Azərbaycan
Prezidenti İlham Əliyevin və Slovakiyanın Baş naziri
Peter Pelleqrininin geniş tərkibdə görüşü
Noyabrın 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya
Respublikasının Baş naziri Peter Pelleqrini ilə təkbətək
görüşü başa çatdıqdan sonra
danışıqlar geniş tərkibdə davam etdirilib.
AZƏRTAC xəbər verir ki,
görüşdə çıxış edən Azərbaycan
Prezidenti İlham ƏLİYEV
dedi:
- Hörmətli cənab Baş
nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz.
İndicə cənab Baş nazirlə ölkələrimiz
arasında olan münasibətlər, gələcək planlar
barədə çox önəmli və maraqlı söhbətimiz
oldu. Bizi ziyarət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Görüşdə dediyim kimi,
münasibətlərimizin tarixində bu, Slovakiyanın Baş
nazirinin ölkəmizə ilk səfəridir. Digər vacib
fakt ondan ibarətdir ki, Baş nazir təyin olunmasından
qısa müddət sonra Azərbaycanı ziyarət edir. Biz
bunu hörmət, tərəfdaşlıq və Azərbaycana
maraq əlaməti hesab edirik. Biz əməkdaşlığımızı
inkişaf etdirmək istəyirik. Biz tərəfdaşlığın
genişləndirilməsində böyük potensialı
görürük və əminəm ki, səfər zamanı
müzakirə olunan məsələlər gələcək
tərəfdaşlıq üçün möhkəm zəmin
yaradacaqdır.
İkitərəfli münasibətlərlə
bağlı çoxlu işlər görülməlidir.
Biznes dairələrinin bir araya toplaşması və gələcək
planları müzakirə etməsi də bizi məmnun edir.
Əlbəttə ki, biz siyasi, iqtisadi, nəqliyyat və digər
sahələrdə əməkdaşlığımızı
davam etdirəcəyik. Biz daşımalar sahəsində
potensialı müzakirə etdik.
Əməkdaşlığımızın
vacib hissəsi, həmçinin Azərbaycan-Avropa
İttifaqı münasibətləridir. Bu münasibətlər
yaxşı formadadır. Bu il biz "Tərəfdaşlıq
prioritetləri” sənədini parafladıq və Azərbaycan
ilə Avropa İttifaqı arasında bütün sahələri,
o cümlədən siyasi, iqtisadi, sosial, nəqliyyat, enerji sahələrini
əhatə edəcək yeni razılaşma üzrə
danışıqların fəal mərhələsindəyik.
Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa
İttifaqı tərəfindən çox mühüm tərəfdaş
hesab olunur. Bizim icra etdiyimiz layihələrin qitədə
böyük miqyası var. Buna görə, cənab Baş
nazir, əminəm ki, Sizin səfəriniz ölkələrimiz
arasında münasibətlərin sürətli
inkişafı üçün çox yaxşı imkanlar
yaradacaq. Mən Sizə uğurlu səfər arzu edirəm.
Slovakiyanın Baş naziri Peter PELLEQRİNİ dedi:
- Çox sağ olun, Zati-aliləri
cənab Prezident. Sizinlə bu gözəl məkanda şəxsən
görüşməkdən məmnunam. Bəli, Siz tamamilə
düz qeyd etdiniz, biz istərdik ki, səfərimiz münasibətlərimizin
daha dinamik şəkildə inkişafına xidmət etsin.
Slovakiya Respublikasının Baş
naziri Peter Pelleqrini nümayəndə heyəti üzvlərinin
Bakıda öz həmkarları ilə hökumətlərarası
komissiyanın yaradılması, iqtisadi sahədə müqavilə-hüquq
bazasının genişləndirilməsi ilə bağlı səmərəli
danışıqlar apardıqlarını bildirdi.
Görüşdə beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq,
investisiya, təhsil, turizm sahələrində əlaqələrin
perspektivləri müzakirə olundu. Söhbət zamanı
Slovakiyanın Azərbaycanda səfirliyinin
açılmasının ikitərəfli münasibətlərin
inkişafı baxımından əhəmiyyəti qeyd olundu.
* * *
Daha sonra Azərbaycan Prezidenti
İlham Əliyev və Slovakiyanın Baş naziri Peter
Pelleqrini işçi nahar etdilər.
Azərbaycan.- 2018.- 14 noyabr.- S.1.