Bakıda Azərbaycan-Slovakiya
biznes forumu keçirilib
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə noyabrın 13-də
Bakıda Azərbaycan-Slovakiya
biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Slovakiya rəsmiləri ilə yanaşı, sənaye, energetika,
İKT, maşınqayırma, kimya, qida, dəmir
yolları, səhiyyə
və s. sahələrdə
fəaliyyət göstərən
200-ə yaxın şirkətin
nümayəndələri iştirak
ediblər.
AZƏRTAC xəbər
verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev biznes forumun birbaşa danışıqlar
aparmaq və işgüzar dairələr
arasında əməkdaşlığın
perspektivli sahələrini
müəyyənləşdirmək üçün əlverişli
platforma olduğunu, tədbirin iş adamlarına konkret layihələrlə bağlı
müzakirələr aparmaq
üçün imkan
verəcəyini vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan
Avropa İttifaqı
(Aİ) ölkələri, o cümlədən Slovakiya
ilə əlaqələrin
inkişafına böyük
əhəmiyyət verir.
Bu gün Azərbaycan
və Avropa İttifaqı arasında geniş əməkdaşlıq
mövcuddur. Çoxsaylı işgüzar forumlar, tədbirlər, imzalanmış
sənədlər, Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində rolu və davam edən
birgə layihələr
uğurlu iqtisadi əməkdaşlığın nümunələridir.
Avropa İttifaqının
Azərbaycanın əsas
xarici ticarət tərəfdaşı olduğunu
deyən nazir bildirib ki, 2017-ci ildə Aİ-nin Azərbaycanın ticarət
dövriyyəsində payı
42 faiz (9,4 milyard dollar) təşkil edib və 2018-ci ilin 9 ayında 26 faiz artaraq 9 milyard dollardan çox olub.
Nazir Şahin Mustafayev diqqətə çatdırıb
ki, Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə
33 faiz artıb. Hazırda Azərbaycanda
xidmət, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə
Slovakiya sərmayəli
11 şirkət fəaliyyət
göstərir. Bununla
belə, ölkələrimiz
arasında qarşılıqlı
ticarət, iqtisadi və investisiya əməkdaşlığını daha da inkişaf
etdirmək imkanları
var. İqtisadiyyat naziri
Azərbaycan və Slovakiya arasında sənaye, energetika, kənd təsərrüfatı,
turizm, İKT və nəqliyyat sahələrində
əməkdaşlıq üçün
potensialı qeyd edib, hər iki ölkənin işgüzar dairələrini
əlverişli biznes mühitdən istifadə etməyə, Azərbaycan
və Slovakiya arasında ticari-iqtisadi əlaqələrin inkişafına
töhfə verəcək
qarşılıqlı faydalı
birgə layihələr
həyata keçirməyə
dəvət edib.
Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və beynəlxalq maliyyə institutlarının
hesabatlarında ölkəmizin
mövqeyinin yaxşılaşması
barədə də məlumat verib. Qeyd olunub
ki, Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir.
Cənubi Qafqazda ÜDM istehsalının
60 faizdən çoxu
Azərbaycanın payına
düşür. Azərbaycanı xarici investisiyalar üçün cəlbedici
edən xüsusiyyətlər
ölkənin tranzit potensialı, reallaşdırılan
regional layihələr, əlverişli
biznes mühiti və sairdir. Azərbaycanın uğurları beynəlxalq
maliyyə institutları
tərəfindən də
yüksək qiymətləndirilir.
Belə ki, Dünya Bankının
"Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə
arasında 25-ci yerdə
qərarlaşıb, 10 islahatçı
ölkədən biri
olub.
Slovakiya Respublikasının
Baş naziri Peter Pelleqrini Azərbaycana səfərindən məmnunluğunu
bildirib, biznes forumda çoxlu sayda iş adamının
iştirak etməsinin
əlaqələrin inkişafına
verilən önəmin
göstəricisi olduğunu
vurğulayıb. Bildirilib ki,
Azərbaycan qısa müddət ərzində
böyük inkişaf
yolu keçib, regionun önəmli ölkələrindəndir. Peter Pelleqrini Slovakiya iş adamlarının energetika, bərpa olunan enerji, maşınqayırma, kimya,
İKT və s. sahələrdə
əməkdaşlıqda maraqlı
olduğunu qeyd edib, biznes forumun
əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini deyib. Vurğulanıb ki, yaxın
zamanlarda Slovakiyanın
Azərbaycanda səfirliyinin
açılması, eləcə
də ölkələrimiz
arasında birgə Hökumətlərarası Komissiyanın
yaradılması nəzərdə
tutulur.
Sonra AZPROMO-nun rəhbəri
vəzifəsini icra edən Yusif Abdullayev, Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) rəhbəri
Tibor Buçek və SARİO-nun nümayəndəsi
Tomaş Şandor müvafiq olaraq Azərbaycanın və Slovakiyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış
ediblər.
Biznes forumda Slovakiya iş adamları fəaliyyətləri
barədə məlumat
verib, iş adamları arasında ikitərəfli görüşlər
keçirilib.
Azərbaycan.- 2018.- 14 noyabr.- S.4.