Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ
premyerası keçirilib
Kaliforniyanın Los-Anceles şəhərində
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki
baş konsulluğundan
AZƏRTAC-a bildiriblər ki,
tədbirdə Heydər
Əliyev Fondunun dəstəyilə Bakı
Media Mərkəzinin çəkdiyi
və Arzu Əliyevanın baş prodüseri olduğu,
1919-cu ildə Paris Sülh
Konfransına göndərilmiş
Azərbaycan nümayəndə
heyətinin keşməkeşli
taleyindən bəhs edən "Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.
Azərbaycanın Los-Ancelesdəki
baş konsulluğunun
Los-Ancelesin ən böyük və ən qədim kilsələrindən olan
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində
keçirdiyi tədbirdə
seçkili orqanların
nümayəndələri, xarici ölkələrin baş konsulları, müxtəlif icmaların
üzvləri, tanınmış
elm və mədəniyyət
xadimləri və jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış
edən Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol bu
cür mühüm tədbirə ev
sahibliyi etdiklərindən
məmnun olduğunu bildirib.
Azərbaycanın Los-Ancelesdəki
baş konsulu və Los-Anceles konsulluq korpusunun duayeni Nəsimi Ağayev çıxışında
100 il əvvəl,
1918-ci il 28 may tarixində
Azərbaycan xalqının
tariximizin ilk respublikası
olan Xalq Cümhuriyyətini yaratdığını
qeyd edib. Bu respublikanın müsəlman
dünyasında ilk dünyəvi
və demokratik dövlət, eləcə
də qadınlara səsvermə hüququ verən ilk müsəlman
ölkəsi kimi tarixə düşdüyünü
bildirib.
Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident
İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın regionun
ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini,
qlobal önəmə
malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə
çatdırıb. N.Ağayev Azərbaycanda
uzun əsrlərdən
bəri dini və etnik mənsubiyyətindən
asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə
yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini
sərbəst şəkildə
həyata keçirdiklərini
bildirib.
"Əbədi
Ezamiyyət” filmi haqda məlumat verən N.Ağayev ilk azərbaycanlı diplomatların
ölkəmizin müstəqilliyinin
tanıdılması sahəsində
göstərdikləri fədakarlıqları
yüksək peşəkarlıqla
tamaşaçıya çatdıran
bu filmin böyük sənət əsəri olduğunu qeyd edib.
Daha sonra premyerada iştirak etmək üçün Los-Ancelesə
gəlmiş Vayominq ştatının senatoru
Leland Kristensen çıxış
edərək belə bir yüksək önəmli tədbirdə
iştirakından məmnunluğunu
bildirib. Azərbaycan-ABŞ dostluğunu və tərəfdaşlığını
yüksək qiymətləndirdiyini
qeyd edən senator Azərbaycanın regionda və dünyada mühüm rol oynadığını və
iki dövlət arasındakı münasibətlərin
qarşıdakı illərdə
daha da güclənəcəyinə
ümid etdiyini bildirib.
Sonra "Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib. Bu, filmin ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Nümayişdən sonra tanınmış amerikalı pianoçu, Yuta Universitetinin professoru Suzan Duelmayerin ifasında
Azərbaycan musiqisinin nümunələri
təqdim olunub. Qonaqlar,
həmçinin Azərbaycan mətbəxinin müxtəlif ləziz
təamları ilə tanış olublar.
Azərbaycan.-
2018.- 13 noyabr.- S.7.