrünü
yaşamışdır. Sonrakı dövrlər
bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə
bilməmişdir.
Bu gün də muğam bir tərəfdən
keçmişdən bu günə yaşayan mənəvi sərvət,
digər tərəfdən isə son dərəcə
çağdaş sənət aləmi kimi bütün
varlığı ilə yaşamaqdadır. Burada sənətin
ənənə ilə qəti olaraq müəyyən
edilmiş normaları və yaradıcılıq prosesindəki
improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq
təşkil edir”.
Əlbəttə, muğam təkcə
Azərbaycanın deyil, ümumən bəşəriyyətin
mənəvi xəzinəsidir. Amma bu da bir
reallıqdır ki, istənilən dəyəri təbliğ
etmədən, mahiyyətini, əhəmiyyətini insanlara
çatdırmadan, ictimai düşüncədə onu həmişə
canlı saxlamadan bu dəyərin yaşayacağını,
mövcudluğunu qoruyacağını düşünmək
sadəlövhlük olardı. Muğamda
dilə gələn, danısan xalqın əməlləri,
uca hissləri və arzularıdır. Təbiilik,
yüksək bədii zövq onun gözəl keyfiyyətləridir.
Lakin insan təbiətən
elə bir varlıqdır ki, o, hansısa kənar təsirlərlə
bəzən özünün ən qiymətli incilərinə
də etinasız yanaşır, onların qədrini bilmir, ruha
qida verənlərə yox, ruhu aşındıranlara üz
tutur. Düşüncəsini çox da çətinə
salmadan onun üçün ən asan görünən,
qeyri-sənət nümunələri - bayağı musiqilərlə
zövqünü və ruhunu aldatmış olur. Ona görə də əsl sənətə himayəçilik
təkcə onun inkişafına dəstək olmaq, bu sənəti
yaradanlara kömək göstərmək deyil. Bu, həm də əsl sənəti
bayağılığın, yüngül duyğuların
ayağına verməməkdir. Cəmiyyətin
zövqünü formalaşdırmaq, onu əsl sənətin
ardınca aparmaqdır.
Vaxtilə dahi sənətkar
Üzeyir bəy Hacıbəyli deyirdi ki, həyatın
qanunları amansızdır. Tarixin hərəkətini
saxlamaq, onun istiqamətini dəyişmək, dövrünü
keçirmiş və mürtəce fikirlərlə
yaşayan adamların iradəsindən asılı deyildir.
Tarix səhnəsində qalmaq istəyən,
öz milliyyətini, dilini, mədəniyyətini və ənənələrini
saxlamaq istəyən, öz torpağının sahibi olmaq istəyən
bir xalq birinci növbədə özünün milli sərvətini
qorumalıdır, onun sahibi olmalıdır. Ona görə
istənilən sənətin yaşaması, xalqın sərvəti
kimi qorunması, kütlənin zövqünü, mədəni
səviyyəsini yüksəltməsi üçün cəmiyyətin
öndə gedən insanlarının şəxsi nümunəsinə
hər zaman böyük ehtiyac var. Azərbaycan muğamına,
sözün əsl mənasında bir dəyər kimi sahib
çıxan, bu mənəvi varlığı əsl
qayğı ilə öz himayəsinə alan
Mehriban xanım Əliyeva əslində bununla ümummilli lider
Heydər Əliyevin tarixi irsini davam etdirir. Muğamın
Azərbaycanın mənəvi aləmini bütün
dünyaya sərgiləyəcək ecazkar bir gücə, əzəmətə
malik olduğunu hələ ötən əsrin 70-ci illərində
Heydər Əliyev özünəməxsus fəhmi ilə
duyurdu. Həmin illərdə Sovet
İttifaqında UNESCO-nun himayəsi ilə keçirilən ənənəvi
beynəlxalq musiqi festivallarında Qərb dünyası Azərbaycan
muğamının heyranlığını
yaşamışdı. Qədim sənətimiz
hələ o zamandan addım-addım dünya mədəniyyəti
məkanına daşınmış, bu mühitin mədəni
dəyərləri ilə
qaynayıb-qarışmışdı.
Azərbaycan muğamı
insanların ürəyinə yol açacaq bir qüdrətə
malikdir.
