İqtisadi inkişafın davamlıılğı və dinamikliyi 2019-cu ilsə də təmin
ediləcək
Baş
nazir Novruz Məmmədovun
iştirakı ilə Milli Məclisdə gələn ilin
dövlət budcəsinin müzakirələri
başlanılıb
Noyabrın 13-də Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanılıb. Ölkənin Baş naziri Novruz Məmmədov və hökumətin üzvləri iclasda iştirak ediblər.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini həyata keçirməyə imkan yaradıb. 2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara çatıb. Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir. Milli Məclisin Sədri bildirib ki, bu gün müzakirə edilən büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri dolğun əks etdirir. 2019-cu ilin dövlət büdcəsi layihəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni, 10 milyard manatdan çoxu bu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat çoxdur.
“2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq. Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqət çəkən məqamlardan biri də əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni, 42 faiz çoxdur. Bundan əlavə, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir. Ölkə üçün strateji sahə hesab olunan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq”, - deyə Oqtay Əsədov qeyd edib.
Parlamentin Sədri söyləyib ki, ölkə iqtisadiyyatının müsbət dinamikasının qorunub saxlanılmasında və artırılmasında Nazirlər Kabinetinin mühüm rolu var. Dövlət büdcə zərfinin sənədləri mükəmməl tərtib olunub. Büdcə sənədlərindən görünür ki, iqtisadi artım 2019-cu ildə də davam edəcək. Belə ki, əsas iqtisadi göstərici olan ümumi daxili məhsulun gələnilki artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətdə 2,2 faiz çox olması da iqtisadiyyatımızın inkişafından xəbər verir.
Oqtay Əsədov bildirib ki, 2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar Prezident İlham Əliyevin təqdimatları parlamentə daxil olub. Növbəti iclaslarda bu təqdimatları müzakirə edəcəyik. Vergi Məcəlləsində və digər qanunlarda köklü islahatlar nəzərdə tutulur. Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Prezident İlham Əliyev dünya iqtisadiyyatında baş verən prosesləri, onların Azərbaycana təsirini obyektiv qiymətləndirir, dövlət və özəl sektor münasibətlərinin əməkdaşlıq səviyyəsinə çatması üçün sistemli tədbirlər həyata keçirir. Ölkədə müəyyən edilmiş strateji kursun reallaşması üçün icra mexanizmi yaradılır, hökumət strukturları, o cümlədən iqtisadi strukturlar arasında koordinasiya işinin səviyyəsinin yüksəlməsinə nail olunur. İqtisadi, siyasi, hüquqi islahatların qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi, ölkənin iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması istiqamətində atılan uğurlu addımlar nəticəsində beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçirilməsi təmin edilib. Dövlət başçısının apardığı uğurlu siyasət ölkənin milli maraqlarının qorunmasına xidmət edir. İqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir ki, dünyada baş verən maliyyə böhranı Avropa, ABŞ və digər çoxsaylı ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatı üçün sarsıntılar yaratmadı.
Komitə sədri qeyd edib ki, əmək bazarını sağlamlaşdırmaq, qeyri-rəsmi məşğulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq və əməkhaqlarını leqallaşdırmaq məqsədilə neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda 7 il müddətinə güzəştlər nəzərdə tutulub.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri büdcə sistemi haqqında qanundan irəli gələn tələblər, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial, iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub. Bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər büdcə parametrlərinin formalaşmasında istinad nöqtələri kimi qəbul edilib.
Nazir deyib ki, 2019-cu ilin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanıb. Bu qaydanın tətbiqi dövlət xərclərinin prosiklikliyinin əhəmiyyətli dərəcədə aradan qaldırılmasını, dövlət gəlirlərinin formalaşmasında xüsusi çəkiyə malik olan neft gəlirindən əvvəlcədən müəyyən olunmuş fiskal çərçivə daxilində istifadəni hədəfləyir və orta və uzunmüddətli dövrdə büdcə intizamına, dayanıqlılığına təminat olacaq.
