Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, Norveç Krallığının Azərbaycandakı səfirliyinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni qeyd edib. İkitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolundan, təhsil, mədəniyyət və ticarət sahələrindəki əlaqələrdən bəhs edən Ali Məclisin Sədri muxtar respublikanın universitetlərinin Norveç universitetləri ilə birlikdə TEMPUS və ERASMUS proqramlarında iştirakını diqqətə çatdırıb.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Norveç Krallığı arasında elm, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı üçün imkanların olduğunu bildirib.

Naxçıvan haqqında geniş məlumata malik olduğunu bildirən Olav Nils Thue muxtar respublikaya səfərindən və göstərilən münasibətdən məmnunluğunu ifadə edib. Qonaq ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb, əməkdaşlığın genişləndirilməsində səylərin artırılacağını vurğulayıb.

 

Azərbaycan.- 2018.- 13 noyabr.- S.5.