Ağdam İlham Əliyevin siyasi
kursuna hər zaman sadiqdir
"Siz I Qarabağ müharibəsində böyük fədakarlıq, rəşadət göstərmisiniz. Bu dəfə də - Aprel hadisələrində də böyük qəhrəmanlıq nümayiş etdirdiniz. Bütün Azərbaycan xalqı bunu bilir və sizinlə fəxr edir. Mən bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm ki, siz o ağır günlərdə xalqa, dövlətə olan sədaqətinizi göstərmisiniz, qəhrəmanlıq göstərmisiniz. Bilin ki, Ağdam rayonunun inkişafı daim diqqət mərkəzindədir”.
İki il öncə, 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı Ağdam bir daha sınağa çəkildi. Erməni silahlı birləşmələri rayonun bizim nəzarətimizdə olan kəndlərini atəşə tutub qorxu-vahimə hissi yaratmaq istəsələr də, yenə mətin dayandı ağdamlılar. 743 ev dağıldı, həyətlər bombalandı, amma yerli əhali Ali Baş Komandanına, onun müzəffər ordusuna güvənərək bir addım da geri çəkilmədi və cəbhədə gərginliyin davam etdiyi zamanda, may ayının 1-də ön xəttə, Ağdama gələn Prezident İlham Əliyev əhalinin bu qəhrəmanlığını dəyərləndirərkən bu fikirləri söylədi. Bu, İlham Əliyevlə xanımı Mehriban Əliyevanın ağır günlərdə cəbhəyanı ərazilərdə düşmənlə üz-üzə yaşayan insanlarla hər zaman bərabər olduqlarının təsdiqi və onlara göstərdikləri dəstəyin, hörmətin, məhəbbətin ifadəsi idi.
Cəmi 7 aydan sonra dağıdılmış evlərin bərpası və dövlət başçısının xanımı Mehriban Əliyeva ilə yenidən Qarabağa səfəri bir daha təsdiqlədi ki, ağdamlıların ən böyük himayədarı yenə də Azərbaycan Prezidentidir.
Həmin günü çox əlamətdar tarix adlandıran İlham Əliyev bəyan etdi ki, bu evlərin timsalında güclənən Azərbaycan və onun mətin vətəndaşı görünür.
Hər zaman Ağdamın sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlayan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iki ildən sonra noyabr ayının 5-də bir daha Qarabağ səfərinə çıxdılar. Bu səfər də, digərləri kimi, çox əlamətdar hadisələrlə yaddaşlara yazıldı.
Öncə onu vurğulamaq yerinə düşər ki, bu, İlham Əliyev və Mehriban Əliyevanın son 2 ildə Ağdama 3-cü səfərləri idi. Bu səfər ilk növbədə ağdamlıların timsalında bütün qaçqın və məcburi köçkünlərin dəyanət hissini daha da gücləndirdi. Prezident bir daha bəyan etdi ki, Azərbaycan dövləti işğal faktı ilə barışmayacaq və bu gün istənilən varianta hazırdır. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə hazır olan qətiyyətli Ali Baş Komandanı və onun müzəffər ordusu var. Aprel döyüşləri kimin nəyə qadir olduğunu sübut edib. Aprel döyüşlərini barışmaz ruhumuzun təzahürü adlandıran İlham Əliyev Ağdamda bir daha işğalçı Ermənistana mesajlar ünvanladı. Bəyan etdi ki, bunu heç gizlətməyə də ehtiyac yoxdur. Azərbaycan bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcək, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyünü bərpa edəcək. Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar.
Noyabrın 5-i təqvim günü Ağdamın tarixinə ən əlamətdar gün kimi yazıldı. Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın rayona göstərdikləri diqqət və qayğı Ağdam ictmaiyyətini daha da qürurlandırdı. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Muğam Mərkəzinin, "Azərxalça”nın Ağdam filialının, 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının açılışı Ağdama verilən qiymətin, göstərilən diqqət və qayğının bariz təcəssümü idi.
Bu gün 198 600 nəfər əhalisi olan Ağdamın 93 min nəfərədək sakini hazırda rayonun ərazisində yaşayır. Qalan əhalisi respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun inkişafına böyük diqqət göstərilir. Son aylarda görülən abadlıq-quruculuq işləri daha da artıb. Ümumiyyətlə, rayonun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa işləri görülüb. Rayonda Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilib. Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb, ümumi uzunluğu 72,7 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub. Ümumiyyətlə, rayonun yol infrastrukturu təxminən 95 faiz təzələnib. Bundan başqa, 39 ümumtəhsil məktəb istifadəyə verilib, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri həyata keçirilib.
Bu gün Ağdamda reallaşan və həyata keçirilməkdə olan layihələr rayonun sosial-iqtisadi inkişafına böyük töhfə verir. Hazırda rayonda elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, qazlaşdırmanın səviyyəsi 98 faizdir.
Ölkə ictimaiyyətinə yaxşı bəllidir ki, Qarabağ müharibəsinin böyük ağırlıqları məhz Ağdam əhalisinin üzərinə düşüb. Buna baxmayaraq, Ağdam düşmənə ciddi müqavimət göstərib. Elə bu gün də belədir. İşğala məruz qalsa da, minlərlə şəhid versə də, Ağdamda həyat qaynayır. İlham Əliyevin qayğısı sayəsində Ağdam əvvəlki şöhrətini qaytarır. Səfərdən sonra dövlət başçısının rayonun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar da təsdiq edir ki, Ağdam getdikcə daha da çiçəklənəcək.
Prezidentin sərəncamlarına
əsasən təmas xəttinə yaxın 19
yaşayış məntəqəsində mülki
əhalinin mənzil-məişət şəraitini
yaxşılaşdırmaq məqsədilə 139 ailənin
yaşadığı 121 fərdi yaşayış evi bərpa ediləcək, rayonun
Birinci Yüzbaşılı kəndində
132 şagird yerlik
yeni ümumtəhsil məktəbi
binası tikiləcək, əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusu
qazılacaq. Bunun üçün
isə Prezidentin Ehtiyat Fondundan 6.5 milyon manat vəsait
sərf olunacaq.
Göründüyü kimi, dövlət başçısının Ağdama
bütün səfərləri
rayon əhalisinin həyatında,
xatirələrində silinməz
izlər qoyur. İki ildə
üç səfər
bütün ağdamlılar
tərəfindən onlara
böyük himayədarlığın
bariz təcəssümü
kimi dəyərləndirilir.
Heydər Əliyev Fondunun
dəstəyi ilə tikilən Muğam Mərkəzi isə Mehriban xanım Əliyevanın Qarabağın
muğam beşiyinə
növbəti töhfəsi
oldu. Həmişə olduğu kimi,
yenə də Ağdam dövlət başçısına öz
möhtəşəm dəstəyini,
etimadını nümayiş
etdirərək onun siyasi kursuna hər zaman sadiq olduğunu göstərdi.
Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü
Azərbaycan.- 2018.- 11 noyabr.- S.5.