Qeyd edilib ki, təqdim olunmuş sənədlərdə icmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manat məbləğlərində və ya cari illə müqayisədə müvafiq olaraq 797 milyon manat, 3 faiz və 1 milyard 680 milyon manat, 7,3 faiz çox nəzərdə tutulur. Göstərilən xərclərin məbləği büdcə qaydasında əks olunan üç meyara tam uyğundur. Həm xalis maliyyə aktivlərinin müəyyən edilmiş nisbət göstəricisindən azdır və cari ilin icmal və dövlət büdcələrinin xərclərinin 103 faizindən üstün deyil, həm də icmal büdcənin qeyri-neft baza kəsirinin ümumi daxili məhsulun nisbətinin tədricən azaldılması üzrə hədəfi təmin edir. Belə ki, bu, cari ilin göstəricisi ilə müqayisədə 1,7 faiz bənd aşağı olacaq. Büdcə xarici mənşəli risklərin ölkə iqtisadiyyatına mümkün mənfi fəsadları nəzərə alınaraq tərtib olunub, makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi artımı dəstəkləyir.
Diqqətə çatdırılıb ki, 2017-2018-ci illərdə hökumətin həyata keçirdiyi islahat gündəliyi təlatümlü keçən əvvəlki iki ildən sonra ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasını və iqtisadiyyatın artım trayektoriyasına qayıtmasını təmin edib. Bu əsasda növbəti illərdə də makroiqtisadi sabitliyi təmin edərək iqtisadi artımın davam etdirilməsi aparılacaq iqtisadi siyasətin əsas məqsədlərindən olacaq. Bununla əlaqədar, bir tərəfdən artmaqda davam edən neft gəlirlərindən optimal istifadə və büdcə dayanıqlılığının təmin edilməsi, digər tərəfdən isə iqtisadi artım üçün münbit şəraitin formalaşdırılması, xüsusilə özəl sektor tərəfindən iqtisadiyyata investisiyaların artırılması əsas prioritetlərdəndir. Bu baxımdan xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının "Doing Business 2019” hesabatında yüksək qiymətə layiq görülüb, Azərbaycan dünyada ən islahatçı ölkə kimi tanınaraq 190 ölkə arasında 25-ci yerə yüksəlib.
Nazir qeyd edib ki, iqtisadi artıma digər dəstək istiqaməti olaraq sahibkarlar üçün 2019-cu ildən vergi yükünün azaldılması ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Növbəti ildə qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştinin daha beş il müddətinə uzadılması gözlənilir.
Bildirilib ki, 2019-cu il üçün dövlət büdcəsinin xərclərinin 9 milyard 891 milyon manatı və yaxud 39,9 faizi əsaslı xərclərə, bu məbləğin də 69 faizi və ya 6 milyard 825 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinin maliyyələşdirilməsinə, bir sözlə, iqtisadi artıma dəstək verən dövlət investisiyalarına yönəldiləcək. Növbəti ildə dövlət büdcəsi xərclərinin 7,3 faiz artmasına və vergi sahəsinə təklif olunan güzəştlərin azaldıcı təsirlərinə baxmayaraq, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin cari ilin səviyyəsində saxlanılmasına nail olunub.
Vurğulanıb ki, kənd təsərrüfatının dəstəklənməsi növbəti ildə də davam etdirilməklə bu sahəyə ayrılan xərclər cari illə müqayisədə 10,5 faiz artaraq 835 milyon manat səviyyəsində proqnozlaşdırılır. Növbəti ilin dövlət büdcəsində kiçik və orta biznesin inkişafına 30 milyon manat, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması tədbirləri üçün 20 milyon manat, bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün 5 milyon manat vəsait nəzərdə tutulub.
Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi məqsədilə dövlət büdcəsindən 63 milyon manat vəsait ayrılması nəzərdə tutulur. 2019-cu ilin dövlət büdcəsi sosialyönümlü büdcə ənənəsini davam etdirir. Belə ki, gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclər üçün 7 milyard 920 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2018-ci illə müqayisədə 798 milyon manat və ya 11,2 faiz çoxdur. Gələn il ölkədə ehtiyac meyarının həddinin 13 manat artırılaraq 143 manata, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimum məbləğinin 173 manatdan 180 manata çatdırılması nəzərdə tutulur. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 262 milyon manat vəsait ayrılacaq ki, bu da cari illə müqayisədə 7 faiz çox deməkdir. Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən cari ildən başlanmış birdəfəlik ödənişlərin verilməsi proqramının növbəti ildə də davam etdirilməsi üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
2019-cu ildə vətəndaşların güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, hərbi qulluqçuların mənzillərlə təmin olunması, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı xərclərə 212 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, funksional təsnifatına görə dövlət büdcəsinin xərclərində 2018-ci illə müqayisədə 2019-cu ildə səhiyyə xərcləri 41,8 faiz, təhsil xərcləri 11,3 faiz, sosial müdafiə və sosial təminat xərcləri 9 faiz, mədəniyyət və incəsənət xərcləri 9,7 faiz, elm xərcləri isə 4,2 faiz artımla proqnozlaşdırılıb.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri büdcə sistemi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq, dünya iqtisadiyyatının inkişaf meyilləri və qlobal çağırışlar, dövlət başçısı tərəfindən təsdiq edilmiş strateji yol xəritələri, inkişaf konsepsiyaları və dövlət proqramları ilə müəyyən edilmiş tədbirlər nəzərə alınmaqla hazırlanıb.
Nazir deyib ki, ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozları hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, makroiqtisadi sabitliyə təsir edən xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb, növbəti ildə inflyasiyanın 3,8 faiz olacağı proqnozlaşdırılıb. Qeyd edilənlər, habelə neft və qeyri-neft sektorunun inkişafı amilləri nəzərə alınmaqla 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz, növbəti illərdə orta hesabla 3,4 faiz artacağı, tədiyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır.
Diqqətə çatdırılıb ki, gələn il "Şahdəniz” yatağında neft-qaz hasilatının artması hesabına neft sektorunda 3,1 faiz, növbəti illərdə orta hesabla 3,2 faiz artım gözlənilir. Növbəti ildə əsas kapitala investisiya qoyuluşları 17,9 milyard manat, o cümlədən xarici investisiyaların 7,5, daxili sərmayələrin 10,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda artım 2,5 faiz gözlənilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların tərkib hissəsi olan investisiya təşviqi mexanizminin tətbiqi özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. Bununla yanaşı, kompleks dövlət dəstəyi göstərilən, layihələrinin ümumi dəyəri 2,5 milyard manat təşkil edən və tikintisi davam etdirilən 181 istehsal və emal müəssisəsinin istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafına mühüm töhfə verməklə yanaşı, 19 min yeni iş yerinin açılması imkanı yaradacaq.
İqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3,9 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyətə malik qeyri-neft sənayesi üzrə cari ilin 9 ayında əlavə dəyər 11 faiz artıb, sənayeləşmə templəri yüksəlib, sənayenin aparıcı və ənənəvi sahələri ilə yanaşı, yeni sahələr yaradılıb, bir sıra məhsullar üzrə idxaldan asılılıq azalıb.
Şahin Mustafayev bildirib ki, qeyri-neft sənayesinin inkişafında mühüm rola malik sənaye parkları və məhəllələrində indiyədək 62 sahibkarlıq subyektinə rezident statusu verilib. Sumqayıt Kimya Sənaye Parkında layihələrinin ümumi dəyəri 2,8 milyard ABŞ dollarından artıq olan 18 müəssisəyə rezident statusu verilib, bunlardan 9-u artıq fəaliyyətə başlayıb, 5 müəssisənin ilin sonunadək, daha 3-nün isə gələn il istifadəyə verilməsi planlaşdırılır. Balaxanı Sənaye Parkının 1-ci sahəsində tullantıların təkrar emalı üzrə 5 rezident fəaliyyətə başlayıb, cari ildə müəssisələr tərəfindən istehsal edilmiş məhsulun 50 faizi ixrac olunub. Mingəçevir Sənaye Parkında istehsal gücü 20 min ton və dəyəri 85 milyon dollar olan 2 iplik fabriki 2018-ci ilin birinci rübündə istifadəyə verilib, 750 iş yeri açılıb.
