“Hər birimiz vətənimizin təbliğatçısı olmalıyıq”

 

10 noyabr Ümumdünya Gənclər Günüdür

 

Əslində, ilin bütün günləri onlarındır. Çünki təkcə ömrün deyil, həm də arzularının, ümidlərinin, gələcəyə sonsuz inamlarının baharındadırlar. Ancaq 10 noyabr xüsusi olaraq Ümumdünya Gənclər Günü kimi qeyd edilir. Buna qərar bütün dünyada sülh, gənclərin hüquqları, xalqların müstəqilliyi, qabaqcıl gənclərin beynəlmiləl həmrəyliyi uğrunda mübarizə aparan Ümumdünya Demokratik Gənclər Federasiyasının 1945-ci ilin 29 oktyabrından 10 noyabrınadək Londonda keçirilən konfransında verildi.

Ümumdünya Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq, Azərbaycanda qeyd edildi.

 

Ömrün bahar ovqatı...

 

Bu gün yenə onlarındır. Ömrün bahar ovqatında arzu və ümidindən xəyallarına qoşa qanad verib gələcəyə yol gedən hər gəncin yəqin ki, ən böyük istəyi ona inamla baxılmasıdır. Azərbaycan xalqının və dövlətinin də öz gənclərinə, onların sevgisinə, hünərinə, biliyinə, bacarığına, əzmkarlığına etimadı sonsuzdur. Bu inamı, etimadı öz əməlləri ilə doğruldan gənclərimiz müxtəlif ixtisaslar üzrə təhsil alır, ayrı-ayrı sahələrdə çalışır, Azərbaycanın tərəqqisi naminə səy göstərirlər. Ümumdünya Gənclər Günündə belə bacarıqlı və işgizar gənclərimizdən ikisi ilə həmsöhbət olduq.

Hər ömür bir hekayədir. Qədərini biz müəyyənləşdirməsək də, onu mənalandıran, "oxunaqlı” edən bizik. Həmsöhbətlərim də öz uğur hekayələrini danışırlar.

 

Uğurun bir addımlığından geri qayıtmaq olmaz...

 

Oxçu Şahmuradov 1990-cı il mayın 11-də Rusiya Federasiyasının Omsk vilayətində dünyaya göz açıb. Valideynləri əslən zəngilanlı idilər. 1993-cü ilin martında Zəngilana döndülər. Ancaq erməni silahlı qüvvələri çoxları kimi, Oxçunu da dədə-baba yurdunda yaşamağa, boya-başa çatmağa qoymadılar. Zəngilan işğal edildi. Üç yaşlı Oxçu da ailə üzvləri ilə birlikdə evlərini tərk etmək məcburiyyətində qaldı. O ağır günlərin ağrıları balaca Oxçunun yaddaşına ata-anasından eşitdiyi acı xatirələrlə həkk oldu.

Qaçqın düşdükdən sonra Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsindəki yataqxanada məskunlaşdılar. Oxçu idmanla beş yaşından məşğul olmağa başladı. 1997-ci ildə 87 saylı orta məktəbə daxil oldu. On iki yaşınadək idmanın karate növü ilə məşğul oldu, mükafatlara layiq görüldü. Aldığı zədə Oxçunu bir müddət karatedən uzaqlaşdırsa da, idmandan ayıra bilmədi. Valideynləri sağlamlığı bərpa olunana qədər tennislə məşğul olmasını məsləhət gördülər. Sonra atasının istəyi ilə boksla məşğul oldu.

Orta məktəbdə oxuyanda artıq idman sevdası digər fənlərə həvəsini ötüb keçmişdi. Ancaq atası ona başa salırdı ki, insan oxuduqca, savadlı, məlumatlı olduqca mənəvi cəhətdən daha güclü olur.

