Kreyq Ridi: “Azərbaycan
mühüm idman dövlətidir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi və bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev tədbir iştirakçılarının Azərbaycana gəlişinin ölkəmizi daha da yaxından tanıması və uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Ölkəmizə səfərinin onun üçün çox xoş olduğunu bildirən Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridi Azərbaycan tərəfinin bu tədbirlərin təşkilinə böyük dəstək göstərdiyinə görə təşəkkürünü ifadə etdi. O, tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin və ictimai xadimlərin iştirakının əhəmiyyətini vurğuladı.
Kreyq Ridi azərbaycanlı həmkarları ilə dopinq əleyhinə mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını deyərək, Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılmasını dopinq əleyhinə mübarizə işində irəliyə doğru çox mühüm addım kimi dəyərləndirdi. O qeyd etdi ki, Azərbaycanın mühüm idman dövləti və güclü antidopinq təşkilatına malik olduğu nəzərə alınaraq bütün bu işlər mühüm əhəmiyyət kəsb edir.
Dövlətimizin
başçısı Azərbaycan Milli Antidopinq Agentliyinin
yaradılması işində Kreyq
Ridinın rəhbərlik etdiyi Ümumdünya Antidopinq Agentliyinin dəstəyinə görə minnətdarlığını
bildirdi. Prezident İlham Əliyev Azərbaycanda
iki il bundan
öncə belə bir qurumun
yaradılmasının idmanın, Olimpiya
hərəkatının inkişafında mühüm
addım olduğunu vurğuladı və eyni zamanda, bunu
idman sahəsində beynəlxalq əməkdaşlığa
töhfə kimi dəyərləndirdi.
Dövlətimizin başçısı ölkəmizdə Milli Antidopinq Agentliyinin beynəlxalq standartlara
uyğun şəkildə fəaliyyət
göstərdiyini və tam akkreditə olunduğunu dedi. Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini
deyən Prezident İlham
Əliyev bildirdi ki,
ölkəmizdə keçirilən mühüm
beynəlxalq idman yarışları - Avropa Oyunları, İslam
Həmrəyliyi Oyunları və digər tədbirlər və
eləcə də keçirilməsi nəzərdə tutulan 15-ci Avropa Olimpiya Gənclər Festivalı Azərbaycanın
bu sahədə əməkdaşlıq
siyasətini və imkanlarını nümayiş
etdirir. Dövlətimizin
başçısı ölkəmizin idman
sahəsində böyük nailiyyətlər
əldə etməsini, o cümlədən
idmançılarımızın Rio
Olimpiadasında 18 medal qazanaraq
medalların sayına görə 14-cü yeri
tutduğunu vurğuladı. Prezident İlham Əliyev
Azərbaycanın antidopinq məsələləri
ilə bağlı Ümumdünya Antidopinq Agentliyi ilə bundan sonra da
sıx əməkdaşlıq edəcəyinə əminlıyini
ifadə etdi.
Azərbaycan.-
2018.- 13 noyabr.- S.2.