Qeyri-neft sənayesinin inkişafı üzrə həyata keçirilən islahatların gözlənilən nəticələri nəzərə alınmaqla, sahə üzrə 2019-cu ildə 9,7 faiz, növbəti illərdə orta hesabla 5,8 faiz artım proqnozlaşdırılır.
Nazir söyləyib ki, aqrar sektora dövlət dəstəyi mexanizmlərinin dərinləşməsi və intensiv texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, aqroparklar, iri fermer və bağçılıq təsərrüfatları, müasir heyvandarlıq və istixana kompleksləri, quşçuluq fabriklərinin fəaliyyətə başlaması, meliorativ tədbirlər nəticəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi bu sahədə iqtisadi artıma təsir edən əsas amillərdəndir. Ümumilikdə, kənd təsərrüfatının inkişafı istiqamətində aparılan kompleks tədbirlərin nəticəsi olaraq cari ilin 9 ayında bu sahədə real artım 4,3 faiz təşkil edib.
Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. 15 aqropark üzrə dəyəri 566 milyon manat olan 27 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Qeyd edilənlər nəzərə alınaraq, aqrar sektor üzrə 2019-cu ildə 4,6 faiz, növbəti 3 ildə orta hesabla 4,5 faizdən çox artım gözlənilir.
İqtisadiyyat naziri deyib ki, qeyri-neft sektorunda xüsusi paya malik olan xidmətlər sektorunda 2019-cu və sonrakı illərdə orta hesabla 3,4 faiz artım proqnozlaşdırılır.
İnformasiya və rabitə sektorunda 2019-cu ildə 6,2 faiz, növbəti illərdə isə orta hesabla 7,1 faiz artım gözlənilir. 2018-ci ilin 9 ayında bu sektorda iqtisadi artım 7,7 faiz təşkil edib.
Görülən işlərin nəticəsi olaraq 2018-ci ilin 9 ayında nəqliyyat sektorunda 7,7 faiz real artımın qeydə alındığını deyən nazir bildirib ki, göstərilənlər nəzərə alınaraq 2019-cu ildə nəqliyyat sektorunda 5,2 faiz, sonrakı üç ildə isə orta hesabla 4,7 faiz artımın olacağı proqnozlaşdırılır.
Nazir vurğulayıb ki, dövlət başçısı tərəfindən sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı verilən qərarlar və görülən sistemli tədbirlər iqtisadiyyatın dayanıqlı inkişafı baxımından strateji xarakter daşıyır.
Büdcə layihəsinə Hesablama Palatası da rəy verib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə, investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını, bununla yanaşı, ÜDM-in cari il üzrə real artım tempinin 2,0 faiz səviyyəsində gözlənildiyini, həmçinin qarşıdakı ildə bu parametrin 3,6 faiz səviyyəsində nəzərdə tutulduğunu nəzərə alsaq, həm ilin sonuna qalan dövr, həm də növbəti il ərzində ÜDM-in daha sürətli artımının ehtimal olunduğu və proqnozlaşdırıldığı qənaətindəyik.
Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsinin araşdırılması yolu ilə növbəti ilin dövlət büdcəsinin icrasına təsir göstərə biləcək bir neçə risk amilini müəyyən edib. "İlk olaraq büdcə zərfinə dövlət büdcəsinin layihəsinin bir ssenari üzrə daxil edilməsini qeyd etmək istərdim. Qəbul edilmiş büdcə qaydasının, eyni zamanda, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasına xidmət etdiyini nəzərə alaraq, bu qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində dövlət büdcəsinin optimist, adi və pessimist ssenarilər üzrə tərtibi büdcə parametrlərinin necə dəyişəcəyini müşahidə etməyə, o cümlədən itkilərin minimuma endirilməsinə, gəlirlərin mobilizasiyasına, həmçinin xərclərin səmərəliliyinin və nəticəliliyinin artırılmasına şərait yaradar”, - deyə Hesablama Palatasının sədri bildirib.
