İçərişəhərlə
tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat
yaradıb
Azərbaycan Respublikasında rəsmi
səfərdə olan Slovakiya Respublikasının Baş naziri
Peter Pelleqrininin rəhbərlik etdiyi nümayəndə heyəti
noyabrın 13-də İçərişəhərlə
tanış olub.
AZƏRTAC xəbər verir ki,
Qız qalasından başlanan tanışlıq zamanı
qonaqlara Bakının rəmzlərindən biri sayılan abidənin
tarixi barədə məlumat verilib.
Bildirilib ki, eramızdan əvvəl
VII-VI əsrlərdə əsası qoyulmuş Qız
qalası XII əsrdə bərpa edilib.
Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə
silindr formalı əsl qaladan və cənub tərəfdən
ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli
bu abidənin qorunub saxlanması və mövcud görkəmdə
gələcək nəsillərə
çatdırılması üçün Prezident İlham
Əliyevin tapşırıqları əsasında
2009-2013-cü illərdə burada konservasiya işləri
aparılıb.
Qız qalasının
yaxınlığındakı Sıratağlı
dini-memarlıq kompleksinin ərazisindəki daş
ekspozisiyanın yenidən təşkili işləri
qonaqların böyük marağına səbəb olub.
Elektromobillə gəzinti zamanı
Baş nazirə və nümayəndə heyətinin üzvlərinə
UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil
edilmiş "İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və
bərpa işləri barədə məlumat verilib. Qeyd edilib
ki, İçərişəhər ərazisində müxtəlif
əsrlərə aid nadir tarixi memarlıq abidələri var və
bunlar dövlət tərəfindən qorunur.
Daha sonra qonaqlar orta əsr Şərq
memarlığının şah əsəri, dünya əhəmiyyətli
tarixi-memarlıq abidəsi olan Şirvanşahlar sarayı
kompleksi ilə tanış olublar.
Məlumat verilib ki, XV əsrin əvvəllərində
inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin
təpələrindən birinin ən hündür nöqtəsində
yerləşir. Abidə Xəzər dənizindən və
şəhərin ətrafındakı yüksəkliklərdən
aydın görünür. Kompleks bu günədək öz
tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
İçərişəhərlə
tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat
yaradıb.
Azərbaycan.- 2018.- 14 noyabr.- S.4.