Nadir sənətə
- böyük sərvətə qayğı
Müstəqilliyimizin ilk illərində
Azərbaycan cəmiyyəti mədəni dəyərlərin
gələcəyinə doğru uzanan istiqamətlərin də
yol ayrıcında dayanmışdı. Muğam bu
dövrdə öz mövcudluğunu milli ruh əsasında təmin
etsə də, ölkəmizin dünyaya
açılmış qapılarından içəri daxil olan
xarici musiqilərin fonunda bir qədər eşidilməz
olmuş, daha çox yaşlı insanların zövqündə
özünü qoruya bilmişdi. Belə
bir məqamda Mehriban xanımın isti, həssas münasibəti
muğamı geniş musiqi auditoriyası üçün
populyarlaşdırdı, yüksək zövq elementi kimi ona
marağı artırdı. Əslində,
muğam tarixən elitar musiqi sayılıb. Mehriban xanım Əliyeva da muğamı yenidən
öz əvvəlki statusuna qaytardı. Cəmiyyətin
bu tükənməz xəzinəyə münasibətini yenidən
formalaşdırdı. Azərbaycan
insanları necə qiymətli bir sərvətə sahib
olduqlarını, sanki yenidən anlayaraq bir daha muğama
üz tutdular.
Dəyərli sənətkarımız,
mərhum kaman ustadı Habil Əliyev
çıxışlarının birində deyirdi ki, Mehriban
xanımın Azərbaycan muğamı üçün etdikləri
əsl ana qayğısıdır. Bunlar bir ananın,
öz övladının böyüyüb ayağa
qalxması, bir tərəfə çıxması
üçün qatlaşdığı fədakarlıqlardır.
Ağdam Muğam Mərkəzinin
açılışında ölkəmizin muğam
ustadları ilə görüşü zamanı Prezident
İlham Əliyev də Mehriban xanımın muğama göstərdiyi
diqqətin bütün cəmiyyətimiz tərəfindən
yüksək qiymətləndirildiyini xatırlatdı. Onun Azərbaycan
muğamının qorunması, inkişafı və
dünyada təbliği istiqamətində yerinə yetirdiyi
tarixi missiya barədə fikirləri ilə, əslində,
ümumən xalqımızın qəlbindən keçənləri,
minnətdarlıq duyğularını dilə gətirdi.
Prezident qeyd etdi ki, son illər muğamın dirçəldiyini
görürük: "Biz əsrlər boyu bu gözəl
milli sənətimizi yaşatmışıq, inkişaf
etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda
inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri
keçirilir və Azərbaycan televiziyası ilə canlı
yayımlanır. Bu müsabiqələrin
çox böyük əhəmiyyəti var. Həm gənc nəsil
yetişir, həm gənc istedadlar gələcəyə yol
tapırlar, həm də muğamın nə qədər
gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları
görür, peyk vasitəsilə dünya da görür”.
Dövlət rəhbəri ənənəvi
muğam müsabiqələrinin çox əhəmiyyətli
hadisəyə çevrildiyini vurğuladı. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü
ilə ölkəmizdə beynəlxalq muğam
festivallarının keçirildiyini, bu təşəbbüsün
də çox böyük əhəmiyyətinin olduğunu
qeyd etdi. Bu mühüm mədəniyyət hadisələrinin
siyasi tərəflərinə, mədəniyyət
diplomatiyası elementi kimi daşıdığı mənaya
da diqqəti yönəltdi: "...biz bu festivalların
keçirilməsi ilə bir daha göstəririk ki, muğam
milli sənətimizdir və muğamın bu gün dünyada
yaşaması böyük dərəcədə Azərbaycan
xalqının zəhməti, istedadı hesabına
mümkündür. Biz haqlı olaraq hesab edirik
ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq
festivalların keçirilməsi, əlbəttə, bu tezisi
daha da möhkəmləndirir”.
Mehriban xanım Əliyeva
muğam sənətimizi dünyanın ən nüfuzlu konsert
salonlarına çıxartdı, bu sənəti təkcə
Azərbaycanın deyil, dünyanınkı etdi.
Bu, tarixi hadisə
idi
"Azərbaycanın zəngin
mədəniyyətinin və tarixinin ən gözəl incilərindən
olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan
xalqına xas olan ən gözəl xüsusiyyətlərin
daşıyıcıdır”, - deyən Mehriban xanımın
"Torpağa, köklərə bağlılıq, vətənpərvərlik,
milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,
emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin
əsasındadır” qiyməti muğamı bir boy da
ucaltdı.
Mehriban xanım
Əliyevanın fədakar fəaliyyəti, milli dəyərlərimizə
sonsuz sevgi və qayğısı Azərbaycan
muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi
mədəni irsi siyahısına daxil etdi.
Prezident İlham Əliyev
görüşdə bu faktı tarixi hadisə kimi qiymətləndirdi
və dedi: "Mehriban Əliyeva UNESCO-nun xoşməramlı
səfiridir və Azərbaycan muğamını səfir kimi
UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil
etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm
ki, sözün əsl mənasında, tarixi hadisədir.
