Səhiyyə Nazirliyi və “Regional İnkişafİctimai Birliyi Dünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirib

 

Noyabrın 13-də Dünya Diabetlə Mübarizə Günü ilə əlaqədar Tovuz, Qazax, Masallı və Lənkəran rayonlarının mərkəzi xəstəxanalarının poliklinikalarında "açıq qapı günükeçirilib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişafİctimai Birliyinin birgə təşkil etdiyi aksiya çərçivəsində həkim-endokrinoloqlar sakinləri diabet, onun risk amilləri, müalicəsi və fəsadları barədə məlumatlandırıb, müxtəlif maarifləndirici materiallar paylanıb. Həmçinin müraciət edənlərdən şəkərin təyini ilə bağlı analizlər götürülüb və nəticələrdən asılı olaraq lazımi tövsiyələr verilib.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Fondunun təşəbbüsü ilə 14 noyabr 1991-ci ildən Dünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul olunub. Proqram çərçivəsində şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər tədbirlər həyata keçirilir.

 

Azərbaycan.- 2018.- 14 noyabr.- S.7.