Sağlamlıq imkanları məhdud uşaqlar
üçün inklüziv
təhsillə bağlı layihə təqdim edilib
Noyabrın 12-də Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (UNICEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində "Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamikanın müşahidə olunduğunu diqqətə çatdırıb. Nazir həyata keçirilən islahatlar nəticəsində təhsilin keyfiyyətinin daha da yüksəldiyini vurğulayıb.
C.Bayramov Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Heydər Əliyev Fondunun bu sahədə əvəzolunmaz fəaliyyətini xüsusi qeyd edən nazir bildirib ki, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində fond tərəfindən məqsədyönlü işlər görülüb. 2017-2018-ci tədris ilində sağlamlıq imkanları məhdud 10130 uşağın xüsusi təhsilə cəlb edildiyini diqqətə çatdıran Ceyhun Bayramov nazirlik tərəfindən "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası barədə məlumat verib. Bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı UNICEF və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. UNICEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən icra olunan "Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində pedaqoji universitetlərin və ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, Bakıda və regionlardakı məktəblərdə 9 resurs mərkəzinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına dair məlumatlılığı artırmaq məqsədilə ictimai davranış və sosial dəyişiklik kampaniyalarının keçirilməsi nəzərdə tutulur. Nazir həmçinin bu layihənin müvafiq dövlət proqramının uğurla həyata keçirilməsinə töhfə verəcəyini vurğulayıb.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, Təhsil Nazirliyi, Avropa İttifaqı və BMT-nin Uşaq Fondu arasında yeni tərəfdaşlıq təşəbbüsü sayəsində daha çox sayda sağlamlıq imkanları məhdud uşaq keyfiyyətli inklüziv təhsildən faydalanacaq. O qeyd edib ki, yeni tərəfdaşlıq təşəbbüsü sağlamlıq imkanları məhdud uşaqların ölkədəki ümumtəhsil məktəblərində hərtərəfli təhsil alması üçün, eyni zamanda, onların cəmiyyətə inteqrasiyasına mane olan yanlış fikirlərin və münasibətlərin aradan qaldırılması üçün imkanlar yaradacaq.
"Sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması onların bilik qazanmasına və inkişaf etməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, bu cür uşaqların ictimai həyatda fəaliyyəti barədə yanlış düşüncələrin əsassız olduğu sübuta yetiriləcək. Təhsilin hər bir uşaq üçün əlçatan olması sağlamlıq imkanları məhdud uşaqların öz potensiallarından hərtərəfli istifadə etməsinə imkan verəcək. Biz bu təşəbbüsün həyata keçirilməsində Təhsil Nazirliyi və Avropa İttifaqı ilə birgə işləməkdən məmnunuq” - deyə E.Karvardin bildirib.
UNICEF-in nümayəndəsi
qeyd edib ki, layihə çərçivəsində
ölkənin yeddi şəhərində
- Bakıda, Sumqayıtda, Gəncədə, Qubada,
Şəkidə, Ağcabədidə və Qazaxda
inklüziv təhsil üzrə resurs və dəstək mərkəzləri
yaradılmaqla sağlamlıq imkanları məhdud
uşaqların sosial inteqrasiyası məsələsinə
ictimai diqqət artırılacaq. Bu təşəbbüs çərçivəsində
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimlərinin ümumtəhsil
məktəblərində xüsusi təlim
keçməsi nəzərdə tutulur.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas inklüziv təhsilin tətbiqinin vacibliyindən danışıb. Qeyd edib ki, hər kəsin öz bilik və bacarıqları ilə ictimai həyatda hərtərəfli iştirak etmək, inklüziv təhsil almaq, təlimlərə cəlb olunmaq və həyatı boyu öyrənmək hüququ var.
Daha sonra layihə ilə bağlı təqdimatlar olub, çıxışlar dinlənilib.
Qeyd edilib ki, layihə üzrə
10 min nəfərdən çox
müəllim və məktəb direktoru inklüziv təhsil üzrə
ixtisasartırma proqramlarından faydalanacaq.
Layihə 2020-ci ilədək ümumtəhsil məktəblərində
5000 nəfərədək sağlamlıq imkanları məhdud
uşağın təhsil almasına imkan
yaradacaq.
Azərbaycan.-
2018.- 13 noyabr.- S.5.