Çünki bu addım həm dünya
miqyasında muğama göstərilən böyük diqqətin,
verilən əhəmiyyətin təzahürü idi, eyni
zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul
edib. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə bir çox mədəni tədbirlər, təqdimatlar,
sərgilər keçirilmişdir, görkəmli
ifaçılarımızın diskləri, kitabları,
albomları buraxılıb. Yəni, çox
böyük bir iş aparılıb. Bu gün
açılışına toplaşdığımız
Ağdam Muğam Mərkəzinin yaradılması bu
böyük işlərin tərkib hissəsidir”.
"Qarabağ xanəndələri”
Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə Heydər
Əliyev Fondunun ölkəmizin görkəmli muğam sənətkarları
ilə birlikdə reallaşdırdığı ilk layihə
"Qarabağ xanəndələri” adlanırdı. Nəfis tərtibatla dinləyicilərin
ixtiyarına verilmiş "Qarabağ xanəndələri”
albomunun təqdimat mərasimində Mehriban Əliyeva
demişdi: "Mən inanıram ki, bu albomla tanış
olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə,
digər tərəfdən də böyük məhəbbətlə
hazırlamışıq. Heç də təsadüfi
deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə
həsr olunmuşdur. Biz Qarabağ
torpağının acısını, Azərbaycanın haqq səsini
muğam vasitəsilə bütün dünyaya
çatdırırıq”.
Bu, təkcə Azərbaycan
muğamının təbliğinə yönələn bir
addım deyildi. Həm də muğamın gücündən
mədəniyyət diplomatiyasında istifadəyə,
muğamın ecazkar dili ilə Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasına doğru məqsədyönlü
cəhd idi. Alboma məhz "Qarabağ xanəndələri”
adının seçilməsi arxasındakı incə
diplomatik məramı sezmək də bir o qədər çətin
deyil. Bu albom ilk dəfə UNESCO-nun baş
qərargahında həmin təşkilatın xoşməramlı
səfirlərinin illik toplantısında təqdim olundu.
Çox da böyük diqqət və maraqla
qarşılandı. "Qarabağ xanəndələri”
dünyanın diqqətini bir daha Azərbaycanın öz əzəli
torpaqlarında, Dağlıq Qarabağda ermənilər tərəfindən
üzləşdiyi tarixi ədalətsizliyə yönəltdi.
"Qarabağ xanəndələri” layihəsi
mədəniyyətin sərhədlərini aşaraq həm də
siyasi bir hadisəyə çevrildi.
Mehriban xanımın
özünün də söylədiyi kimi, sırf musiqi layihəsindən
yetərincə əhəmiyyətli siyasi layihə yarandı:
"Balaca muğam ifaçılarını, adətən,
"Qarabağ bülbülləri” adlandırırlar. Bu gün... oxumaq üçün onlara Qarabağ
dağları, Qarabağ təbiəti, Qarabağ
torpağı lazımdır.
Azərbaycan mədəniyyətinin
Üzeyir Hacıbəyli və Bülbül kimi belə
böyük korifeylərinin Şuşada
doğulduqlarını demək kifayətdir. Bax beləcə,
sırf musiqi layihəsindən siyasi layihə yarandı”.
"Azərbaycan
muğamı” və "Muğam aləmi” toplularının nəşri
bu layihənin uğurlu davamına çevrildi. Az sonra
belə xeyirxah niyyət, nəcib təşəbbüs Azərbaycan
muğamına həsr olunmuş xüsusi ensiklopediyanı da ərsəyə
gətirdi. Bu cür ensiklopediyanın nəşri
ölkəmizin musiqi və elmi ictimaiyyətinin böyük rəğbəti
ilə qarşılandı. Azərbaycan
muğamının qorunub saxlanması və daha geniş
şöhrət qazanması üçün bir əlverişli
zəmin də bu ensiklopediya oldu. Və
bütün bu xeyirxah, nəcib işlərin təbliğati-maarifləndirici
gücü ilə muğam yenidən konsert salonlarına qayıtdı,
toy məclislərimizin, el şənliklərimizin bəzəyi
oldu.
Muğam məbədi
Müsahibələrinin
birində muğamı xalqımızın genetik kodu kimi dəyərləndirən
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva ölkəmizin bütün bölgələrində
gözəl səsə, muğam istedadına malik gənclərimizin
axtarışına başladı, onlara sahib
çıxdı. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü
ilə keçirilən muğam müsabiqələri və
beynəlxalq festivallarla həm bu istedadları bir yerə
toplayıb onlara meydan verdi, həm də Azərbaycanda
muğam ənənələrinin yaşamasından
ötrü nəsillər arasında körpü saldı. Bu müsabiqələrdə özünü təsdiq
edə bilmiş gənclərimizin hərəsi indi püxtələşmiş
peşəkar xanəndələrdir. Cəmiyyətdə
sayılıb-seçilən, sevgi ilə dinlənilən və
istedadı dövlətimiz tərəfindən də layiqincə
qiymətləndirilən sənətkarlardır.