Diqqətə çatdırılıb ki, rəydə, həmçinin idxal inflyasiyasının artımına təsir edəcək amillərin mövcudluğu, dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlə dəyərləndirilməsi, cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempindən 4,6 faiz bəndi çox olmaqla nəzərdə tutulması da dövlət büdcəsinin icrasına təsir göstərməyə qadir olan risklər kimi qeyd edilib.
Məlum olduğu kimi, cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub. Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlılığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir. 2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilən ilk büdcədir. Büdcə qaydasına uyğun olaraq, ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunub. Həmin hədd cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizdən çox olmaması ilə müəyyən edilib. Büdcə zərfində 2019-cu ilin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbəti 29,5 faiz olmaqla cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırıldığı göstərilib və buna əsaslanaraq büdcə qaydalarının tələbinə əməl edildiyi vurğulanmalıdır. Müvafiq metodikanın büdcə zərfinə daxil edilməməsi səbəbindən Hesablama Palatası beynəlxalq təcrübəyə əsaslanaraq 4 müxtəlif metodika üzrə həmin göstəricinin hesablanmasını həyata keçirərək rəyə bu barədə məlumatlar daxil edib.
Vüqar Gülməmmədov bildirib ki, dövlət büdcəsinin kəsiri 2019-cu ildə dövlət büdcəsinin xərclərinin strukturunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar xaricdən cəlb edilmiş kreditlər, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək. Ümumiyyətlə, kəsirin maliyyələşmə məbləğinin növbəti ildə dövlət büdcəsinin gəlir və xərc parametrlərinin gözlənilən icra göstəriciləri ilə müqayisəsi 2019-cu ilin dövlət büdcəsinin kəsirlə başaçatma ehtimalını minimallaşdırır.
“Dövlət borcu ilə bağlı ilk olaraq qeyd edim ki, 2019-cu ilin dövlət borcunun limit göstəriciləri “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun şəkildə proqnozlaşdırılıb”, - deyə sədr vurğulayıb.
Qeyd edilib ki, Hesablama Palatası müasir dövrdə fiskal risklərin nəzərə alınması baxımından ən yaxşı təcrübə olaraq müəyyən edilən göstəricilərə əsaslanaraq 5 metodoloji sənəd əsasında təhlil həyata keçirib, ümumilikdə, hər bir yanaşmada borc göstəricilərinin kritik hədd normalarından uzaq olduğu, ölkəmizdə borc dayanıqlılığının təmin edildiyi qənaətindədir.
“2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcəsi olaraq tərtib olunub və qeyd edildiyi kimi, ilk dəfə olaraq büdcə qaydaları nəzərə alınıb. Təqdim edilmiş rəy isə Hesablama Palatası haqqında yeni qanunun qüvvəyə mindiyi dövrdən hazırlanmış ilk rəydir. Bu baxımdan tərəfimizdən daha praktik yanaşmaların tətbiq edilməsinə, mümkün büdcə riskləri, vəsaitlərin icraçılar üzrə bölgüsü üzrə daha ətraflı məlumatların təqdim olunmasına çalışmışıq. Bu zaman beynəlxalq standart və təcrübələrdən də geniş istifadə etmişik”, - deyə Vüqar Gülməmmədov bildirib.
Vurğulanıb ki, növbəti il üçün dövlət büdcəsinin layihəsi, ümumilikdə, müəyyən edilmiş prioritet istiqamətlər üzrə tərtib olunmaqla Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına xidmət etmək məqsədi daşıyır və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təqdim edilib.
Müzakirələr zamanı
çıxış edən
deputatlar xeyli təkmil olan
2019-cu ilin dövlət büdcəsi layihəsi qanunvericiliyə
uyğun hazırlanıb.
Qeyd edilib ki, 2019-cu ildə də
dövlət büdcəsinin
sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin
rifah halının yaxşılaşdırılması və
sosial müdafiəsinin gücləndirilməsi ölkənin əsas
maliyyə sənədinin müsbət cəhətlərindəndir.
Deputatlar çıxışlarında bəzi təkliflər
də səsləndiriblər.
Müzakirələr noyabrın
14-də davam etdiriləcək
AZƏRTAC
Azərbaycan.-
2018.-14 noyabr.- S.1; 3.