Hikmət Hacıyev:
Azərbaycan Prezidentinin
rəhbərliyi ilə
uğurlu xarici siyasət fəaliyyəti
həyata keçirilir
Prezident Administrasiyasının xarici
siyasət məsələləri
şöbəsinin müdir
müavini Hikmət Hacıyev Azərbaycanın
xarici siyasətinin uğurları, eləcə
də son günlər
aktual olan bir sıra məsələlərlə
bağlı AZƏRTAC-ın
suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
-Yola
salmaqda olduğumuz həftə də Azərbaycanın xarici siyasəti baxımından
intensiv oldu və dövlətimizin başçısının xarici
nümayəndə heyətləri
ilə çoxsaylı
görüşləri ilə
müşayiət edildi.
Bu barədə fikirlərinizi bilmək istəyirik.
-Həftə ərzində ölkəmizə
olan səfərlər
və dövlətimizin
başçısının xarici nümayəndə heyətləri ilə keçirdiyi görüşlər
ölkəmizin xarici siyasətinin nə dərəcədə dinamik,
çevik və çoxşaxəli olmasının
növbəti göstəricisidir.
Paytaxt Bakı Fələstinin Asiya qitəsi ölkələrində
səfirlərinin toplantısına
ev sahibliyi
etdi və bu xüsusda dövlətimizin başçısı
Fələstinin xarici
işlər naziri Riad Əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul etdi. Nəzərə almaq lazımdır
ki, Fələstin məsələsi beynəlxalq
gündəlikdə duran
ən aktual mövzulardan biridir və ölkəmiz də bu məsələnin
həll edilməsinə,
fələstinlilərin humanitar
problemlərinin aradan qaldırılmasına öz
töhfəsini verir.
Dövlətimizin başçısı, həmçinin Səudiyyə
Ərəbistanının daxili
işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşdü.
Ermənistanın Azərbaycana qarşı
işğal və təcavüz siyasətinə
görə Səudiyyə
Ərəbistanının bu
ölkə ilə əlaqələri yoxdur.
Ümumiyyətlə, ölkəmiz İslam
həmrəyliyinə sadiqdir
və əməli addımlarla İslam həmrəyliyinin gücləndirilməsinə
öz əsaslı töhfəsini verir.
Azərbaycan və Avropa İttifaqı arasında bu il oktyabrın
sonunda keçirilmiş
ilk təhlükəsizlik dialoqunun
ardınca Avropa İttifaqının Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi
ölkəmizdə səfərdə
oldu və Prezident İlham Əliyev tərəfindən
qəbul edildi. Avropa İttifaqı Azərbaycanın
mühüm tərəfdaşlarından
biridir və Aİ-dən olan yüksək
vəzifəli rəsmilərdən
birinin də dediyi kimi, Azərbaycan
sabit, müasir və mötədil siyasət yürüdən
ölkədir. Başqa sözlə
desək, Azərbaycan
Avropa İttifaqı üçün təbii tərəfdaşdır. Azərbaycan və
Avropa İttifaqı arasında tərəfdaşlığa
dair saziş layihəsinin başa çatdırılması əməkdaşlığın
hərtərəfli inkişafına
əlavə təkan verəcək.
Dövlətimizin başçısının
ABŞ-ın Nəqliyyat
Komandanlığının rəhbərinin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşündə ölkəmizin
Əfqanıstanda NATO-nun Qətiyyətli
Dəstək Missiyasına
töhfəsi, NATO üzv
ölkələrinə göstərdiyi
tranzit və nəqliyyat dəstəyi,
ABŞ ilə müxtəlif
sahələrdə əməkdaşlığın
inkişaf perspektivləri
müzakirə olundu.
Bir sözlə, onu deyə bilərik ki, dövlətimizin başçısının rəhbərliyi
ilə Azərbaycanın
uğurlu xarici siyasət fəaliyyəti
həyata keçirilir
və ölkəmizin
tərəfdaşlıq əlaqələri
məzmun və coğrafi baxımdan davamlı surətdə genişlənir.
-Ermənistan-Azərbaycan
münaqişəsi ilə
əlaqədar ölkəmizin
haqlı və ədalətli mövqeyinin
daha da güclənməsi
tendensiyası davam edir. Bütün tərəflər status-kvonun qəbuledilməzliyini
etiraf edirlər.
Bununla bağlı nə deyə bilərsiniz?