Mehriban xanım Əliyeva
2008-ci ildə Bakının mərkəzində ucalmasına vəsilə
olduğu Beynəlxalq Muğam Mərkəzini ərsəyə
gətirməklə ümumilikdə dünyanın
çağdaş mədəniyyət tarixinin ən
mühüm hadisələrindən birinə də müəlliflik
etmiş oldu.
Çünki muğam çox ölkələrdə
oxunsa da, çox xalqların mədəniyyətində
muğamın nişanələri öz əksini tapsa da,
dünyada bu sənətin qibləgahı indi məhz Azərbaycandadır.
Bu muğam məbədinin qurucusu Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır.
Dünyada özünə
"Muğam” adını seçən, muğama xitab edən,
ona üz tutan yeganə jurnal da ancaq Azərbaycanda nəşr
olunur. Bu jurnalın da yaradıcısı, naşiri, ilk
müəllifi Mehriban xanım Əliyevadır.
"Diqqətinizə təqdim
olunan bu jurnal adi nəşrlərdən biri deyil” - Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun təsisçisi
olduğu nəşrə ön sözündə Mehriban
xanım Əliyeva belə yazırdı, - "Ona qeyri-adilik
verən, onu digərlərindən özünəməxsusluğu
ilə fərqləndirən başlıca cəhət bu
jurnalın bütövlükdə muğam sənətinə,
muğam aləminə və muğam fenomeninə həsr
olunması ilə bağlıdır. Məhz bu səbəbdən
belə bir jurnalın nəşrə hazırlanması prosesi
də qeyri-adi olmuşdur. Muğam ətrafında
aparılan müzakirələr bu işin ayrılmaz tərkib
hissəsini təşkil edir”.
Azərbaycanda "Muğam”
jurnalının fəaliyyət göstərməsi, bu nadir sənətin
maarifçiliyi ilə məşğul olan bir nəşrin
mövcudluğu ümumən dünya mədəniyyəti
tarixində hadisə yaradan mənəvi gerçəklikdir.
Və bu günlərdə
açılışı edilən Ağdam Muğam Mərkəzi
də bu xoş hadisələrin davamıdır. Xalqımızın
mənəvi dünyasını qoruyan, milli ruhumuza güc verən
işığın sonsuzluğudur. "Bizim mənəvi
dəyərlərimizin, Azərbaycan dəyərlərinin
inkişafı, qorunması üçün ədəbiyyatımızın,
musiqimizin çox böyük əhəmiyyəti var.
Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də
Azərbaycan dilinin saflığını qoruyan sənətdir”,
- deyə qeyd edən Azərbaycan Prezidentinin də söylədiyi
kimi, incəsənətimiz, ədəbiyyatımız milli
ruhumuzu daha da yüksəklərə qaldırır. Bu dəyərlər, onların ucaltdığı
milli ruh belə təşəbbüslərin mənəvi
dolğunluğu ilə qorunur, hər zaman var olur.
Bu gün Heydər Əliyev
Fondunun gördüyü işlərin analoqu yoxdur.
Əsl insan üçün
ən dəyərli xəzinə çalışmaq və
başqalarına yaxşılıq etmək
bacarığıdır. Mehriban xanım Əliyeva
bütün vaxtını, enerjisini insanların rifahına, ali bəşəri dəyərlərin təbliğinə
sərf edir.
Mənəvi aləmimizi zənginləşdirən,
birliyimizi təmin edən, tariximizi və mədəni irsimizi
ucaldan milli sərvətlərimizi qoruyub saxlamaq hər birimizin
müqəddəs borcudur. Vətən sevgisi, adət-ənənələrimiz,
yurdsevərlik kimi mental keyfiyyətlərimizi özündə
təcəssüm etdirən mənəvi dəyərlərimiz
bütün dövrlərdə olduğu kimi bu gün də
gündəlik həyatımızda əxlaqi meyar rolunu
oynayır. Onları yaşatmaq, gələcək
nəsillərə ötürmək xalqın
keçmişini, onun varlığını qorumaq deməkdir.
Bu baxımdan Mehriban xanım Əliyeva millətin
gələcəyinə hesablanmış xoşməramlı
missiyanı uğurla davam etdirir, milli intibah prosesinə yeni və
dəyərli töhfələrini verir.
İradə
ƏLİYEVA,
Azərbaycan. - 2018.- 9
noyabr.- S.1; 3.