2004-cü ildə 14 saylı Bakı peşə liseyinə qəbul oldu. 2007-ci ildə orada kompüter operatoru ixtisası üzrə təhsilini başa vurdu. On səkkiz yaşı olanda atasını itirdi. Altı ay keçməmiş, atasının ayrılığına heç alışmamış anası vəfat etdi. Oxçu həm özündə dözüm tapıb həyatına davam, həm də on altı yaşlı bacısına himayədarlıq etməli oldu. Oxçu Şahmuradov o günləri belə xatırlayır: "Həyatımın çətin günlərində əmin oldum ki, hələ uşaq yaşlarımdan atam həyat yolumu düzgün istiqamətləndirib. İdman mənə mənəvi güc verdi və üzərimə düşən məsuliyyətin öhdəsindən gələ bildim. Bacımın on səkkiz, mənim iyirmi yaşım olanda, 2009-cu ildə hərbi xidmətə çağırıldım. Onda bacım oxuyurdu. Dayımgil ona himayə durdular, gözüm arxada qalmadı. Mən Murovda manqa komandiri kimi xidmət etdim. Əsgərlik də çox şeylər öyrətdi. Vətənə uğurla xidmət etdik”.

2011-ci ildə hərbi xidmətini başa vurub evə döndükdən sonra bir necə yerdə işlədi. Sonradan imtahan verib SOCAR-TTSİ Təlim tədris mərkəzinə qəbul olundu. Təhsilini bitirdikdən sonra öz ixtisası üzrə Nəzarət Ölçü Cihazları və Avtomatika üzrə çilingər kimi SOCAR NQTT Dəmir-Beton Məmulatları İdarəsi bölümündə işə başladı. Artıq dörd ildir çalışdığı bu kollektivə doğmalaşıb. Eyni zamanda, idmançı kimi də fəaliyyətini uğurla davam etdirir. O, Karate Do - Qara kəmər 2-ci dan sahibi, Azərbaycan kuboku çempionatının yeniyetmələr arasında keçirilən yarışın, kikboks üzrə dünya və Avropa, boks üzrə "Neftçi” çempionları, Bakı birincisi, Free Fighting üzrə Avropa çempionu, yüngül atletika üzrə respublika çempionu, 2-ci dərəcəli idman ustası, kapoeyra üzrə dördqat respublika çempionu, Azərbaycan kuboku çempionu. Dünya 3-cüsüdür. Yaşıl-ağ kəmər sahibi, 1-ci dərəcəli idman ustası, 1-ci dərəcəli idman hakimidir. Kapoeyraya marağı uşaqlıq illərində "Ən güclülər” filminə baxdıqdan sonra yaranıb. 2006-cı ildən həmin idman növü ilə məşğuldur. İndi o, Azərbaycan Kapoeyra Federasiyası 2-ci dərəcəli idman hakimi, Dünya kapoeyra Federasiyası 3-cü dərəcəli idman hakimi, Azərbaycan Kapoeyra Federasiyasının müəllimi və Storm Kapoeyra İdman klubunun rəhbəridir. Hazırda rəhbərlik etdiyi klubda 60-dan çox idmançı fəaliyyət göstərir. Tələbələri arasında respublika və dünya çempionları var.

Oxçu Şahmuradov deyir: "Məni ruhdan salmaq asan deyil. Məqsəd varsa, hədəflərimi müəyyənləşdirir, sonuna qədər gedirəm. Mənim həftəlik və gündəlik planlarım olur. Əgər o planlara riayət edirəmsə və hər şey öz yolunda gedirsə, vaxtdan şikayətim olmur. Hər gün işdən sonra məşqlərə gedirəm. İdman mənim üçün həm də hobbidir. Çünki idmanla məşğul olmaqdan, tədris etməkdən, gənclərə düzgün yol göstərməkdən zövq alıram. Boş vaxtlarım adətən, bazar günləri olur. Asudə saatlarımı ailəmə, bir yaşına çatmamış oğluma həsr etməyi sevirəm”.

Oxçu Şahmuradov üzünü Azərbaycandan kənara çıxan həmyerlilərimizə tutub onu da söylədi ki, indi bəzi gənclərimiz şikayətlənir, iş yoxdur, yaxud qayğıları çoxdur. Torpağı sevmək lazımdır. Çünki bura vətəndir. Gedənlər nə vaxtsa geri dönmək istəyəcəklər. Gənclərə arzum budur ki, heç vaxt ruhdan düşməsinlər. Məqsədlərini, hədəflərini müəyyənləşdirsinlər və unutmasınlar ki, onlara çatmamış ruhdan düşmək, geri çəkilmək uğurun bir addımlığından geri qayıtmaqdır...”

