Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi

 

ABŞ-ın ən böyük tarixi şəhərlərindən olan, ölkənin təhsil mərkəzlərindən biri kimi tanınan Boston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib.

Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək bunun Cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər çərçivəsində növbətisi olduğunu qeyd edib.

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan bayrağın 100 il öncə Cümhuriyyət qurucuları tərəfindən ucaldılmasından danışan səfir Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra bir daha onun ölkəmizin rəmzinə çevrildiyini vurğulayıb. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Prezident İlham Əliyev tərəfindən atılan məqsədyönlü addımları xüsusi vurğulayıb. Hazırda Bostonda keçirilən ABŞ-Xəzər İnnovasiya Forumuna diqqət çəkən səfir bu forumun Prezident İlham Əliyevin innovasiya siyasətinin uğurunun göstəricisi olduğunu qeyd edib. O, bu günlərdə İnnovasiya Agentliyinin təsis edilməsinin dövlətimizin başçısının innovasiya sahəsinin inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli çıxış edərək Azərbaycanda innovativ texnologiyaların inkişafı üçün atılan addımlardan, startap ekosisteminin inkişafı üzrə görülən işlərdən, aparılan islahatlardan danışıb.

Bostonda yaşayan Azərbaycan icmasının nümayəndəsi Mirkamran Abdullayev çıxış edərək Dövlət Bayrağı Gününün hər bir azərbaycanlı üçün önəmindən bəhs edib.

Qeyd edək ki, bu tədbirin təşkil edildiyi gün Azərbaycandan gəlmiş geniştərkibli nümayəndə heyətinin iştirakı ilə birinci ABŞ-Xəzər İnnovasiya Forumu keçirilib.

 

Azərbaycan.- 2018.- 9 noyabr.- S.5.