İlkini “Çıraq” olan AÇG ailəsi getdikcə böyüyür

 

"Əsrin müqaviləsi” çərçivəsində neft hasilatına başlanmasından 21 il keçir

 

1997-ci il noyabr ayının əvvəlində "Çıraq” platformasından hasilata başlanması ilə AÇG ("Azəri-Çıraq-Günəşli”) yataqlarından əməliyyatlara start verildi. Noyabrın 12-də bu münasibətlə platformada təntənəli mərasim keçirildi. Ulu öndər Heydər Əliyevin tədbirdə iştirak etməsi və AÇG tərəfdaşlarının nümayəndələri, neftçilər, xarici ölkələrdən gəlmiş qonaqlar qarşısında çıxış etməsi bu hadisənin önəmini bir daha təsdiqlədi.

"Çıraq” platforması Xəzərdə, Bakı şəhərindən 120 kilometr şərqdə yerləşir. Onun dayaqları suyun 120 metr dərinliyində qərar tutub. Platformanın qurğularından quyuların qazılmasına 1997-ci ilin avqustunda başlanmışdı. "Çıraq”dan neftin əldə edilməsi "Əsrin müqaviləsi”nin ilk böyük uğuru oldu.

Hər bir yataqdan hasilata başlanması iqtisadi cəhətdən böyük əhəmiyyət daşıyır, ölkənin neft sənayesində mühüm hadisə sayılır. "Çıraq”dan ilk neftin alındığı gün isə bütövlükdə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Çünki bu, həmin vaxt iqtisadi durumu çox zəif olan ölkənin dirçəlişinə və böyük gələcəyinə hesablanmış "Əsrin müqaviləsi” çərçivəsində çıxarılan ilk neft idi. Bununla da çətin sınaqlardan keçmiş qlobal bir layihənin gerçəkliyə çevrildiyi təsdiq olundu.

Eləcə də saziş imzalanandan cəmi üç il sonra layihə çərçivəsində neft hasil olunması dünyada misli görünməmiş nailiyyət idi. Çünki istənilən sazişin imzalanmasından ilk neftin alınmasınadək olan dövr genişmiqyaslı işləri əhatə edir və onların belə tez bir zamanda yerinə yetirilməsi nadir hallarda baş verir. Odur ki, mövcud "Çıraq-1” platformasının əsaslı təmir olunmasının, Xəzərin sahilində Səngəçal və Qara dənizin sahilində Supsa terminalları yaradılmasının, hasil olunan nefti quruya çıxarmaq üçün sualtı boru xətlərinin çəkilməsinin üç ilə başa çatması əsl rekord idi.

"Çıraq”dan neft hasilatına başlanması ilk növbədə "Əsrin müqaviləsi”nin reallığını, düzgün müəyyənləşdirilmiş strategiya olduğunu sübut etdi. Bu hadisə həm də Azərbaycanın necə geniş əməkdaşlıq əlaqələri qurmaq, tərəfdaşlıq formatı yaratmaq qabiliyyətini və bunun bəhrə verdiyini göstərdi.

"Çıraq” nefti 24 düymlük sualtı kəmərlə Səngəçal terminalına nəql edilir. Bu xəttin uzunluğu 154 kilometrdir. Terminalda neft tərkibindəki sulardan təmizlənir, çənlərə vurulur, sonra dünya bazarlarına yola salınır. Yataqdan çıxarılan səmt qazı uzunluğu 50 kilometr olan 16 düymlük sualtı kəmərlə Neft daşlarındakı kompressor stansiyasına ötürülür. İlkin neftin əldə olunduğu gündən ötən 21 il ərzində platforma təmir və profilaktika üçün ayrılmış qısa fasilələr nəzərə alınmasa, ahəngdar işləyir.

"Çıraq” neft hasil edilən platforma anlayışı çərçivəsindən xeyli kənara çıxaraq sonralar məcazi olaraq həm də böyük uğurlar platforması statusu qazandı. Belə ki, "Çıraq”dan sonra Xəzərdə, AÇG müqavilə sahəsində daha 7 platforma quraşdırıldı. Onlardan 4-ü "Azəri” yatağında, 2-si "Dərinsulu Günəşli”də, 1-i "Qərbi Çıraq”da yerləşir. Bu qurğuların hamısının inşasında və istismarında "Çıraq”ın təcrübəsindən geniş istifadə edilib.

AÇG Azərbaycanın iqtisadi inkişafının təmin edilməsində misilsiz rol oynadı. Onun ardınca digər neft-qazixrac layihələri ölkənin böyük həcmdə valyuta ehtiyatları əldə etməsinə imkan verdi. Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəltdi. Beləliklə, əhalinin rifah halı yüksəldi. Eyni zamanda çoxsaylı infrastruktur layihələri icra edildi, iqtisadiyyat şaxələndirildi, sosial məsələlər həllini tapdı. Böyük həcmli işlərin gerçəkləşməsinə yönəldilən vəsaitlərin bünövrəsi "Çıraq”dan 21 il əvvəl hasil olunmasına başlanmış neftdən əldə edilən gəlirlərlə yaranmışdır. Belə ki, hələ 1999-cu ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı. Sonrakı illərdə ölkənin inkişafına sərf olunan daxili investisiyaların xeyli hissəsi məhz bu fondun hesabına formalaşdı.

Neft-qaz gəlirlərindən bəhs edərkən Prezident İlham Əliyev demişdir: "Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox genişçox böyük təsiri olubbu günvar. Biz "qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdikbu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”.

"Çıraq”ın salnaməsi davam edir. Zaman göstərdi ki, AÇG böyük potensialı olan yataqlar blokudur. Onun hələ xeyli ehtiyatları var. Odur ki, keçən il sentyabrın 14-də imzalanmış AÇG- aid yeni saziş - onu "Yeni əsrin müqaviləsiadlandırırlar - 1994-cü ildə imzalanmış sazişdən daha böyükmiqyaslıdır. Bu saziş "Çıraq”ın da ömrünü uzadacaq. Başqa sözlə, yeni müqaviləyə əsasən, 2049-cu ilin sonunadək AÇG-dən hasilat davam edəcək ölkəmizə yeni iqtisadi mənfəət gətirəcək.

Yeni layihəyə əsasən, AÇG müqavilə ərazisində - "Mərkəzi Azəri "Şərqi Azəriqurğuları arasında, mərkəzi nöqtədə daha bir platforma inşa ediləcək. Beləliklə, "Mərkəzi Şərqi Azəri”nin yaranması ilə ilkini "Çıraqolan AÇG ailəsinin üzvlərinin sayı daha da artacaq.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.- 11 noyabr.- S.1; 5.