 

Azərbaycan gəncləri çox istedadlı və vətənsevərdirlər

 

Orxan Salmanov isə 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Həmin şəhərdə əvvəlcə 17, sonra 23 saylı məktəblərdə oxuyub. Məktəb illərində dəfələrlə olimpiada qalibi oldu. 2009-cu ildə məktəbi fərqlənmə ilə bitirib. Azərbaycan Dövlət Neft-Sənaye Universitetinin (ADNSU) neft-qaz mühəndisliyi fakültəsində prezident təqaüdçüsü olan tələbə kimi təhsil almağa başlayıb. 2010-cu ildə Böyük Britaniyanın Aberdin Universitetində neft-qaz mühəndisliyi üzrə bakalavr, sonra magistr təhsili alıb. Həmin universitetdə Azərbaycan Cəmiyyətinin yaranmasında və tədbirlərin keçirilməsində yaxından iştirak edib. 2015-ci ildən SOCAR KQİT-də iş fəaliyyətinə maili quyular üzrə mühəndis kimi başlayıb. İndi həmin idarənin texniki şöbəsinin rəis müavini vəzifəsində çalışır. İşlə bərabər təhsilini davam etdirir. Georgio Washington Universitetində layihələrin idarə olunması üzrə təhsil alıb, magistr sertifikatına yiyələnib. O həm də ADNSU-da neft-qaz quyularının qazılması üzrə doktorantura pilləsində təhsil alır.

Orxan Salmanov planlarından danışmağı o qədər də xoşlamır. Deyir: "Düşünürəm ki, əgər bu mənim planımdırsa, tam yerinə yetəndən sonra hamı bilməlidir. Bir neçə adamdan və hətta bildiyim şeylər barədə də məsləhət alıram. Bütün məsləhətləri götür-qoy edirəm, özüm üçün fikir formalaşdırıram. Son məqsədi, hansı istiqamətdə necə hərəkət etməyimi özüm müəyyənləşdirirəm”.

Özünü uğurlu adam sayır. Müəyyən həddə çatanda yorulduğunu, ruhdan düşdüyünü hiss edəndə də bu halın uzun sürməsinə yol vermir. Düşünür, yol axtarır. Orxan Salmaov deyir ki, hər bir gəncin məqsədi olmalıdır və ona doğru getməlidir. O, düşünür ki, məqsəd idarəetmədə olduğu kimidir, yəni, bir nöqtəyə böyük məqsəd qoyuruq, ona çatmaq üçün hansı yollardan keçəcəyimizi, yəni, kiçik hədəflərimizi müəyyənləşdiririk. Fikrimizdə tutduğumuz kimi, yolumuz düz xətt üzrə getməyə də bilər. Yəni, kiçik məqsədlər böyük məqsədə aparan yollarda dəyişə bilər. Əsas ruhdan düşməmək, davam etməkdir.

Bəzən gənclər başa düşülmədiklərindən şikayətlənirlər. Orxanın bu fikrə də öz münasibəti var. Deyir ki, ola bilər, izahı yaxşı vermirlər: "İzah normal veriləndə başa düşülməmək problemi yaranmır”.

Azərbaycan gənclərinin çox qabiliyyətli, istedadlı və vətənsevər olduğunu vurğulayan Orxan qürurla xaricdə təhsil aldığı illəri xatırlayır: "Bizim gənclər hətta birinci kursdan öz istedadlarını, bacarıqlarını, fəallıqlarını göstərirlər. Oxuduqları universitetlərdə Azərbaycan cəmiyyəti yaradır, birlikdə tədbirlərə qatılır, bir-birinə dəstək olurlar. Biz də universitetdə və şəhərdə tariximiz, ölkəmizdə baş vermiş soyqırımlar barədə məlumatlar verirdik. Yaxud Azərbaycanın milli bayramlarını orada keçirməklə ölkəmiz haqqında fikir formalaşdırmağa çalışırdıq. İnsan harada yaşayırsa, yaşasın vətəninə bağlıdır. Azərbaycandan xaricə təhsil almağa, işləməyə və ya səyahətə gedən gənclərimizə məsləhətim odur ki, sərhədi keçən kimi buralı olduqlarını unutmasınlar. Hər birimiz vətənimizin təbliğatçısı olmalıyıq”.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2018.- 9 noyabr.- S.7.