-Xatırlatmaq istərdim ki, 2011-ci ildə “Böyük Səkkizliy”in Dövildə
keçirilmiş Sammiti
çərçivəsində ATƏT-in
Minsk qrupunun həmsədr
ölkələri dövlət
başçıları səviyyəsində
verdikləri bəyanatda
status-kvonun qəbuledilməz
olduğunu vurğulamışdılar.
Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin
Vyanada ATƏT-in Daimi Şurasında keçirdikləri
brifinq əsnasında
da status-kvonun qəbuledilməzliyi ABŞ və
digər nümayəndə
heyətləri tərəfindən
bir daha səsləndirildi. Birmənalı olaraq, işğala əsaslanan status-kvo qəbuledilməzdir və
dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi
isə Ermənistan qoşunlarının Azərbaycanın
işğal olunmuş
ərazilərindən çıxarılmasını
ehtiva edir.
Ermənistan-Azərbaycan münaqişəsinin
həllində Azərbaycanın
mövqeyi beynəlxalq
hüququn norma
və prinsiplərinə,
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə və
Helsinki Yekun Aktına əsaslanır.
Yalnız son bir neçə aylıq dövrə nəzər salsaq Avropa İttifaqı
ilə Tərəfdaşlıq
Prioritetləri sənədini,
NATO-nun Brüssel Sammitinin
yekun bəyanatını,
Almaniyanın Kansleri və bu ölkənin
Xarici İşlər
Nazirliyinin, ABŞ-ın
yüksək vəzifəli
rəsmiləri və
Ermənistandakı səfirinin,
Belçika Xarici İşlər Nazirliyinin
açıqlamalarını, həmçinin İstanbulda
keçirilmiş Azərbaycan-Türkiyə-İran
və Azərbaycan-Gürcüstan-Türkiyə
xarici işlər nazirlərinin üçtərəfli
görüşündə qəbul edilmiş bəyanatları qeyd edə bilərik. Ümumiləşdirilmiş şəkildə
desək, bu bəyanatlarda Azərbaycanın
ərazi bütövlüyü,
suverenliyi və sərhədlərinin toxunulmazlığına
dəstək ifadə
olunur, Dağlıq Qarabağın Azərbaycanın
ərazisi olduğu və münaqişənin
həll edilməsi üçün Ermənistan
qoşunlarının işğal
edilmiş ərazilərdən
çıxarılmalı olduğu
vurğulanır.
Azərbaycanın haqlı və ədalətli mövqeyinin
dəstəklənməsi, ilk növbədə, dövlətlərin
BMT Nizamnaməsi əsasında
öz üzərlərinə
götürdükləri öhdəliklərə
sadiqliyinin göstəricisidir.
Ermənistan reallığı düzgün
qiymətləndirməli və
işğal olunmuş
Azərbaycan ərazilərindən
öz qoşunlarını
çıxarmalıdır. Yalnız bu
halda münaqişənin
həllində irəliləyişin
əldə olunması,
regionun ehtiyac duyduğu davamlı sülhün təminatı
mümkündür.
-Bu günlərdə Astanada Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının
(KTMT) dövlət başçılarının
Zirvə toplantısı
keçirildi. Sammit Ermənistan
üçün növbəti
uğursuzluqla başa
çatdı. Ermənistanın
iddialarına və istəklərinə baxmayaraq,
təşkilatın baş
katibi postu Ermənistandan alındı.
Ermənistan bu postu
2020-ci ilə qədər
saxlamağa çalışırdı.
Bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
-Təbii ki, bu, KTMT üzv
dövlətlərinin qəbul
etdiyi qərardır. Azərbaycan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının
Zirvə toplantısını
yaxından izləyib.
Sammit nəticəsində qəbul
edilmiş sənədlər
və yekun bəyanat barədə qeyd götürülüb.
Bu qəbildən olan sənədlərdən
biri müşahidəçi
və tərəfdaş
ölkələrin hüquqi
statusu barədədir.
O ki qaldı Ermənistana, bu ölkənin bütün
müstəvilərdə təcrid
və küncə sıxılmış vəziyyətdə
olması özünü
açıq şəkildə
nümayiş etdirir.
Nəzərə almaq lazımdır ki, məlum səbəblərə görə
Ermənistan istisna olmaqla Azərbaycanın
KTMT-nin bütün üzv dövlətləri
ilə çox sıx dostluq və tərəfdaşlıq
münasibətləri var. İkitərəfli
və çoxtərəfli
müstəvilərdə bu
əməkdaşlıq daha
da genişləndirilir.
Azərbaycan.- 2018.- 11 noyabr.- S.2.