Bakıda gənclər təşkilatlarının V
Respublika sərgisi açılıb
Gənclər və
İdman Nazirliyinin təşkilatçılığı ilə
noyabrın 13-də "Baku Crystal Hall”un Media Mərkəzində
100-dən çox gənclər təşkilatının təmsil
olunduğu V Respublika sərgisi açılıb.
AZƏRTAC xəbər
verir ki, sərginin açılışında Baş nazirin
müavini Əli Əhmədov, Prezident
Administrasiyasının gənclər siyasəti və idman məsələləri
şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər
və idman naziri Azad Rəhimov, eləcə də gənclər
təşkilatlarının nümayəndələri
iştirak ediblər.
Sərgi ilə
tanışlıq zamanı məlumat verilib ki, V Respublika sərgisində
gənclər təşkilatlarına özlərini təqdim
etmələri, nailiyyət və imkanlarını göstərmələri,
təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini
genişləndirmələri üçün əlverişli
şərait yaradılıb. Respublikamızdakı Gənclər
evlərinin də təmsil olunduğu sərgi çərçivəsində
gənclər üçün müxtəlif mövzularda təlimlər
və maarifləndirici tədbirlər də keçirilir.
Gənclər və
idman nazirinin müavini İntiqam Babayev sərgi ilə bağlı
jurnalistlərə açıqlamasında bildirib ki, belə tədbirlər
ölkəmizdə fəal gənclərin müəyyənləşdirilərək
üzə çıxarılması, onların bilik və
bacarıqlarının inkişafı baxımından
mühüm rol oynayır. Bugünkü sərgidə 11 Gənclər
evi və 85 gənclər təşkilatı iştirak edir ki,
bu da V Respublika sərgisinin miqyasının ildən-ilə
genişləndiyini göstərir. Ənənəyə əsasən,
sərgidə Azərbaycanın aparıcı gənclər təşkilatlarının
fəaliyyəti, dövlət gənclər siyasəti çərçivəsində
icra olunan proqramlar və qazanılan uğurlar nümayiş olunur.
Belə sərgilər fəal gənclərin işlərini
ictimaiyyətə geniş şəkildə çatdırmaq
baxımından da mühüm əhəmiyyət kəsb edir
və bu, tədbirin əsas hədəfidir.
Qeyd edək ki, sərgi
Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramının
5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının
fəaliyyətinin təşviq edilməsi, onların həyata
keçirdikləri layihə və tədbirlər haqqında
cəmiyyətin məlumatlandırılması və gənclərin
ictimai fəaliyyətə cəlb olunmalarının
stimullaşdırılması məqsədi ilə sərgilərin
təşkil edilməsi) icrası istiqamətində təşkil
olunub.
Azərbaycan.- 2018.- 14 noyabr.- S.5.